İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşkilatçılığı, Çin Kiçik və Orta Bizneslərin İnkişafına Dəstək Mərkəzi və “Beijing Blue Satellite Communication Technology Co., Ltd.” şirkətinin tərəfdaşlığı ilə “Süni intellekt həlləri ilə səhiyyədə rəqəmsal transformasiya: Azərbaycan–Çin təcrübə mübadiləsi” mövzusunda onlayn seminar keçirilib. Məqsəd süni intellekt (Sİ) texnologiyalarının səhiyyə sisteminə inteqrasiyası üzrə Çin təcrübəsinin öyrənilməsi, Azərbaycanın səhiyyə sektorunda tətbiq imkanlarının müzakirəsi və iki ölkə arasında bu sahədə əməkdaşlıq üçün platformanın yaradılmasıdır.
“İki sahil” xəbər verir ki, tədbirdə 30-a yaxın dövlət qurumu, o cümlədən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, həmçinin Azərbaycanın aparıcı elm və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı açılış nitqi ilə çıxış edərək bildirib ki, bu il Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında imzalanmış Birgə Bəyanatda rəqəmsal iqtisadiyyatın və sənayenin rəqəmsal transformasiyasının dəstəklənməsi xüsusi vurğulanıb. Digər tərəfdən, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” və hazırlanma prosesi davam edən 2027–2030-cu illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyası ölkəmizdə Sİ ekosisteminin formalaşdırılmasını, insan kapitalının gücləndirilməsini və süni intellekt texnologiyalarının sosial, iqtisadi və idarəetmə proseslərinə inteqrasiyasını nəzərdə tutur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bu istiqamətdə birgə layihələrin icrasını genişləndirməklə, xüsusən süni intellekt, ağıllı səhiyyə, teletibb və yaşıl texnologiyalar sahələrində təcrübə mübadiləsinə dəstək verir. Azərbaycanla Çin arasında keçirilən bu görüş də yeni əməkdaşlıqların qurulması, birgə layihələrə start verilməsi və qarşılıqlı etimadın daha da möhkəmlənməsi baxımından faydalı olacaq.
Sonra çıxış edən Çin Kiçik və Orta Bizneslərin İnkişafına Dəstək Mərkəzinin direktoru Yin Xiaomeng və digər rəsmi nümayəndələr Azərbaycanla Çin arasında innovasiya və süni intellekt sahəsində əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıb, bu istiqamətdə birgə təşəbbüslərin gələcək perspektivlərini dəyərləndiriblər.
“Beijing Blue Satellite Communication Technology Co., Ltd.” şirkətinin baş icraçı direktoru Lan Feng “Çin təcrübəsində süni intellekt əsaslı səhiyyə həlləri” mövzusunda təqdimatla çıxış edib. O, şirkətin teletibb və süni intellekt əsaslı rəqəmsal səhiyyə sahəsində tətbiq etdiyi texnoloji yeniliklər, o cümlədən ağıllı tibbi monitorinq, ilkin diaqnostika və tibbi görüntülərin avtomatlaşdırılmış təfsiri, hesabatların keyfiyyətinə nəzarət, erkən xəbərdarlıq mexanizmləri, habelə fövqəladə hallarda rabitə əlaqəsinin fasiləsiz təmin edilməsi üzrə həllər barədə məlumat verib.