28 oktyabr 2025 16:20
166

IRENA-nın baş direktoru: Dayanıqlı bioyanacaqlar COP30-un əsas mövzularından biri olacaq

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera bu il Braziliyanın Belem şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə 30-cu Tərəflər Konfransı — COP30-da dayanıqlı bioyanacaq istifadə hədəfləri və enerji keçidinin sosial aspektlərinin diqqət mərkəzində olacağını bildirib.

“İki sahil” “Reuters” agentliyinə istinadla xəbər verir ki, noyabrın 10-21 tarixlərində keçiriləcək COP30 çərçivəsində ölkələr yenilənmiş milli iqlim öhdəliklərini təqdim etməli və əvvəlki sammitlərdə razılaşdırılmış bərpaolunan enerji hədəfləri üzrə irəliləyişləri qiymətləndirməlidirlər.

La Kamera yekun bəyannamədə hədəfə çevrilə biləcək bioyanacaq öhdəliyini gözləyir. O qeyd edib ki, yekun bəyanatda isə 2035-ci ilədək bioyanacaq istehsalının dörd dəfə artırılması və ya enerji balansında davamlı aviasiya yanacağının payı ilə bağlı konkret hədəf yer ala bilər. O bildirib ki, IRENA COP30 üçün bioyanacaq hesabatı hazırlayıb və bioyanacaq istehsalını təşviq etmək üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatı ilə razılaşma imzalayıb. Onun sözlərinə görə, konfransda icmaların bərpaolunan enerji layihələrində necə iştirak edə biləcəyi müzakirə olunacaq.

IRENA-nın hesablamalarına əsasən, 2030-cu ilədək qlobal bərpaolunan enerji hədəfi əvvəlkindən daha əlçatan görünür. Hazırda 11,2 teravatlıq məqsədə çatmaq üçün proqnozlaşdırılan çatışmazlıq 0,9 teravat səviyyəsindədir ki, bu da ötən ilki 1,49 teravat proqnozundan azdır.

Xatırladaq ki, 2023-cü ildə Dubayda keçirilən COP28 iqlim sammitində 100-dən çox ölkə qlobal iqlim hədəflərinə çatmaq səylərinin bir hissəsi olaraq 2030-cu ilə qədər bərpaolunan enerji tutumunu üçqat artırmaq barədə razılığa gəlib. IRENA-nın bu ay dərc etdiyi hesabata görə, hədəfə 2030-cu ilə qədər çatmaq üçün 2025–2030-cu illərdə illik artım tempi 16,6 faiz təşkil etməlidir.