27 oktyabr 2025 18:50
202

Məktəbdənkənar fəaliyyətlərdə yumşaq bacarıqların ötürülməsi

Müasir dövrdə təhsilin məqsədi yalnız bilik və bacarıqların ötürülməsi ilə məhdudlaşmır. Təhsil cəmiyyətin sosial və iqtisadi inkişafına yönəlmiş insan kapitalının formalaşmasında əsas amilə çevrilmişdir. Bu baxımdan təhsil sisteminin tərkib hissəsi olan məktəbdənkənar fəaliyyətlər uşaqların sosiallaşması, emosional zəkanın inkişafı və şəxsiyyətin formalaşması prosesində mühüm rol oynayır.

Ümummilli Lider Heydər Əliyevin dediyi kimi: “Gənclərin milli ruhda, müasir düşüncə ilə tərbiyəsi dövlətin gələcəyinə qoyulan ən böyük sərmayədir”. Bu kəlam bu gün təhsil siyasətinin ideya bazasını təşkil edir və uşaqların məktəbdənkənar mühitdə öyrənmə və inkişaf imkanlarının artırılmasını strateji zərurət kimi aktuallaşdırır.

Qlobal trendlər göstərir ki, gələcəyin uğurlu fərdi təkcə elmi biliyə deyil, həm də yumşaq bacarıqların (soft skills) — ünsiyyət, əməkdaşlıq, tənqidi düşünmə, yaradıcılıq, emosional sabitlik və liderlik qabiliyyətlərinin yüksək səviyyədə formalaşmasına malik olmalıdır. Bu bacarıqların erkən yaşlardan inkişafı ümumi təhsil qədər məktəbdənkənar fəaliyyətlərin sistemli təşkili ilə də bilavasitə əlaqədardır.

Yumşaq bacarıqlar fərdin sosial adaptasiyasını, emosional sabitliyini, problem həlletmə qabiliyyətini və əməkdaşlıq meylini formalaşdıran kompleks davranış və psixoloji keyfiyyətlər toplusudur. Təhsil psixologiyasına görə, insanın sosial davranışları əsasən qarşılıqlı fəaliyyət və müşahidə yolu ilə formalaşır. Bu mənada məktəbdənkənar fəaliyyətlər uşaqlara formal tədrisdən fərqli olaraq təcrübəyə əsaslanan sosial öyrənmə imkanı yaradır. Elmi araşdırmalar göstərir ki, sosial qarşılıqlı əlaqələrə əsaslanan fəaliyyətlər uşaqların şəxsiyyət inkişafına bilavasitə təsir edir. Belə fəaliyyətlərdə iştirak edən uşaqların məktəbə bağlılıq hissi, empatik davranış meyli və ictimai məsuliyyət səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlir.

Dünyada yumşaq bacarıqların ötürülməsi sahəsində aparıcı ölkələrin təcrübəsi göstərir ki, məktəbdənkənar fəaliyyətlər dövlət təhsil siyasətinin ayrılmaz hissəsinə çevrilməlidir. OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələri tərəfindən aparılan tədqiqat məktəbdənkənar fəaliyyətlərin şagirdlərin sosial bacarıqları və şəxsiyyət inkişafına təsirini öyrənmişdir. Araşdırmanın nəticələrinə əsasən, belə fəaliyyətlərə qatılan şagirdlər komanda işi və liderlik sahəsində daha yüksək nəticələr göstərirlər. OECD-in məlumatına görə, məktəbdənkənar tədbirlərdə iştirak edən təhsilalanların 73%-i komanda işi bacarıqlarında əhəmiyyətli irəliləyiş nümayiş etdirir, 68%-i isə liderlik qabiliyyətlərini inkişaf etdirir. Bu bacarıqlar gələcəkdə onların əmək bazarında rəqabət üstünlüyünü artırır və iş mühitində tələb olunan vacib sosial keyfiyyətləri formalaşdırır. Beləliklə, tədqiqat göstərir ki, məktəbdənkənar fəaliyyətlər təhsilalanların təkcə akademik deyil, həm də sosial və peşəkar inkişafında mühüm rol oynayır.

BMBF (Almaniya Federal Təhsil və Tədqiqat Nazirliyi) tərəfindən həyata keçirilən geniş tədqiqatlar sübut edir ki, məktəbdənkənar fəaliyyətlər şagirdlərin elmi marağını artırmaqla yanaşı, onların analitik düşünmə bacarığını və komanda işində fəallığını gücləndirir. Statistik göstəricilərə əsasən, bu fəaliyyətlərə qatılan təhsilalanların 85%-i elmi fənlərə qarşı daha güclü maraq nümayiş etdirir, 78%-i analitik düşünmə qabiliyyətində irəliləyiş qeyd edir, 82%-i isə komanda işində daha fəal mövqe tutur. Bu nəticələr məktəbdənkənar fəaliyyətlərin həm akademik, həm də sosial bacarıqların formalaşmasında mühüm rol oynadığını təsdiqləyir.

Bununla yanaşı, Afterschool Alliance Study (ABŞ, 2022) adlı araşdırma göstərir ki, məktəbdənkənar proqramlarda iştirak edən şagirdlərin 79%-i akademik sahədə müsbət nəticələr əldə edir. Ontario Ministry of Education Study (Kanada, 2021) isə Ontario əyalətində aparılan analizlər nəticəsində müəyyən edib ki, belə fəaliyyətlərdə iştirak edən şagirdlərin 87%-ində təhsil motivasiyası, 82%-ində isə sosial bacarıqlar əhəmiyyətli dərəcədə yüksəlmişdir.

Education Endowment Foundation Report (Böyük Britaniya, 2020) məlumatına əsasən, məktəbdənkənar fəaliyyətlərdə həftədə iki dəfə iştirak edən şagirdlərin akademik göstəriciləri 20% artmışdır. “Finnish Institute for Educational Research” tərəfindən Finlandiyada 2023-cü ildə aparılan tədqiqat isə göstərir ki, bu fəaliyyətlər təhsil motivasiyasına və psixososial rifaha əhəmiyyətli təsir göstərir — iştirakçıların 92%-i daha yüksək motivasiya və rifah səviyyəsinə malik olmuşdur.

Bundan əlavə, Japanese Education Policy Study (Yaponiya, 2023) araşdırması idman fəaliyyətlərində iştirak edən şagirdlərin 78%-ində stress səviyyəsinin azaldığını və özünəinamın artdığını müəyyən etmişdir.

Məktəbdənkənar fəaliyyətlər mahiyyət etibarilə uşağın sosial-mədəni inkişaf mühitinə daxil olma prosesidir. Bu fəaliyyətlərin məqsədi yalnız istedadı və yaradıcılığı üzə çıxarmaq deyil, həm də şəxsiyyətin sosial və emosional tənzimlənməsini təmin etmək, liderlik və komanda bacarıqlarını inkişaf etdirmək, təlim motivasiyasını artırmaq, məsuliyyət və empati hissini gücləndirməkdir. Bu kontekstdə məktəbdənkənar fəaliyyətlərin ənənəvi “dərsdən sonrakı məşğuliyyətlər” anlayışından çıxarılaraq sosial öyrənmə mühiti kimi yenidən konseptuallaşdırılması zəruridir. Finlandiyada “Hobby Path” proqramı vasitəsilə hər bir şagirdin maraq və potensialına uyğun fərdi fəaliyyət trayektoriyası müəyyənləşdirilir. Bu model sosial bərabərlik prinsipinə əsaslanır və inklüziv inkişafı təmin edir. Sinqapurda “Co-Curricular Activities (CCA)” sistemi rəsmi qiymətləndirməyə inteqrasiya edilib. Şagirdin liderlik və sosial fəaliyyət göstəriciləri universitet qəbulunda və gələcək karyera planlaşdırmasında nəzərə alınır. Kanadada “Youth Development Through Community Engagement” modeli çərçivəsində məktəbdənkənar layihələrdə iştirak edən gənclərdə sosial məsuliyyət hissinin 38%, adaptasiya bacarığının isə 41% artdığı müəyyən edilmişdir. İslandiya təcrübəsi isə məktəbdənkənar fəaliyyətlərin gənclərin psixososial rifahını qorumaq və asılılıq risklərini azaltmaq baxımından önəmini təsdiq edir. Bu nümunələr göstərir ki, yumşaq bacarıqların tədrisi yalnız metodoloji məsələ deyil, həm də sosial siyasət və milli dəyərlər kontekstində strateji prioritetdir.

Azərbaycanda məktəbdənkənar fəaliyyət sahəsi bu gün geniş şəkildə inkişaf edir və ölkənin müxtəlif bölgələrində məktəblilərə əlavə təhsil və fərdi inkişaf imkanları yaradır. Hazırda ölkə üzrə ümumilikdə 145 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələr əsasən idman və yaradıcılıq istiqamətləri üzrə fəaliyyət göstərirlər. İdman profilli 78 müəssisədə ümumilikdə 65,384 təhsilalan 29 idman növü üzrə məşğələlərdə iştirak edir. Yaradıcılıq yönümlü 67 müəssisədə isə 10 müxtəlif istiqamət üzrə təşkil olunmuş dərnəklərdə 53,188 təhsilalan təlim alır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəbdənkənar təhsil müəssisələrində hal-hazırda 10 fəaliyyət istiqaməti üzrə 73 adda dərnək, “13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi” publik hüquqi şəxsdə 7 istiqamət üzrə 94 qrup fəaliyyət göstərməkdədir.

Bu göstəricilər məktəbdənkənar təhsilin ölkə üzrə geniş miqyasda həyata keçirildiyini və şagirdlərin fərqli sahələrdə bacarıqlarını inkişaf etdirmək üçün mühüm imkanlar yaradıldığını göstərir. Müasir dövrdə təhsil müəssisələrində tətbiq olunan ekoloji layihələr, yaradıcılıq və sosial liderlik proqramları uşaqlarda əməkdaşlıq, təşəbbüskarlıq və qərarvermə bacarıqlarının inkişafına real töhfə verir.

Məktəbdənkənar fəaliyyətlər uşaqların şəxsiyyət, düşüncə və sosial davranışının formalaşmasında əvəzsiz rola malikdir. Yumşaq bacarıqların bu mühitdə ötürülməsi, uşaqların gələcəkdə əmək bazarına və cəmiyyətə inteqrasiyasının əsas təminatçısıdır. Məktəbdənkənar fəaliyyətlər şagirdlərdə əməkdaşlıq, ünsiyyət, məsuliyyət və yaradıcılıq kimi yumşaq bacarıqların inkişafına geniş imkan yaradır. Komanda işi, layihə əsaslı fəaliyyətlər və sosial təşəbbüslər vasitəsilə uşaqlar həm birgə qərar qəbul etməyi, həm də fərqli baxışlara hörmət etməyi öyrənirlər. Eyni zamanda, bu fəaliyyətlər liderlik və problem həll etmə bacarıqlarını gücləndirir, özünəinamı artırır və şagirdlərin emosional intellektinin formalaşmasına töhfə verir. Beləliklə, məktəbdənkənar fəaliyyətlər uşaqların yalnız akademik deyil, sosial və şəxsi inkişafına da mühüm təsir göstərir.

Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək, “Cəmiyyətin tərəqqisi təhsilin səviyyəsindən asılıdır” . Təhsilin bu səviyyəsi isə yalnız sinif otaqlarında deyil, uşaqların yaradıcı, emosional və sosial bacarıqlarının formalaşdığı məktəbdənkənar mühitlərdə də inkişaf edir. Bu səbəbdən gələcəyin müasir düşüncəli, innovativ və humanist gənclərinin yetişdirilməsi üçün məktəbdənkənar fəaliyyətlər təkcə tədrisə əlavə deyil, milli insan kapitalı siyasətinin strateji dayağı kimi qiymətləndirilməlidir.

Günay Qurbanova,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri