21 oktyabr 2025 11:08
792

Azərbaycan və Qazaxıstan arasında siyasi əlaqələr: Strateji tərəfdaşlıq və qarşılıqlı etimad əsasında inkişaf

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında münasibətlər bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, qarşılıqlı etimad, mehriban qonşuluq və qardaşlıq prinsiplərinə əsaslanan çoxşaxəli əməkdaşlıq formatına çevrilmişdir. Bu əlaqələrin dərinləşməsi həm tarixi, həm də geosiyasi baxımdan hər iki xalqın və regionun sabitliyinə, rifahına və inkişafına mühüm töhfə verir. İki dövlət arasındakı münasibətlərin dinamik inkişafı eyni zamanda Türk dünyasının inteqrasiyasını gücləndirən strateji amillərdən biri kimi qiymətləndirilir.

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələrin kökləri ortaq tarixə, mədəniyyətə və türk mənsubiyyətinə dayanır. Sovet İttifaqının süqutundan sonra 1992-ci ildə diplomatik münasibətlərin qurulması iki ölkə arasında yeni mərhələnin başlanğıcı oldu. O vaxtdan etibarən, xalqlarımız arasında qədim dostluq və mənəvi yaxınlıq müstəqillik dövründə də davam etdirilərək strateji əməkdaşlığa çevrildi. Bu münasibətlərin möhkəmlənməsində dövlət başçılarının siyasi iradəsi və yüksək səviyyəli qarşılıqlı səfərlər mühüm rol oynamışdır.

Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətləri ikitərəfli və çoxtərəfli formatlarda həyata keçirilir. İki ölkə arasında imzalanmış “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Bəyannamə” münasibətlərin ali siyasi səviyyədə inkişafını təmin edən əsas sənədlərdən biridir. Hər iki dövlət beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, ərazi bütövlüyü və suverenlik prinsiplərinə qarşılıqlı dəstək göstərməkdə qətiyyətlidir.

Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, Azərbaycan-Qazaxıstan münasibətləri qarşılıqlı etimad və səmimi dostluq mühitində formalaşmışdır. Ölkələrimiz arasında aparılan yüksək səviyyəli dialoq təkcə siyasi deyil, həm də iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişafına təkan verir. Bu baxımdan, 18 oktyabr 2025-ci ildə Prezident İlham Əliyevin 'Kazinform' agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı qeyd etmişdir ki, xalqlarımız ortaq türk kimliyi, oxşar dəyərlər və qarşılıqlı dəstək sayəsində həqiqi müttəfiqlik əlaqələri qurmuşlar.

Azərbaycan və Qazaxıstan beynəlxalq və regional təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirlər. Türk Dövlətləri Təşkilatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, CICA kimi platformalarda iki ölkə bir-birini daim dəstəkləyir. Bu əməkdaşlıq təkcə siyasi səviyyədə deyil, həm də qlobal çağırışlara birgə cavab vermək baxımından strateji əhəmiyyət daşıyır.

Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan və Qazaxıstan arasında əlaqələrin güclənməsi türk birliyinin möhkəmlənməsinə xidmət edir. Azərbaycanın Qazaxıstanla bu istiqamətdə əməkdaşlığı mədəni, iqtisadi və təhlükəsizlik sahələrində sinerji yaradır. Bu da regionda sabitliyin və dayanıqlı inkişafın təminatına çevrilir.

Siyasi əlaqələrin mühüm istiqamətlərindən biri iqtisadi və nəqliyyat layihələrinin koordinasiyasıdır. Xəzər dənizi hövzəsində yerləşən iki dövlət kimi Azərbaycan və Qazaxıstan 'Orta Dəhliz' (Transxəzər beynəlxalq nəqliyyat marşrutu) layihəsinin həyata keçirilməsində mühüm tərəfdaşlardır. Bu dəhliz Asiya ilə Avropa arasında ticarət əlaqələrinin genişlənməsinə, logistik imkanların artmasına və regionun strateji əhəmiyyətinin yüksəlməsinə xidmət edir.

Azərbaycan və Qazaxıstan enerji sahəsində də mühüm əməkdaşlıq həyata keçirir. Qazax neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə dünya bazarına çıxarılması bu əməkdaşlığın parlaq nümunəsidir. Bu kimi layihələr iki dövlətin iqtisadi əlaqələrinin möhkəmlənməsini təmin etməklə yanaşı, onların siyasi tərəfdaşlığını da daha da dərinləşdirir.

Azərbaycan və Qazaxıstan arasında münasibətlərin gələcək inkişaf perspektivləri olduqca genişdir. Dövlətlərarası etimad, yüksək səviyyəli siyasi iradə və strateji baxış bu əlaqələrin davamlı inkişafına zəmin yaradır. Qlobal və regional səviyyədə yeni çağırışlara baxmayaraq, tərəflər müasir beynəlxalq münasibətlər sistemində sabitlik və əməkdaşlıq modelini təmsil edirlər.

Bu baxımdan, Azərbaycan-Qazaxıstan əlaqələri yalnız ikitərəfli deyil, həm də ümumtürk birliyi və Avrasiya inteqrasiyası kontekstində strateji əhəmiyyət daşıyır. Gələcəkdə bu əlaqələrin daha da möhkəmlənməsi regionda sülh, sabitlik və iqtisadi inkişafın təminatçısı olacaqdır.

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə səciyyələnir. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və ortaq türk kimliyinə əsaslanan dərin əməkdaşlıq formalaşmışdır. Bu gün bu əlaqələr həm regional, həm də beynəlxalq səviyyədə strateji tərəfdaşlığın parlaq nümunəsi kimi çıxış edir.

Fidan Əliyeva,
YAP Xətai rayon təşkilatının əməkdaşı