Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinləri ilə görüşündə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığına diqqət çəkib, bununla bağlı maraqlı fikirlər səsləndirib. Müzəffər Ali Baş Komandan bildirib ki, 8 Noyabr zəfəri Azərbaycan tarixinin ən parlaq səhifəsidir.
“İki sahil” xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov bildirib ki, 8 Noyabr zəfəri yalnız hərb tariximizdə deyil, bütövlükdə dövlətçilik tariximizdə ən unikal hadisədir:
“8 Noyabr zəfəri xalqımızın həyatında mühüm yer tutan, dövlətimizin və dövlətçiliyimizin yalnız bugününə deyil, həm də gələcəyinə bilavasitə təsir göstərən böyük bir zəfər, misilsiz bir qələbədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin cəmi 44 gün içərisində əldə etdiyi bu tarixi zəfər ərazi bütövlüyümüzlə yanaşı, həm də milli-mənəvi dəyərlər sistemimizi, xalqımızın özünə, öz gücünə və qəhrəmanlığına olan inamını hifz etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgər və zabitinin əldə etdiyi bu qələbə göstərdi ki, Azərbaycan yalnız Ermənistana deyil, ona dəstək verən, onun işğalçılıq siyasətini təqdir edən bütün anti-Azərbaycan qüvvələrinə qalib gəlməyə, bu şər ittifaqını darmadağın etməyə qadirdir.
Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Horovlu kəndində sakinləri ilə görüşündə 8 Noyabr zəfərini Azərbaycan tarixinin ən parlaq səhifəsi adlandırması da bu böyük qələbənin zamana sığmayan önəmindən xəbər verir.
Qarşıdan böyük zəfərin 5-ci ildönümü yaxınlaşır. Bu əlamətdar gün münasibətilə bütün xalqımızı təbrik edir, şəhid və qazilərimizin qarşısında hörmətlə baş əyir, böyük sərkərdəmiz Prezident İlham Əliyevə bütün veteranlar adından öz dərin təşəkkürümüzü bildirirəm. Əminliklə vurğulayıram ki, veteranlarımız bugünə qədər olduğu kimi bundan sonra da dövlətimizin və Prezidentimizin ətrafında sıx birləşməkdə davam edəcək, bütün anti-milli, anti-Azərbaycan qüvvələrinin hər bir təxribatına layiqincə cavab verəcək”.