Bu gün Bakıda Avrasiya Françayzinq Forumu çərçivəsində Azərbaycan və Qazaxıstan arasında ticarət razılaşmalarının olacağı gözlənilir.
“İki sahil” xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Françayzinq Assosiasiyası İdarə Heyətinin sədri Camid Mövsümov deyib.
O əvvəlcə bildirib ki, Avrasiya Françayzinq Forumu 2025-ci ilin 28 may tarixində yaradılmış Avrasiya Françayzinq İttifaqının ilk tədbiridir: "İttifaq çərçivəsində Azərbaycan, Qazaxıstan, Özbəkistan, Dubay və Rusiyadan olan şirkət və nümayəndələr yer alır.
Forumda Qazaxıstanın ticarət nazirinin müavini, "Gaztrade" şirkətinin icraçı direktoru iştirak edir. Bu şəxslərin iştirakı birbaşa ticarət razılaşmaları üçün nəzərdə tutulub".
C. Mövsümov vurğulayıb ki, tədbirdən əvvəl Azərbaycan və Qazaxıstan nümayəndələrinin görüşləri təşkil edilib:
"Bu görüşlər çərçivəsində tərəflər müəyyən razılıqlara nail olublar.
Qazaxıstanla Azərbaycan arasında dövlətlərarası razılaşmanın davamı olaraq Qazaxıstan dövlət nümayəndələri bu gün Avrasiya Françayzinq Forumunda yer alırlar.
Azərbaycan istehsallı məhsulların Qazaxıstan bazarına daha rahat çıxışı üçün dəstək olunması, eyni zamanda iki ölkə məhsullarının qarşılıqlı alış-verişin təşviq edilməsi əsas üstünlük verdiyimiz məqamlardandır".
Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin təqribən 500 milyon ABŞ dolları təşkil etdiyini vurğulayan Cavid Mövsümov qeyd edib ki, ölkə liderinin də bildirdiyi kimi, bu rəqəmi 1 milyard dollara çatdırılması hədəflənir: "Bu istiqamətdə Avrasiya Françayzinq Forumu öz töhfəsini verməyi hədəfləyir. Eyni zamanda Dubayın Françayzinq rəhbəri də bu gün foruma qatılıb. Həmçinin bu gün Özbəkistan şirkətləri də forumda öz məhsullarını təqdim edirlər.
Sözügedən ölkədən Azərbaycana böyük investisiya axınının olacağı gözlənilir. Eyni zaman da Rusiya bazarı da Azərbaycan üçün hər zaman xüsusi önəm kəsb edir. Hazırda Rusiyanın ən böyük restoran zəncirlərindən biri tədbirdə öz yerini alıb".