Sumqayıt şəhərində 2025–2026-cı illərin payız-qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib.
“İki sahil” xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə keçirilən iclasda mövsümlə əlaqədar şəhər təsərrüfatında görülən işlər və qarşıda duran vəzifələr ətrafında geniş müzakirələr aparılıb.
İclasda çıxış edən şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, əhalinin payız-qış mövsümündə istilik, təbii qaz, elektrik enerjisi və içməli su ilə fasiləsiz təmin olunması, habelə kommunal xidmətlərin keyfiyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə şəhər təsərrüfatının bütün sahələrini əhatə edən tədbirlər planı hazırlanıb və mərhələli şəkildə icra olunur.
Bildirilib ki, son illər ərzində Sumqayıt şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində infrastruktur xeyli yenilənib, yeni kommunikasiya xətləri çəkilib, enerji və su təchizatı sistemlərinin dayanıqlığı artırılıb. Görülən tədbirlər nəticəsində şəhər əhalisinin fasiləsiz və keyfiyyətli enerji daşıyıcıları ilə təmin olunması üçün mühüm şərait yaradılıb.
İclasda qeyd olunub ki, hazırda mövsümə hazırlıq çərçivəsində yaşayış binalarının, sosial obyektlərin və təhsil müəssisələrinin istilik sistemlərinə baxışlar keçirilir, nasaz avadanlıqların təmiri və yenilənməsi istiqamətində işlər davam etdirilir. Həmçinin, “Azəriqaz”, “Azərişıq”, “Azərsu” və digər xidmət sahələri üzrə yerli struktur bölmələr tərəfindən nəzərdə tutulan təmir-bərpa tədbirləri plan üzrə icra olunur.
Müzakirələr zamanı əlaqədar qurumların rəhbərləri öz sahələri üzrə görülən işlər, qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər barədə məruzələrlə çıxış ediblər.
Şəhər rəhbəri iclasın yekununda əlaqədar təşkilatlara payız-qış mövsümünə hazırlığın qısa müddətdə və yüksək keyfiyyətlə başa çatdırılması, mövcud infrastrukturdan səmərəli istifadə olunması, eləcə də vətəndaşların müraciətlərinə çevik reaksiya verilməsi ilə bağlı tapşırıqlarını verib.
Qeyd edilib ki, şəhər təsərrüfatının bütün sahələrinin qarşılıqlı əlaqəsi təmin ediləcək, hər bir istiqamət üzrə nəzarət mexanizmləri gücləndiriləcək və payız-qış mövsümünə hazırlıq prosesi daim diqqət mərkəzində saxlanılacaq.
Həkimlərin və orta tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı layihələr hazırlanır
TƏBİB-in icraçı direktoru: Əksər rayonlarda həkim çatışmazlığı müşahidə olunur
TƏBİB: Gələn ilin sonuna regional çağrı mərkəzlərinin yaradılması prosesi yekunlaşacaq