29 oktyabr 2025 22:11
108

ABŞ Rumıniyadakı hərbi kontingentini azaldır

Rumıniya Müdafiə Nazirliyi ABŞ-ın ölkədəki hərbi kontingentinin sayının azaldılması barədə qərarını gözlənilən addım kimi qiymətləndirib.

“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin bəyanatında qeyd edilir.

Bildirilir ki, ABŞ qüvvələrinin qlobal yerləşmə strategiyasının yenidən nəzərdən keçirilməsi çərçivəsində Avropadakı hərbi birləşmələrin bir hissəsinin rotasiyasına son verilməsi planlaşdırılır.

Nazirliyin məlumatına görə, bu qərar NATO-nun şərq cinahında yerləşən qüvvələrin ümumi strukturuna təsir göstərməyəcək. ABŞ hərbçilərinin bir hissəsi hazırda Rumıniyada yerləşən “Mihail Koqalniçeanu” aviabazasında xidmət aparır. NATO son illərdə şərq cinahında öz hərbi mövcudluğunu və fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirib ki, bu da ABŞ-a Avropadakı hərbi yerləşməsini dəyişmək imkanı verir.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin qərarına əsasən, Avropada rotasiyaya cəlb olunmuş briqadanın bir hissəsinin fəaliyyəti dayandırılacaq. Bununla belə, təxminən min amerikalı hərbçi Rumıniyada qalacaq və regionda təhlükəsizliyin təmin edilməsinə töhfə verməyə davam edəcək.