Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bugünkü reallıq, bugünkü gün ədalətin təntənəsidir
“Bir neçə gündən sonra biz tarixi Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. 8 Noyabr - Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir. Beş il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səs salıb. Azərbaycan xalqı mərd xalqdır, qəhrəman xalqdır, iradəli xalqdır, öz torpağına bağlı olan xalqdır. Biz sübut etdik ki, işğalla barışmaq fikrində deyildik, halbuki bunu dəfələrlə bəyan etmişdik. Döyüş meydanında 300-dən çox şəhər, qəsəbə, kənd azad edildi və Ermənistan kapitulyasiya aktına imza ataraq təslim olmağa məcbur oldu.” Dövlət başçısı İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində bura köçən sakinlərlə görüşündə səsləndirdiyi bu fikirlərin davamı olaraq Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə bildirdi ki, biz düşməni torpaqlarımızdan qovmuşuq. İndi də doğma torpağımızda qurub-yaradırıq, şərait yaradırıq, binalar, məscidlər tikirik, tarixi abidələri bərpa edirik. Yəni, biz - bu torpaqların sahibləri qayıtmışıq və burada əbədi yaşayacağıq.
Azərbaycan xalqının yenilməzliyini, məğrurluğunu, torpağına sahib çıxan, bu yolda canında keçən xalq olduğunu dünyaya çatdıran tarixi Zəfərimizdən bizləri ayıran 5 illik zamanın tariximizə hansı uğurları, zəfərləri yazdığı bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bugünkü reallıq, bugünkü gün, o cümlədən ədalətin təntənəsidir. Ədalətə inanmaq və onu təmin etmək lazımdır. Bax, bizim xalqımız həm ədalətə inanıb, həm də onu təmin edib.
Ölkə Prezidenti hər zaman çıxışlarında bu reallığı da diqqətə çatdırır ki, Qarabağın işğalı dövründə də bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri biz özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır, heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır. Həyat və reallıq onu göstərir ki, hər şey bizim əlimizdədir. Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz.
Böyük səylərin, qətiyyətin nəticəsi olan şanlı Qələbəmiz hər zaman keçilən yola nəzər salmağı bir zərurət kimi qarşıya qoyur. Bu gün qürurla tariximizə qızıl hərflərlə yazılan 8 Noyabr-Zəfər Günündən, 20 Sentyabr-Dövlət Suverenliyi Günündən bəhs edirik. Bu bayramların tariximizə yazılması üçün Azərbaycan 30 illik işğal dövrünün ən ağır faciələrini yaşadı, dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə dayandı, lakin bu durum iradəmizi, sabaha inamımızı sındırmadı. Azərbaycan xalqı daim əmin idi ki, dövlətimizin qətiyyəti, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimiz nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, Qarabağımızda, Şərqi Zəngəzurumuzda Bayrağımız dalğalanacaq, soydaşlarımız bu torpaqlara qayıdıb onlara yeni həyat verəcək. Bu yol 30 il uzansa da nəhayət, beş il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz xalqımızın torpaq həsrətinə son qoydu, ədaləti bərpa etdi, dünya güclərinin 27 ildə icra edə bilmədikləri BMT Təhlükəsizlik Şurasının qətnamələri icra etdi. Bir daha sübut olundu ki, ədalət deyilən məfhum var, onun tətbiqi üçün vahid mexanizm olmalıdır. Təbii ki, bu da bütün dünya güclərindən ədalətli yanaşma tələb edir.
Tarixi Zəfərimizdən ötən beş ildə Azərbaycanın sadalamaqla bitməyən uğurlarından böyük qürur hissi keçiririk. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlığı, şücaəti nəticəsində 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdıq, ondan üç il sonra isə 2023-cü illin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Təqvimimizdə Zəfər və Dövlət Suverenliyi günləri ilə yanaşı, kədərli 27 Sentyabr - Anım Günü də vardı. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı 27 Sentyabr tarixi Anım Günü, Qələbəmizin əbədiləşdirilməsi məqsədilə Qarabağın tacı Şuşanın işğaldan azad edildiyi tarix - 8 Noyabr Zəfər Günü kimi təsis edildi. Bu tarix, eyni zamanda, Şuşa Şəhəri Günüdür. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı tariximizin Zəfər səhifələrini vərəqləmək və gələcək nəsillərə çatdırmaq üçün hər birimizə çağırışdır.
Şanlı Qələbəmizə qədər Azərbaycan hər bir sahədə böyük inkişaf yolu keçdi, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Bu Zəfər birliyimizin, həmrəyliyimizin təqdimatında öz sözünü dedi. Bu məqamı xüsusi qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra belə bir çağırışı etdi ki, müstəqilliyimizi və suverenliyimizi daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarından bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmək tələb olunur. Dünya azərbaycanlılarının birliyinin təmin edilməsi, diaspor quruculuğu dövlət siyasətimizin əsasına çevrildi. Son 22 ildə Prezident İlham Əliyev bu istiqamətdə də Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir, birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirir. İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” həm gücümüzün, həm də birliyimizin təqdimatı oldu. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Xalqımıza Qələbəni bəxş edən müzəffər ordumuzla fəxr edirik. Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirmək gücünə, qüdrətinə malikdir. Tarixi Zəfərimizə qədər 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı ordumuzun malik olduğu imkanların təqdimatı oldu. Bunların ardınca 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimiz, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi Azərbaycan Ordusunun dünyanın ən güclü ordusu olduğunu təsdiqlədi. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir, maddi-texniki təchizat, döyüş hazırlığı və döyüş ruhu baxımından tam üstünlüyə malikdir. Silahlı Qüvvələrimizin müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması, bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinə baxmayaraq Ordumuzun daha da gücləndirilməsi yeni dövrün Azərbaycanının əsas hədəfləri sırasındadır. Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən ilin fevralında keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində bu çağırışı etdi ki, növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı və müxtəlif vaxtlarda bu məsələ ilə bağlı öz sözlərimi demişdim. Demişdim ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir.
Bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Ordu quruculuğu prosesi davam etdir. Dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır.
Tarixi Zəfərdən ötən beş ilin uğurlarının miqyası ölçüyəgəlməzdir. Əsas hədəflərdən biri azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, ermənilər viran qoyub bizim dədə-baba torpaqlarımızı, biz isə qurub-yaradan xalqıq. Hazırda 6 şəhər, 2 qəsəbə, 20-dən artıq kənd sakinlərinə qovuşub. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından 6 gün sonra noyabrın 16-da Müzəffər Ali Baş Komandan İlham Əliyevin Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri ilə başlayan bərpa-quruculuq işlərinin miqyası bu gün olduqca genişdir. Bunun üçün cənab İlham Əliyevin azad edilmiş ərazilərimizə səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir. Hər bir əraziyə 10-dan, 20-dən artıq səfər edilib. Onların ümumilikdə sayını nəzərə alsaq böyük quruculuq işlərinin aydın mənzərəsini təqdim edə bilərik. Təkcə cari il çərçivəsində görülən işlərə, bu ərazilərimizin ev sahibliyi etdikləri tədbirlərə diqqət yetirsək görülən işlərin miqyasının nə qədər böyük olduğunu görərik. Qeyd etdiyimiz kimi, bərpa-quruculuq işlərində infrastruktur layihələrinin icrası prioritetdir. Bu il sayca üçüncü-Laçın Beynəlxalq Hava Limanı istifadəyə verildi. 28 May Müstəqillik Gününə təsadüf edən bu açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri iştirak etdilər. Həmin gün Laçında Müstəqillik Gününə həsr olunan tədbir keçirildi, Azərbaycan, Türkiyə və Pakistan liderləri bayram tədbirində iştirak etdilər. Həmçinin həmin gün üç qardaş ölkənin liderlərinin Zirvə görüşü keçirildi.
Azad edilmiş ərazilərimiz müasir tələblər səviyyəsində yenidən qurulur, mərhələ-mərhələ sakinlərinə qovuşurlar. Bu il sakinlərinə qarşılayan şəhər Kəlbəcərdir. Avqustun 21-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşdülər. Dövlətimizin başçısı görüşdə çıxış edərək bildirdi ki, birinci mərhələdə Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq.
Cari ildə neçə-neçə rayonun kəndləri sakinlərinə qovuşub. Qeyd edək ki, ilin əvvəlinin statistikasına əsasən 10 yaşayış məntəqəsi sakinlərinə qovuşmuşdu. Artıq bu gün onların sayı 20-dən artıqdır. Onu da qeyd edək ki, bu il ilk sakinlərini qarşılayan ərazilərimizlə yanaşı, mərhələ-mərhələ soydaşlarımızın qayıtdığı ünvanlar da az olmadı. Bu, dövlətimizin iqtisadi qüdrətinin təqdimatıdır.
Bu günlərdə, oktyabrın 15-də Xankəndi şəhəri Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi etdi. Dövlət başçısı İlham Əliyevin Forum iştirakçılarına müraciətində qeyd etdiyi kimi, Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun Xankəndi şəhərində keçirilməsi xüsusi məna daşıyır. Uzun illər işğal altında qalmış bu şəhər bu gün sülhün, bərpanın və dirçəlişin rəmzidir. Xankəndidə icra olunan infrastruktur layihələri şəhərin müasir, ağıllı və innovativ şəhər konsepsiyasına uyğun inkişafını təmin edir. Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır.
Qısa təhlil əsasında belə bir ümumiləşdirməni apara bilərik ki, Azərbaycan tarixi Zəfərimizin reallıqları fonunda sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi mövqeyini daha da möhkəmləndirir. İşğaldan azad edilmiş ərazilərimizin ev sahibliyi etdiyi tədbirlər Zəfərimizin və suverenliyimizin bərpasının təsdiqi, onun yaratdığı reallıqlara beynəlxalq dəstəyin ifadəsidir. Son beş il 30 illik işğal dövrünün reallıqlarına baxış, qarşıdakı dövrün hədəflərinin təqdimatıdır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi il ərzində bütün sahələrdə Azərbaycanın uğurlarını şərtləndirən amillərin, qarşıdakı dövrün çağırışlarının təhlilinə geniş imkanlar yaratdı. Sərəncamda qeyd olunduğu kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. Müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün acınacaqlı dövr olsa da 1993-cü ildən başlanan Heydər Əliyev yolu ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasını şərtləndirdi. Bu gün artıq yeni dövrün Azərbaycanının uğurlarından, hədəflərindən bəhs edirik.
Yeganə Əliyeva, “İki sahil”