Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında əməkdaşlıq getdikcə daha sürətlə genişlənir, inkişaf edir və möhkəmlənir. Dünya nizamında qüvvələr balansının yenidən qurulduğu, yeni güc mərkəzlərinin meydana çıxdığı və regional ittifaqların beynəlxalq sistemdə artan təsir imkanları ilə səciyyələnən dövrümüzdə TDT-nin varlığı və getdikcə daha da güclənməsi son dərəcə əhəmiyyətli faktordur. Təşkilatın qurulmasında, güc mərkəzinə çevrilməsində bu quruma üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərinə malik Azərbaycanın tarixi rolu çox böyükdür. Bu da beynəlxalq arenada öz təsir dairəsini genişləndiən ölkəmizin xarici siyasət prioritetlərindən irəli gəlir. Bir sözlə, Azərbaycan türk dövlətləri ilə əlaqələrini ən yüksək formada inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.
Dövlətimizin başçısı İlham Əliyev 2024-cü il fevralın 7-də keçirilmiş Prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində demişdir: "Bizim üçün Türk Dövlətləri Təşkilatı əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır".
Qeyd edək ki, ailəmiz, yəni TDT də öz imkanlarını ölkəmizdən əsirgəməyib. Bu təşkilat Azərbaycanın keçmiş münaqişə ilə bağlı haqlı, ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, torpaqlarımız uzun illər işğal altında olanda TDT həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlarda Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini ifadə edib. Vətən müharibəsi dövründə təşkilatın katibliyi Ermənistan tərəfindən həyata keçirilən təxribatlarla bağlı mütəmadi olaraq bəyanatlar verib. Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər isə ümumən Türk dünyasının zəfəri kimi qəbul edilib.
Hazırda azad edilmiş bütün ərazilərimizdə dünyanı heyrətə gətirəcək geniş quruculuq, bərpa işləri davam etdirilir. İkinci Qarabağ müharibəsindən keçən beş il ərzində quruculuq işləri göz qabağındadır. Artıq işğaldan azad edilmiş ərazilərimiz milli ruhun sayəsində gülüstana çevrilməkdədir. Şübhəsiz, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri həm də Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını və icra imkanlarını nümayiş etdirir.
Keçmiş köçkünlər Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində mərhələ-mərhələ öz doğma yurd-yuvalarına qayıtmaqdadırlar. Bu gün Böyük Qayıdış Proqramı çərçivəsində artıq 60 minə yaxın insan bu ərazilərdə yaşayır, işləyir və təhsil alır. TDT-yə üzv dövlətlər də Qarabağın və Şərqi Zəngəzurun bərpasına öz yardımlarını əsirgəmirlər. Elə Füzulidə Mirzə Uluqbəy adına məktəbin, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Ağdamda Manas adına məktəbin artıq fəaliyyətdə olması buna sübutdur. Yeri gəlmişkən, Prezident İlham Əliyev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə onları özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsi kimi dəyərləndirib: “Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Şübhəsiz, Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq”. İşğaldan azad olunan rayonlarımızın yenidən qurulmasında verilən qardaş dəstəyi həm də bu birliyin əyani təzahürü, göstəricisidir. Bu mənada həyata keçirilən bu layihələri mənəvi birliyin, qarşılıqlı etimadın və sarsılmaz qardaşlığın rəmzi kimi dəyərləndirmək olar.
Qvami Məhəbbətoğlu, “İki sahil”
Orta Dəhliz və Trans-Xəzər nəqliyyat marşrutları gələcək perspektivdən xəbər verir