21 oktyabr 2025 21:59
117

Şəhidin əziz xatirəsi ehtiramla yad olunub

Azərbaycan tarixinin şanlı səhifəsi olan 44 günlük haqq savaşımızın daha bir qəhrəman oğlu Kamran Fərəcovdur. 30 il yağıya əsir düşən əzəli yurd yerimiz olan Qarabağın xilaskar zəfər şəhidinin adı çəkiləndə indi bütün xalq onunla qürur duyur. Onun şərəfli həyat yolu Vətənə bağlı olmaqla mərdlik, qeyrət nümunəsidir. Bunlarla bərabər, qısa ömrünə yaxşı ailə başçısı olmağı da sığdıra bilib. Vətən sevdalısının həyat yoldaşı Nurana Fərəcova Astara Pedaqoji Kollecində Maliyyə -informasiya və qida təhlükəsizliyi şöbəsinin müdiridir. Xeyirxahlığı, mənəvi yetkinliyi həmişə bu xanım-xatın qadına hörmət gətirir. Ləyaqətlə, şərəflə günlərini yaşayır. Kamrandan Vətənə əmanət olan iki qız övladını da ataların adına layiq böyüdür.

Şəhid mayor Kamran Fərəcovun şəhadətə ucalmasının 5-ci ildönümü münasibətilə Nurana müəllimin çalışdığı kollecin direktoru Kamran Kazımov başda olmaqla bir qrup əməkdaşı, eləcə Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara Təhsil Sektorunun müdiri Xədicə Əliyeva ailəsində olub, məzarını ziyarət edib, önünə tər güllər düzüblər.

Çıxışlar zamanı bildirilib ki, Kamran özünü doğma Azərbaycana, xalqına həsr etdi. İkinci Qarabağ müharibəsi başlanan kimi, Vətənin harayına birinci getdi, qazanılan parlaq qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna çevrilib milyonların ürəyinə köçdü.

Məlumat üçün onu da deyək ki, şərəfli ölümü ilə ölümsüzlüyə qovuşan Kamran Fərəcov 14 yanvar 1978-ci ildə Astaranın Səncərədi kəndində dünyaya gəlib. Orta təhsildən sonra, 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Taktik Tank Qoşunları komandiri fakültəsinə daxil olub. 1999-cu ildə oranı leytenant rütbəsində bitirib Bakıda tağım komandiri vəzifəsində xidmətə başlayıb. Sonra Ağdamda, Gəncədə, Goranboyda cəbhə bölgəsində Vətən qarşısında borcunu şərəflə yerinə yetirib. “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalına layiq görülüb.

Bütün arzuların zirvəsində Azərbaycanın azadlığı, xalqın xoşbəxtliyi dayanan, qəlbi erməni dığalardan qisas almaq hissi ilə döyünən Kamran Fərəcov 20 sentyabr 2020-ci ildən könüllü təlimlərə qatılıb, şəxsi heyəti döyüşə hazırlayıb. İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bir-birindən çətin döyüşlərdən zəfərlə çıxan qəhrəman Qubadlı uğrunda gedən qeyri-bərabər vuruşda Vətən eşqli ürəyi düşmən gülləsinə tuş gəlib. Boya-başa satdığı Astara rayonunda ürəkdən sevdalandığı Vətən torpağının sinəsinə baş qoyub. Ölümündən sonra 3-cü dərəcəli “Rəşadət “ ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, Cəbrayılın və Qubadlının azadlığı uğrunda medalları ilə təltif olunub.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü