22 oktyabr 2025 11:10
138

Qardaşlıqdan Strateji Müttəfiqliyə

20-21 oktyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qazaxıstanda dövlət səfərində olub. Xüsusi ilə vurğulamaq yerinə düşərdi ki, "dövlət səfəri" səfərlər içərisində ən alisidir. Bu səfər həm iki ölkə arasındakı münasibətlərin strateji dərinliyini, həm də regional əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Səfər çərçivəsində bir sıra mühüm görüşlər və dövlət tədbirləri baş tutdu. Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası keçirildi, bir sıra vacib sənədlər imzalandı, “Orta Dəhlizin inkişafı” adlı birgə layihə təqdim olundu və Prezidentlər “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində oldular.

Hər bir istiqamət müasir dövrdə Azərbaycan-Qazaxıstan münasibətlərinin çoxşaxəli və gələcəyə hesablanmış xarakter daşıdığını sübut edir.

Süni İntellekt-yeni dövrün başlanğıcıdır

Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev Astanada yerləşən “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzini ziyarət etdilər. Bu səfər iki ölkənin rəqəmsal iqtisadiyyata, innovasiyalara və elmi tərəqqiyə verdiyi strateji önəmin təzahürü idi.

Qazaxıstanda yaradılan bu mərkəz süni intellekt, startap ekosistemi və rəqəmsal texnologiyalar sahəsində regionun aparıcı elmi mərkəzi kimi fəaliyyət göstərir. Burada ildə yüzlərlə gənc startapçının hazırlanması, tədris və tədqiqat proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevin bildirdiyi fikirlə yanaşsaq məsələyə: “Biz bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyirik.”-bu fikir Azərbaycanın rəqəmsal transformasiyanı milli prioritet kimi qəbul etdiyini və bu sahədə qardaş Qazaxıstanla əməkdaşlığa açıq olduğunu nümayiş etdirir.

Öz növbəsində, Prezident Kasım-Jomart Tokayev bildirib: “Xalqlarımız arasında dostluğun gələcəkdə də hərtərəfli möhkəmlənməsi və müxtəlif sahələrdə əməkdaşlığa yeni təkan verilməsi əsas məqsəddir. Bu, iki ölkənin köklü maraqlarına uyğundur.”

Beləliklə, “Alem.ai” ziyarəti regional innovasiya əməkdaşlığının simvoluna çevrilir. Bu, həm də Azərbaycan-Qazaxıstan münasibətlərinin yalnız siyasi və iqtisadi deyil, elmi-texnoloji istiqamətlərdə də strateji xarakter daşıdığını göstərir.

Siyasi dialoqdan əməli nəticələrə

Səfərin əsas siyasi mesajlarından biri də Astanada keçirilən Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası oldu. Bu format iki ölkə arasında ən yüksək səviyyəli əməkdaşlıq mexanizmi kimi çıxış edir. İclas zamanı enerji, nəqliyyat, sənaye, səhiyyə, mədəniyyət, təhsil, rəqəmsal xidmətlər və digər sahələri əhatə edən çoxsaylı sənədlər imzalandı.

Prezident Tokayev səfərin əhəmiyyətinə toxunaraq deyib: “Bu səfər çox mühüm, deyə bilərəm ki, strateji tərəfdaşlığın, müttəfiqlik münasibətlərinin, nəhayət, qardaş xalqlarımız və dövlətlərimiz arasında dostluğun möhkəmlənməsi baxımından çox mühüm əhəmiyyətə malikdir.”

Prezident İlham Əliyev səfərin əhəmiyyətinə toxunaraq bildirib: “Müzakirə edilən mövzular üzrə mövqelərin tam uyğun gəlməsi, həmçinin müttəfiqlik qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə istiqamətlənmək sevindirici haldır.” Bu sözlər hər iki liderin münasibətlərə yalnız rəsmi çərçivədə deyil, mənəvi və mədəni baxımdan da dərin yanaşdığını sübut edir.

İmzalanan sənədlər arasında iqtisadi əməkdaşlıqdan əlavə, mədəni və humanitar sahələri də əhatə edən razılaşmaların olması diqqətçəkicidir. Bu, Azərbaycan və Qazaxıstanın əlaqələrinin təkcə dövlətlərarası deyil, xalqlar səviyyəsində də möhkəmlənəcəyini göstərir.

“Orta Dəhliz”-strateji yol

Astanada keçirilən səfərin daha bir mühüm hissəsi “Orta Dəhlizin inkişafı” birgə layihəsinin təqdimatı oldu. Bu layihə Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Qafqaz və Avropa istiqamətində beynəlxalq nəqliyyat marşrutunun səmərəliliyini artırmağı hədəfləyir. Layihə üzrə yaxın illərdə daşınan yüklərin həcminin üç dəfə artacağı proqnozlaşdırılır. Azərbaycan bu dəhlizdə əsas körpü rolunu oynayır. Xəzər dənizindəki limanlar, Bakı-Tbilisi-Qars dəmir yolu, həmçinin Naxçıvanın gələcək tranzit potensialı layihənin əsas komponentləri sırasındadır.

Prezident İlham Əliyev bu kontekstdə vurğulayıb: “Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”. Bu fikir göstərir ki, Azərbaycanın nəqliyyat siyasəti artıq regional səviyyədən qlobal miqyasda strateji əhəmiyyət kəsb edən sistemə çevrilib. “Orta Dəhliz”in gələcək inkişafında Naxçıvanın tranzit mərkəzə çevrilməsi isə həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm nəticələr doğuracaq.

Prezident Tokayev orta dəhlizin əhəmiyyətini vurğulayaraq deyib: “Keçən il bu marşrut üzrə yükdaşımaların həcmi 62 faiz artıb və 4,5 milyon ton təşkil edib. Bu ilin nəticələri də ümidvericidir, artım 2 faiz təşkil edib. Xarici tərəfdaşlarla “darısqal yerlər” adlanan problemlərin sinxron şəkildə aradan qaldırılması, dəhliz boyunca uzunmüddətli vahid tariflərin müəyyənləşdirilməsi üzərində işləyirik. Sözsüz ki, bu, səmərəliliyi artıracaq, bütün marşrut üzrə fasiləsiz tədarükləri təmin edəcək və bizim planlaşdırdığımız kimi, yükdaşımaların həcmini 10 milyon tona çatdırmağa imkan verəcək.”

Bu ifadələr özlüyündə sübut edir ki, qarşılıqlı iqtisadi-ticari maraqlar yüksək səviyyədə inkişaf edir.

Mədəni jest

Səfərin emosional və mədəni baxımdan yaddaqalan məqamlarından biri Prezident Kasım-Jomart Tokayevin Prezident İlham Əliyevə milli Qazax geyimi-“çapan” hədiyyə etməsi oldu.

Bu hədiyyə diplomatik münasibətlərdə rəmzi jest kimi qiymətləndirilir. “Çapan” Qazax mədəniyyətində hörmət, dostluq və etimadın simvoludur. Belə bir hədiyyənin Azərbaycan Prezidentinə təqdim olunması Qazaxıstanın Azərbaycana münasibətdə dərin hörmət və səmimiyyətini ifadə edir.

Prezident Tokayev bu məqamda bildirdi: “Qazaxıstan və Azərbaycan yalnız dost dövlətlər deyil, həm də qardaş xalqlardır və millətlərik.”

Prezident İlham Əliyev isə cavabında dedi: “Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir. Dövlətlərarası münasibətlərimizi bu möhkəm bünövrə üzərində qururuq. Hətta son üç ildə ondan çox qarşılıqlı səfərlərə baxdıqda münasibətlərimizin necə intensiv xarakter daşıdığını əyani şəkildə görmək olar. Hər bir görüş, hər müzakirə son nəticəyə yönəlib.”

Bu qarşılıqlı münasibət diplomatik etiketdən kənara çıxaraq, xalqlar arasında qədim bağların və müasir dövrdə yaranmış qarşılıqlı etimadın təsdiqinə çevrilib.

Ümumilikdə diqqət etsək əgər aydın olar ki, Prezident İlham Əliyevin Qazaxıstana səfəri Azərbaycan-Qazaxıstan münasibətlərində yeni mərhələnin əsasını qoydu. Bu səfər bir daha sübut etdi ki, iki ölkə yalnız regional əməkdaşlıq tərəfdaşları deyil, həm də gələcək Avrasiya inteqrasiyasının əsas dayaqlarıdır.

Səfərin nəticələri bir neçə istiqamətdə dəyərləndirilə bilər:

• Strateji əməkdaşlıq genişlənir: İmzalanan sənədlər münasibətlərin yalnız siyasi deyil, sosial, iqtisadi və elmi-texnoloji səviyyədə dərinləşəcəyini göstərir.

• Orta Dəhliz və Zəngəzur Koridoru konteksti: Azərbaycan və Qazaxıstan Avrasiya məkanında yeni logistika mərkəzinə çevrilməkdədir.

• Rəqəmsal əməkdaşlıq: Süni intellekt və texnologiya sahəsində birgə layihələr regionun gələcəyini müəyyənləşdirəcək.

• Mədəni diplomatiya: Milli geyim hədiyyəsi kimi jestlər dövlətlərarası münasibətlərin səmimiyyətini və qarşılıqlı hörməti ifadə edir.

Beləliklə, Prezident İlham Əliyevin bu səfəri həm geosiyasi, həm də mənəvi baxımdan mühüm hadisə kimi tarixə düşür. Qazaxıstanla Azərbaycanın qardaşlıq münasibətləri artıq strateji müttəfiqlik səviyyəsinə yüksəlib və bu istiqamət regionun sabitliyinə, iqtisadi inteqrasiyasına və ümumi türk dünyasının güclənməsinə xidmət edir.

Nicat Quliyev,
Naxçıvan Televiziyasının baş redaktoru