Ölkə fermerləri bu il hansı uğurlara nail olublar?
Bu gün bəşəriyyəti narahat edən təhlükələrdən biri də gözlənilən ümumdünya ərzaq qıtlığıdır. Artıq bu narahatlıq beynəlxalq təşkilatların hesabatlarında da davamlı olaraq müşahidə edilir. Məhz bu səbəbdən də indi hər bir ölkə öz ərzaq təhlükəsizliyi üçün önəmli addımlar atmağa çalışır.
Xüsusilə indi kənd təsərrüfatının strateji əhəmiyyətliliyi hər gün daha qabarıq görünür. Yəni, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarın mühüm növ kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, eləcə də ixrac potensialının artırılması məqsədilə əkin sahələri ilbəil genişləndirilir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ildə ölkədə bol məhsulun təməli üçün bütün təsərrüfat kateqoriyaları üzrə 1 milyon 490 min hektardan çox sahədə əkin aparılıb. Əkin sahələrinin 939 min 130 hektarı payızlıq və yazlıq dənli-paxlalı bitkilərin, 34 min 237,4 hektarı dən üçün qarğıdalının, 100 min 468 hektarı pambığın və 13 min 408 hektarı dən üçün günəbaxan və sairənin payına düşüb. Komitənin məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 11 milyard 359,8 milyon manat təşkil edib. Bunun da 5 milyard 951,8 milyon manatı bitkiçilik, 5 milyard 408 milyon manatı isə heyvandarlıq məhsullarının payına düşüb.
Azərbaycan dövlətinin aqrar sektorun inkişafına verdiyi dəstək də fermerlərin daha çox məhsul əldə eməsinə hesablanıb. Təkcə onu qeyd etmək kifayətdir ki, son 20 ilə yaxın dövr ərzində ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı iki dəfəyə yaxın artıb.
Artıq cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə 1 milyon 60 min hektardan çox sahədə məhsul yığımı həyata keçirilib. Həmin sahələrdən 6 milyon 326 min tona yaxın məhsul tədarük edilib. Əkin sahələrində həyata keçirilən aqrotexniki tədbirlər sayəsində zəmilərdə bol məhsul yetişdirilib. Oktyabrın 1-dək payızlıq və yazlıq dənli-paxlalı bitkilər (qarğıdalısız) əkilmiş sahələrin 928 min 636,4 hektarında biçin aparılıb. Bunun da nəticəsində mövsüm ərzində ölkə üzrə 2 milyon 982 min 43 ton məhsul yığılıb.
Bu sahədə ən yüksək məhsuldarlıq Mil-Muğan və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb. Ölkə üzrə bu sahədə ən yüksək göstərici isə Şirvan-Salyan iqtisadi rayonuna daxil olan Hacıqabul rayonunun payına düşüb (51,4 ton). Bu isə respublika üzrə ümumi göstəricidən 19,3 ton çoxdur.
Son illər ölkədə kartof əkininə xüsusi marağın göstərilməsi bu məhsulun istehsalının artmasına səbəb olub. Bu da daxili bazarın idxaldan asılılığının minimuma endirilməsi ilə nəticələnib. Cari ilin yanvar-sentyabr aylarında sahələrdən 760 min 441 ton kartof yığılıb. Hektarın məhsuldarlığı 196,3 sentner təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövründəkindən bir qədər çoxdur.
Hesabat dövründə bu göstərici üzrə ən yüksək nəticə isə Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. Bununla yanaşı, Qazax-Tovuz və Lənkəran-Astara iqtisadi rayonlarının fermerləri də sahələrdən bol məhsul əldə ediblər. Ölkənin rayonları üzrə bu sahədə ən yüksək göstəriciyə isə Qazax, Ağstafa, Tovuz, Şərur (302,5 sentner) və Cəlilabad fermerləri imza atıblar.
Bundan başqa tərəvəzçilikdə də artımlar qeydə alınıb. Cari ilin 9 ayında 54 min 40 hektar sahədə yığım həyata keçirən fermerlər 1 milyon 420 min 624 ton məhsul tədarük ediblər. Hesabat dövründə tərəvəzçilikdə hektarın məhsuldarlığı 262,2 sentner təşkil edib. Ən yüksək göstərici Qazax-Tovuz (385 min 388 ton) və Qarabağ (207 min 418 ton) iqtisadi rayonlarında olub.
Cari ilin 9 ayında ölkənin meyvə və giləmeyvə bağlarından 510 min 525,2 ton məhsul yığılıb. İqtisadi rayonlar üzrə bu sahədə ən yüksək göstəricilərə isə Quba-Xaçmaz və Qazax-Tovuz iqtisadi rayonlarının təsərrüfat sahibləri imza atıblar. Bu il ölkənin üzüm bağlarında da bol məhsul yetişdirilib. Yanvar-sentyabr aylarında bağlardan 62 min 273 min ton məhsul yığılıb.
Azərbaycanın çayçılıq təsərrüfatlarının cəmləşdiyi Lənkəran-Astara və Şəki-Zaqatala iqtisadi rayonları üzrə mövcud 947,8 hektar sahədən ilin 9 ayında 876,2 ton yaşıl çay yarpağı yığılıb. Bunun da 850,2 tonu Lənkəran-Astara iqtisadi rayonunun payına düşüb.
Bu il strateji məhsul sayılan pambıq yığımına bir qədər gec başlanılsa oktyabrın 1-dək tarlalardan 23,2 min ton “ağ qızıl” toplanaraq tədarük məntəqələrinə təhvil verilib. Hazırda yığımın qızğın çağıdır. Sahələrdə bol pambıq yetişdirməyə nail olan fermerlər məhsulu son qozasınadək yığmaq əzmindədirlər. Son günlərin əlverişli hava şəraiti isə onları bu məqsədə daha da yaxınlaşdırır.
Elçin Zaman, «İki sahil»
Agentliyin rəhbər heyəti Müstəqil Dövlətlər Birliyinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının iclasında iştirak edib
Yanacaq və qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi ictimai dinləmə və müzakirədə ...
Agentlikdə “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin nümayəndələri ilə görüş keçirilib
SOCAR və "Qazprom" qarşılıqlı fəaliyyətin mümkün istiqamətlərini müzakirə edib