25 oktyabr 2025 08:26
162

XX Bakı Caz Festivalının möhtəşəm açılışı olub

“Jolly Joker” konsert zalında Bakı Caz Festivalının təntənəli açılışı mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, festivalın ilk axşamında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin sənətçiləri çıxış ediblər. Caz Festivalının təsisçisi, tanınmış saksafon ifaçısı və bəstəkar Rain Sultanov iyirmi illik tarixdən danışıb.

“Bu gün Bakı Caz Festivalının və onun yubiley ilində danışmaq mənim üçün böyük şərəfdir. Geriyə dönüb baxanda hər şeyin necə başladığını - böyük Co Zavinulun ilk dəfə festivalımıza gəldiyini xatırlayıram. Ovaxtlar bu, mənim üçün çox böyük məsuliyyət, inanılmaz həyəcan və eyni zamanda xoşbəxtlik idi. İndi o, Vyanadakı Mərkəzi Qəbiristanlıqda, Bethoven, Ştraus, Brams və digər böyük musiqiçilərin yanında dəfn olunub”, - deyə bildirib.

Rain Sultanov qeyd edib ki, son iyirmi ildə festival sadəcə musiqidən daha nəhəng bir festivala çevrilib:

“Bu, yaradıcılıq, dostluq və birliyin təntənəsidir. Musiqiçilərin, dinləyicilərin və jurnalistlərin ortaq bir həvəsi bölüşmək üçün bir araya gəldiyi bir məkandır. Bu gün festival bütün dünyada çox məşhurdur. Dünyanın bir çox yerindən musiqiçilər bu səhnəyə çıxmağı və bu atmosferin bir hissəsi olmağını xəyal edir. Bu il isə biz həqiqətən də çoxlu maraqlı qonaqlar qarşılayırıq, onların arasında “Euronews” və “Radio Jazz” jurnalistləri, eləcə də beynəlxalq media nümayəndələri də vardır”.

Həmsöhbətimizin sözlərinə görə, Bakı Caz Festivalının səhnəsində çıxış edən sənətkarları artıq bütün dünya tanıyır.

Bakı Caz Festivalı 2025-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin sənətçiləri açdılar. DOST mərkəzinin istedadlı nümayəndələrinin çıxışı heç bir sərhəd və məhdudiyyət tanımayan azad cazın simvoluna çevrildi.

Həmin axşam Fatih və Sinem dueti (Türkiyə), Yogev Shetrit Trio (İsrail) və K-ZIA (Almaniya) “Jolly Joker” səhnəsinə çıxdılar. Əsas konsert proqramından sonra xarici və Azərbaycan musiqiçilərinin iştirakı ilə cem sessiyası başladı.

Festival oktyabrın 31-dək keçiriləcək. Səkkiz gün ərzində Bakıda dünyanın ən yaxşı caz musiqiçiləri çıxış edəcəklər. Festivalın açıq məkanlardan tutmuş kamera salonlarına qədər olan meydançalarında konsertlər, sərgilər, cem-sessiyalar, film nümayişləri, ustad dərsləri, seminarlar, tanınmış musiqi bloqçuları ilə görüşlər keçiriləcək.