"Qubadlı şəhərinin işğaldan azad edilməsindən beş il ötür. Ölkəmizin cənub-qərbində yerləşən, Zəngəzur mahalının ən qədim yaşayış məskənlərindən olan Qubadlı rayonunun işğaldan azad olunması tarixi Zəfərimizi qaçılmaz etdi. Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından bir də məhz Qubadlının azad edilməsidir. Doğrudur, işğal altında olmuş hər bir qarış torpağımızın azad edilməsi bizim üçün vacib, əhəmiyyətli idi. 1992-1993-cü illərdə ard-arda itirdiyimiz o ərazilərimizi qarışbaqarış, kəndbəkənd azad etdik. O torpaqlar bizim şəhidlərin, yaralılarımızın qanları ilə yoğrulub. Ona görə də bütün kənd, qəsəbə, rayon və şəhərlərimizin azad edilməsi bizim üçün ölçüyəgəlməz əhəmiyyətə malikdir. Təbii ki, strateji hədəfə çatmaq üçün hərbi əməliyyatlar hazırlanarkan onun əhəmiyyəti, vacibliyi götür-qoy edilir. Bu mənada, böyük Zəfərə nail olmaq üçün Qubadlı şəhərinin azad olunması əməliyyatı qaçılmaz idi və bu əməliyyat ordu rəhbərliyindən böyük peşəkarlıq, savad, döyüşçülərimizdən isə cəsarət, güc tələb edirdi. Qubadlı əməliyyatının uğuru hərbi savad, peşəkarlıq, cəsarət və milli vətənpərvərlik ruhunun vəhdətindən doğdu".
Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan tərəfindən işğal olunması tariximizin ən acı səhifələrindən biridir: "Qubadlının işğalı Ermənistana növbəti hədəflərinə daha asan çatmaq üçün nə qədər vacib idisə, Azərbaycana da bütün Qarabağa hakim olmaq, nəzarət etmək üçün Qubadlı əməliyyatı əhəmiyyətli idi. Ermənilər Qubadlıya həm Ermənistandan, həm də Laçın, Şuşa istiqamətlərindən hücum etdilər. İşğal etdikdən sonra rayonda daşı daş üstə qoymamışdılar. Barbarlıq və vandalizmə məruz qalan rayon ərazisində bütün sosial infrastruktur dağıdılmışdı, kommunikasiya xəttləri məhv edilmişdi, daşına bilən hər şey satılmışdı. Ermənistan yalnız Xanlıq kəndində qəsəbə salaraq, xaricdəki erməniləri aldadaraq orada məskunlaşdırmışdı ki, bu da Cenevrə konvensiyasının kobud şəkildə pozulması deməkdir. Ermənilər Qubadlıda törətdikləri vəhşiliklərə görə də beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyırlar".
"Şərqi Zəngəzur iqtisadi rayonunun təbii sərvətlərlə ən zəngin yerlərindən olan Qubadlı faydalı qazıntıları ilə zəngindir. İşğaldan öncə Qubadlıda 13 min 160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlıda işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu. Əminliklə deyə bilərəm ki, biz yenidən Qubadlını Azərbaycanın iqtisadi baxımdan ən gəlirli, ən yaşamalı rayonlarından birinə çevirəcəyik. 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyevin Qubadlıda şanlı bayrağımızı ucaltması mühüm tarixi hadisə oldu. Ölkə Prezidentinin Qubadlıya hər səfəri mühüm hərbi və infrastruktur obyektlərinin açılışı, təməlqoyma mərasimləri ilə yadda qalır. Bu gün Qubadlı rayonunda böyük quruculuq-bərpa işləri həyata keçirilir. Qubadlının gələcək inkişafı ilə bağlı praktiki işlər aparılır. Prezident İlham Əliyevin işğaldan azad edilmiş digər ərazilərə olduğu kimi, Qubadlıya səfərləri də bir çox önəmli təməlqoyma və açılış tədbirləri ilə əlamətdar olması bir daha həmin rayon və bölgələrdə bərpa və yenidənqurma işlərinin böyük vüsətlə həyata keçirildiyindən xəbər verir. Bu gün işğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər yalnız bir məqsəd naminə – keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına, dədə-baba yurdlarına qayıda bilmələri üçün həyata keçirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya mütəmadi səfərləri bu rayonun ölkə başçısının diqqətində olmasının təzahürüdür. Gələcəkdə iqtisadi inkişafa nail olunması və düzgün planlaşdırma aparılması Möhtərəm Prezidentimizin xüsusi diqqətindədir. Bütün bunlar bir daha göstərir ki, işğaldan azad edilmiş digər ərazilər kimi Qubadlı da tezliklə cənnətə çevriləcək.
Yeganə Məmmədova,
YAP Xətai rayon təşkilatının əməkdaşı