30 oktyabr 2025 10:06
199

Zəfərimizə sevinməyənlər

Azərbaycan xalqı tarixi Zəfər bayramına hazırlaşdığı və sevinc içərisində olduğu bu günlərdə radikal müxalifət çox bədbindir, kədər, qəm dəryasına qərq olub. Səbəbi aydındır. Çünki onlar qələbələrimizi həzm edə bilmirlər, iqtidarın uğurlarını istəmirlər və əldə olunan hər bir nailiyyətə kölgə salmaq əzmindədirlər.

Bu isə vətəndaş mövqeyi deyil, əsl nankorluqdur, nadanlıqdır. Çünki torpaq azadlığı, Vətən taleyi, insanların həyatı ortada olanda iqtidar-müxalifət anlayışı aradan qalxır. Səylər, qüvvələr bir məqsədə yönəlməlidir. Ancaq çox təəssüflər olsun ki, dildə xalq, torpaq, vətən deyə bülbül kimin ötən, yalan vədlərlə, böhtan bəyanatlarla insanları çaşdırmağa, qarşıdurmalar yaratmağa çalışan Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və bəzi radikalların əməllərində biz Vətən təəssübkeşliyini görmürük.

Vaxtilə siyasi qruplaşmalara, qarşıdurmalara rəvac verəcək erməni təcavüzkarları tərəfindən torpaqlarımızın işğalına, şəhər və kəndlərimizin viran edilməsinə şərait yaradan, hakimiyyətdə olduqları dövrdə Azərbaycanı çıxılmaz vəziyyətə salan bu insanlar döyüşlərin qızğın getdiyi 44 gündə, eləcə də 23 saatlıq antiterror tədbirləri zamanı ordumuzun, xalqımızın yanında olduqlarını bir an da  hiss etdirmədilər.

Gəncə, Bərdə, Tərtər, Ağcabədi və bir çox digər yaşayış məntəqələrimiz düşmən terroruna məruz qaldı, ermənilər müharibə qanunlarını ciddi qaydada pozub dinc sakinlərimizi qətlə yetirdilər, kənd, şəhərlərimizi gülləboran etdilər, ölkə infrastrukturuna ciddi ziyan vurdular və belə bir vəziyyətə AXCP və Müsavat liderləri bir dəfə də səslərini çıxarmadılar, öz havadarlarına, beynəlxalq təşkilatlara müraciət ünvanlamadılar.

Əslində onlar sevindilər. Ölkə daxilində təlaş, çaxnaşma yaranması arzusunda olanlar elə güman edirdilər ki, insanlar qorxudan yurd-yuvalarını tərk edəcək, paytaxta üz tutacaq və yerlərdə qarşıdurmalar yaranacaq, hərc-mərclik baş verəcəkdir. Ancaq gözlənilənlərin əksi oldu. Müsavat və AXCP-dən savayı bütün siyasi partiyalar bir araya gəldilər, düşmənə qarşı birgə mübarizəyə qoşulduqlarını nümayış etdirdilər, bir nəfər də öz evini, od-ocağını tərk etmədi.

Xalq, ordu, ictimaiyyət ölkə rəhbəri ətrafında sıx birləşdi. Hər kəs orduya əlindən gələn köməyi əsirgəmədi. 44 günlük müharibə, bir günlük antiterror tədbirləri məhz birlik, səfərbərlik sayəsində xalqımıza Qələbə qazandırdı. Ölkə vətəndaşları, siyasi partiyalar, bir çox dünya dövlətlərinin rəhbərləri, ictimai-siyasi xadimləri, Azərbaycanı möhtəşəm Qələbə münasibəti ilə təbrik etsələr də, sevinclərini bizimlə bölsələr də radikal müxalifət susdu, nəinki qələbəyə sevindilər, əksinə yas tutdular, uğurlara kölgə salmağa, igidlərimizin, ordumuzun şücaətini təhrif etməyə çalışdılar. Müharibə günlərində baş verən adi bir nöqsanı, kiminsə səhvini şişirtməyə cəhd göstərdilər.

İndi tarixi Qələbəmizdən beş ilə yaxın bir vaxt keçir. Torpaqlarımız azğın düşməndən tamamilə təmizlənmişdir. separatçıların       ayaqları torpaqlarımızdan tamamilə kəsilmişdir. Qarabağ və Şərqi Zəngəzur torpaqlarında möhtəşəm dinc quruculuq, bərpa, abadlıq tədbirləri həyata keçirilir. İnsanlar böyük sevinclə doğma ata-baba yurdlarına qayıdırlar. Xarici ölkələrin bir çox rəhbərləri, yüksək vəzifəli şəxslər, ictimai-siyasi xadimlər, jurnalistlər, sənət adamları işğaldan azad olunmuş ərazilərə səfərlər edir, görülən işlərə yüksək qiymət verirlər.

Vaxtilə işğal olunan torpaqlarda, kənd və şəhərlərdə bu gün beynəlxalq əhəmiyyətli tədbirlər, görüşlər, bayram şənlikləri keçirilir. Ancaq Əli Kərimli və ətrafında olanlar bundan kənardadırlar, “Milli Şura”, bu qurumda təmsil olunanlar millətin mövqeyindən deyil, düşmənlərin tərəfindən çıxış edir, onların tapşırıqlarını yerinə yetirir, aparılan sülh danışıqlarını yanlış təhlil edir, qonşu dövlətlərlə münasibətlərin yaxşılaşdırılmasını mənfi hal kimi qiymətləndirir, ziddiyətlərin, qarşıdurmaların kəskinləşməsinə tərəfdar olduqlarını bildirirlər.

Azərbaycan Prezidentinin sülh çağırışları, xarici ölkələrə səmərəli səfərləri, aparılan danışıqlar, keçirilən görüşlər faydasız adlandırılır, yanlış qələmə verilir. Əlbəttə, bu, xəyanətdir. Tək dövlət rəhbərinə deyil, xalqa qarşı xəyanətdir, iftiradır. Necə ola bilər ki, siravi bir dövlət qulluqçusunun, yaxud həkimin, məmurun xırda nöqsanını görüb onu şişirdib aləmə car çəkənlər bu qədər uğurları görmürlər? Kim deyir ki, ölkədə müəyyən çatışmazlıqlar yoxdur? Var. Bu çatışmazlıqların aradan qaldırılmasının da yolları var və bu istiqamətdə görülən tədbirlər göz önündədir. İşində saxtakarlıq edənlər əlbəttə, cəzalarını alırlar və alacaqlar.

Siyasəti, söz azadlığını təhqir, böhtan, şantaj vasitəsinə çevirmək əxlaqsızlıqdır. Təəssüflər olsun ki, radikal müxalifətin nümayəndələri bu vasitədən gen-bol istifadə edirlər. Deputatlar, dövlət məmurları, iqtidarın uğurlarını qiymətləndirənlər, alimlər, ziyalılar daim hədəfdədirlər. Kim hakimiyyətin yanındadırsa o xaindir, oğrudur, yaltaqdır təfəkkürü ilə insanlara yanaşanlar, qiymət verənlər, siyasəti söyüş, təhqir meydanına çevirənlər sözləri ilə özlərini alçaltdıqlarını, gözdən saldıqlarını yəqin ki, dərk etmirlər.

Bir nəfər hansısa səhvi edibsə, məsuliyyətsizliyə yol verirsə onun ailəsini, qardaş-bacısını, qohum-əqrəbasını, dost-tanışını, hətta məzarda uyuyanını söyüş obyektinə çevirmək xalqa sədaqət, siyasi yetkinlik, faktlara sağlam münasibətdirmi? Əsla belə deyil, bu, qorxaqlıqdır. Səhvi olan bir deputatın, məmurun, vəzifə sahibinin nöqsanlarını üzünə deməmək, bunu topluma şamil etmək siyasətdə oyunbazlıqdır, insanları alçaltmaq, riyakarlıq etməkdir.

Hər kəs öz adı ilə çağırılmalıdır, əməli qarşısına qoyulmalıdır, səhvi üzünə deyilməlidir. Deputatların, məmurların, iqtidar nümayəndələrinin, YAP üzvlərinin hamısını saxtakar, savadsız, xəyanətkar, xalqdan uzaq adlandırmaq boşboğazlıqdır, siyasi xalturadır, insanları üz-üzə qoymağa cəhddir.

AXCP-Müsavat cütlüyünün, bəzi müxalifət partiyalarının fəaliyyətində özünü qabarıq göstərən bu hallar, xaricdə oturub bu partiyaların, xarici havadarların tapşırıqlarını yerinə yetirən üzdəniraq soydaşlarımızın söyüş, təhqir, şantaj təbliğatı, ənənələri xalqımızın milli mənəviyyatına, əxlaqına tamamilə ziddir.

Təəssüf doğuran haldır ki, bu yaramaz əməllər, çağırışlar səngimək əvəzinə günbəgün artır. Bunun üçün çoxları məsuliyyətini anlamaq istəmir. Əlbəttə, bu, gələcək üçün yaxşı heç nə vəd etmir və edə bilməz. Adi bir həqiqət var, böyüklərinin, ailəsinin, özünün qədrini bilən kəs başqasının şəxsiyyətinə hörmətsizlik etməməlidir.

Ölkələr arasında münasibətlərdə hər hansı soyuqluq, fikir müxtəlifliyi, xırda narazılıqlar düşmənçılik deyil və Azərbaycan bu mövqeydən uzaqdır. Dövlətimizin yolu sülh, əmin-amanlıq, təhlükəsizlik, qarşılıqlı əməkdaşlıq, sağlam münasibətlərdir.

Radikal müxalifətçilər isə tamamilə bunun əksinədirlər. Bir neçə il bundan əvvəl “Milli Şura”nı, Ziyalılar İttifaqını Moskvada formalaşdıranlar, hakimiyyətə gəlmək üçün dəridən-qabıqdan çıxıb Rusiyaya üz tutanlar və bu gün də həmin dövlətdən kömək gözləyənlər və müəyyən təlimatlar alanlar, bir balaca imkan yaranan kimi Azərbaycan-Rusiya münasibətlərini kəskinləşdirməyə, aranı qarışdırmağa səy göstərirlər.

Bu, ölkədə ictimai-siyasi sabitliyi pozmaq istəyindən qaynaqlanır, xalqı aldatmağa xidmət edir. Əslində Rusiyaya olan mənfi münasibətin ifadəsi deyil, münasibətləri sərtləşdirmək, xalqlar arasında nifaq salmaqdır. “Rusiyanın adamı” ifadəsi AXCP və Müsavatın insanlara qara yaxmaq, gözdən salmaq üçün irəli sürdüyü və daim səsləndirdiyi tezisdir. Bu tezislə minlərlə insan təhqirə, söyüşə məruz qalır, ünvanına olmazın iftiralar söylənir. Ancaq dövlət kimin kim olduğunu, kimin  kimə xidmət etdiyini, hansı yolla getdiyini yaxşı bilir və lazım olanda tədbirlərini görür. Şaiyələr, şantajlar isə radikal müxalifətin özünə qalır və özü üçündür.

Son illər ölkədə siyasi partiyaları, qeyri-hökumət təşkilatlarının fəaliyyətlərin əlaqələndirilməsinə, fəaliyyətlərinin artırılmasına böyük önəm verilir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi vaxtaşırı olaraq partiyaların görüşlərini, işğaldan azad olunmuş ərazilərə səfərlərini istiqamətləndirir, əlamətdar günlər, beynəlxalq tədbirlər çərçivəsində onların birgə iştirakını təmin edir və siyasətçilərə lazimi dəstək verir. Məqsəd dövlətin inkişafı, xalqın rifahı naminə səyləri birləşdirmək, ölkəyə fayda verməkdir. Ancaq bu görüşlərdən, səfərlərdən, danışıqlardan AXCP və “Milli Şura” daim imtina edir və məsələlərə aqressiv mövqeydən yanaşırlar. Dildə milli birlikdən danışanlar əməldə bunun əksinə gedirlər. Bu, başadüşülən deyil.

Vəzifəsindən, siyasi mənsubiyyətindən, tutduğu mövqedən asılı olmayaraq hər bir vətəndaşın qəlbində bir Vətən sevgisi, torpaq təəssübkeşliyi, xalqa məhəbbət hissi olmalıdır. Bu sədaqət, məhəbbət vəzifə ilə olçülməməlidir, sözdə yox, əməldə həqiqətə çevrilməlidir. Xalqın, Vətənin naminə qazanılan qələbə hər kəsi sevindirməlidir, hər kəs uğurlarımızla fəxr etməli, qürur duymalıdır. Həm də bu uğurlara dəstək verməlidir, qiymətləndirməlidir.  

Çox təəssüflər olsun ki, biz bunu Əli kərimlilərin, Cəmil həsənlilərin və onların ətrafında olanların timsalında görmür, fəaliyyətlərində hiss etmirik. Özgələrinin kölgəsinə sığınan və xarici havadarlarından maddi və mənəvi dəstək alan bu adamlar uğurlarımızı görəndə bikef olurlar, sevinmək əvəzinə yas tuturlar. Zəfər bayramı ərəfəsində də  biz bunun şahidi oluruq. Çox heyf!

Biz tarixi Zəfəri birliyimizlə, həmrəyliyimizlə, canımızı qoyub qanımızı axıtmağımızla qazanmışıq. Belə bir gün də narazılıqları  kənara qoymalı, şəhidlərimizin ruhunu sevindirməli, qazilərimizə hörmətimizi ifadə etməli, qəhrəman oğul-qız böyüdən ata-analara sonsuz ehtiramımızı bildirməli, dövlətimizin rəhbərinin əməllərini, sülh, əmin-amanlıq, dostluq, əməkdaşlıq çağırışlarını alqışlamalı, qiymətləndirməli, bayramımızı bir yerdə qeyd etməklə dünyaya sarsılmaz birliyimizi bir daha nümayiş etdirməliyik.

Belə əziz gündə Vətənin, xalqın uğurlarına sevinməmək nankorluq yox, düşmənçilik olar. Azərbaycan xalqı da bunu yaxşı bilir və ona görə də Qələbəmizə kölgə salanlara haqlı olaraq yad kimi baxır və onların hay-küylərini əhəmiyyətsiz hesab edir.

Ancaq xalqımız ictimai-siyasi sabitliyin, birliyin tərəfdarıdır. Ölkənin gələcək inkişafı üçün həmrəylik vacibdir və hər bir siyasi partiya, vətəndaş bu yolda öz səylərini birləşdirməli, zəfərlərimizin sayının artırılmasına çalışmalıdır.

Tahir Rzayev,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri