20 oktyabr 2025 16:04
128

Azərbaycan-Qazaxıstan mövcud iqtisadi əlaqələrini şərtləndirən amillər və perspektiv

Azərbaycan ilə Qazaxıstan arasındakı iqtisadi əlaqələri şərtləndirən 2 əsas istiqamət mövcuddur; birinci nəqliyyat-tranzit, ikinci isə enerji sahəsindəki əməkdaşlıq.

“İki sahil” xəbər verir ki, Asiya ilə Avropa arasındakı ticarət yolları üzərində yerləşən hər iki ölkənin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzərində yerləşməsi qarşılıqlı münasibətlərin formalaşmasına və yüksələn xətlə inkişafına böyük töhfə verir. Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayevin eyni ali məktəbdə təhsil almaları onların mütərəqqi dünya görüşünün, siyasi prosesləri düzgün və praqmatik qiymətləndirmək qabiliyyətlərinin bənzər olduğunu deməyə əsas verir. Bu gün Azərbaycan ilə Qazaxıstanın tarixin inkişaf prosesində yaranan fürsətdən istifadə edərək Orta Dəhliz ətrafında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha da genişləndirməyə çalışması hər iki dövlət başçısının praqmatizmindən xəbər verir.

Azərbaycanın Çin və Mərkəzi Asiya bazarlarına çıxış əldə etməsində Qazaxıstan mühüm funksiyanı yerinə yetirir. Anoloji olaraq Azərbaycan vasitəsilə Şərqi və Qərbi Avropa ölkələrinə çıxış əldə edən Qazaxıstan iqtisadi və siyasi mövqeyini möhkəmləndirir. Tranzit nəqliyyat və enerji sahələrində əməkdaşlıq üçün hər iki ölkənin böyük potensialı var. Siyasi əlaqələrin dostluq xarakteri daşıması iqtisadi əlaqələrin inkişafına dəlalət edir. Bəs ölkələrin potensialı nədən ibarətdir və bu potensialdan necə səmərəli istifadə edilir?

Qazaxıstan hökumətinin hesabatına əsasən, ölkə 4,4 milyard ton neft və 3,8 trilyon kubmetr qaz ehtiyatlarına malikdir. Qazaxıstan dünyanın ilk 10 neft istehsalçısı ölkəsindən biridir. Ölkədə çox zəngin daş kömür yataqları var. Xrom istehsalına görə Cənubi Afrika və Zimbabvedən sonra 3-cü yerdədir. Xrom və mis istehsalı əsasən Qərb investisiyaları ilə həyata keçirilir. “Kazakhmys” şirkəti ildə təxminən 28 min ton mis və 98 min ton sink çıxarılır. Uran istehsalına görə dünyada 4-cü yerdədir. “Kazatomprom” şirkəti dünyanın ən böyük 5 uran şirkətindən biridir.

Son 30 ildə neft hasilatı 3,3 dəfə, qaz hasilatı isə 6,4 dəfə artıb. Müstəqillik dövrü ərzində ümumi daxili məhsul (ÜDM) 17 dəfə, əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi 13 dəfə artıb. Təsadüfi deyil ki, Çin və Rusiya kimi iki super güclə qonşu olmasına baxmayaraq onun ixracının 50 faizdən çoxu Avropa İttifaqı ölkələrinin və Böyük Britaniyanın payına düşür. Dünyanın 120-dən çox ölkəsindən bu günə kimi 365 milyard dollardan çox birbaşa investisiya cəlb edilib. Qazaxıstanın iqtisadi potensialı onun ixrac imkanlarını artırır, dünya bazarlarına çıxış ehtiyacı yaradır. Azərbaycanın isə inkişaf etmiş nəqliyyat və tranzit infrastrukturu qaşılıqlı faydalı əməkdaşlıq əlaqələrini şərtləndirib və zərurətə çevirib. Bu əməkdaşlığı reallığa çevirən Orta Dəhliz yalnız Çindən Avropaya yükdaşımaq üçün deyil, eyni zamanda coğrafi mövqeyi ilə dəhliz boyu yerləşən dövlətlərin, o cümlədən Qazaxıstan ilə Azərbaycan arasında iqtisadi əlaqələri, ticarət dövriyyəsini, idxal-ixrac əməliyyatlarını artırır. Qazaxıstanın dünya bazarına çıxışında Bakı Beynəlxalq Dəniz Limanı aparıcı rola malikdir. Təsadüfi deyil ki, ötən il Qazaxıstanın Aktau limanı ilə Bakı Beynəlxalq Dəniz Limanı arasında yükdaşımanın həcmi 1 milyon 625 min tona çatıb.

Avrasiyada regionun əsas nəqliyyat və logistika qovşağı rolunu oynayan Bakı Beynəlxalq Dəniz Limanı Avropa və Asiyanı birləşdirən qədim İpək Yolunun üzərində yerləşir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşutunun mühüm hissəsi olan bu liman 400 hektarlıq ərazini əhatə etməklə müasir əməliyyat sisteminin tətbiqi ilə bütün növ yüklər üçün operativ yükaşırma xidməti, açıq və qapalı anbar sahələri təklif edir. Əsas dəmiryolu və avtomagistrallarının birləşdiyi ərazidə yerləşən Bakı Limanında Ro-ro, Bərə və Ümumi yük terminalından ibarət olmaqla 13 körpü mövcuddur.  Hazırda limanın yükaşırma imkanı 15 milyon ton yük və 100 min TEU ekvivalentində konteynerdir. Limanın illik yükaşırma gücü 25 milyon ton və 500 min TEU konteynerə qədər artırıla bilər.

Bununla yanaşı, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti Mərkəzi Asiyanı Qazaxıstan və Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxışı üçün çox əlverişli imkan yaradıb ki, bu da iki dövlət arasındakı iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə təkan verir. Cari ilin ötən 7 ayı ərzində BTQ ilə 250 min ton yük daşınıb. Ötən il BTQ-nin Gürcüstandan keçən hissəsi modernləşdirildi və illik yükdaşıma imkanı 1 milyon tondan 5 milyon tona yüksəldi. Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmanc mərkəzin tədqiqatına istinadla bildirib ki, 2034-cü ilə qədər BTQ ilə yükdaşımanın həcmi 17 milyon tona çatacaq. Beləliklə, Qazaxıstanın ixrac Azərbaycanın isə tranzit potensialı dövlətlər arasındakı iqtisadi əlaqələrin əsasını yaratmaqla yanaşı onların daha da yaxın münasibətlər quraraq strateji tərəfdaşa çevrilməsini şərtləndirib.

Enerji sahəsində əməkdaşlığa gəlincə, Qazaxıstan Günəş və külək stansiyaları tikmək üçün öz geniş çöllərindən istifadə edərək yaşıl enerji mərkəzinə çevrilməyi hədəfləyib. Bu ölkənin külək potensialı ildə 1 trilyon 820 milyard kilovat-saatdan artıq, günəş enerjisi isə 1 trilyon kilovat-saatdır. Qazaxıstan bu il ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payını 6 faizə çatdırıb. 2030-cu ilə qədər bu rəqəmi 10 faizə, 2050-ci ilə qədər isə 50 faizə çatdırmağı planlaşdırıb.

Xatırladaq ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış "Yaşıl enerjinin İnkişafı və Ötürülməsi Sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş" üç ölkənin enerji sektorunda əməkdaşlığının yeni strateji çərçivəsini müəyyən etmək məqsədilə hazırlanıb. Ötən ilin noyabrında Bakı şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı dövlət başçıları tərəfindən imzalanan bu sənəd yaşıl və bərpaolunan enerji mənbələrinin inkişafı, enerji təhlükəsizliyinin təmin olunması və davamlı inkişaf məqsədlərinə töhfə verilməsi üçün mühüm bir addımdır. Sazişin əsas məqsədi Paris İqlim Sazişində nəzərdə tutulmuş istixana qazı emissiyalarının azaldılması hədəflərinə uyğun olaraq yaşıl enerjinin inkişafını təşviq etməkdir. Bu çərçivədə tərəflər, bərpaolunan enerji mənbələrinin istehsalı, ötürülməsi və ticarəti sahəsində qarşılıqlı əməkdaşlıq edəcək, yaşıl hidrogen və yaşıl ammonyak texnologiyalarının tətbiqini dəstəkləyəcək. Həmçinin layihə Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının enerji sistemlərinin inteqrasiyasını gücləndirərək, bərpaolunan enerjinin Avropaya və digər bazarlara ixracını asanlaşdıracaq. Bu əməkdaşlıq, həmçinin Orta Dəhlizin inkişafına və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə inteqrasiyasının dərinləşməsinə töhfə verəcək. Layihə Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır və Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi təkcə üç ölkə arasında deyil, həm də daha geniş miqyasda əməkdaşlığa xidmət edəcək. Təsadüfi deyil ki, Avropa İttifaqı “Xəzər-Qara dəniz-Avropa” enerji dəhlizinin yaranmasına 1 milyard avro həcmində kredit ayıracağını bəyan dib.

Azərbaycana isə növbəti 5 il ərzində yaradılacaq azı 7 giqavat yaşıl enerji güclərinin 70 faizindən çoxunu ixraca yönəldəcək. Bu məqsədlə hazırda Avropaya müxtəlif marşrutlarla enerji təchizatının yeni xəritəsi tərtib edilir. Avropaya ilkin mərhələdə 4 giqavat yaşıl enerji tədarük edəcək "Xəzər-Qara dəniz-Avropa", Naxçıvandan 1 giqavat bərpaolunan enerjinin ixracı ilə yanaşı, Xəzərdən və Mərkəzi Asiyadan da elektrik enerjisinin Türkiyə və Avropaya ötürülməsi perspektivinə malik "Azərbaycan-Türkiyə-Avropa" yaşıl enerji dəhlizlərinin icrası istiqamətdə də zəruri addımlar atılır. Layihələrin unikallığı ondan ibarətdir ki, bu dəhlizlər bərpaolunan enerji sistemində regionları və qitələri əlaqələndirəcək.

Azərbaycan ilə Qazaxıstan arasındakı nəqliyyat-tranzit və enerji sahələrində əməkdaşlıq tərəflər üçün faydalı və səmərəlidir. Bu əlaqələr təkcə iki dövlət və region üçün deyil, qlobal səviyyədə əlverişli imkanlar yaradır. Həmçinin Avropa qitəsinin enerji təhlükəsizliyinin və iqtisadi inkişafının təminatçısına çevrilir ki, bu da hər iki dövlətə siyasi zəmanət qazandırır. Bu zəmanət isə Asiya və Avropadan siyasi dəstək almaqdan ibarətdir. (AZƏRTAC)