20 oktyabr 2025 10:58
209

Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan silsilə ustad dərsləri başa çatıb

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən təşkil olunan, dahi bəstəkar, musiqişünas, pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilən silsilə ustad dərsləri başa çatıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı – Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Bakı, Sumqayıt və Xırdalanda gerçəkləşən, 8-18 oktyabr tarixlərini əhatə edən layihə musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün həyata keçirilib.

*
Layihə üzrə oktyabrın 13-də Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində violonçel ixtisası üzrə ustad dərsi təşkil olunub. Dərs Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası İfaçılıq fakültəsinin dekanı Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə tərəfindən aparılıb.

*
Oktyabrın 14-də Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbində xanəndəlik ixtisası üzrə ustad dərsi keçirilib. Ustad dərsi Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar artist, xanəndə Təyyar Bayramovun iştirakı ilə gerçəkləşib.

*

15 oktyabr tarixində Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbində tar ixtisası üzrə ustad dərsi təşkil edilib. Görkəmli tarzən, pedaqoq, Xalq artisti, professor Vamiq Məmmədəliyev tərəfindən aparılan dərsdə qeyd olunan təhsil ocağı ilə yanaşı, regional idarənin tabeliyindəki bir sıra məktəblərdən də müəllim və şagirdlər iştirak ediblər.

*

Bakı şəhər Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində saz ixtisası üzrə ustad dərsi oktyabrın 16-da təşkil olunub. Dərs Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mübariz Əliyevin iştirakı ilə gerçəkləşib.

*

Oktyabrın 17-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, pianoçu, professor Könül Hüseynovanın iştirakı ilə Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbində fortepiano ixtisası üzrə ustad dərsi keçirilib.

Həmin gün daha bir ustad dərsi Bakı şəhər 33 nömrəli uşaq musiqi məktəbində klarnet ixtisası üzrə təşkil olunub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Anar Məmmədovun iştirakı ilə reallaşan ustad dərsində paytaxtın bir sıra məktəblərindən şagirdlər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər.

*

Layihənin sonuncu günündə – oktyabrın 18-də rəqs ixtisası üzrə ustad dərsi təşkil olunub. Bakı şəhəri Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri Xalq artisti, xoreoqraf Rüfət Xəlilzadənin iştirakı ilə keçirilən ustad dərsi sahə üzrə təhsil alan gənc istedadlar üçün maraqlı keçib.

Həmin gün Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbində layihənin sonuncu ustad dərsi keçirilib. Vokal ixtisası üzrə ustad dərsi Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Əməkdar artist Zenfira İsmayılova tərəfindən aparılıb.

Ustad dərslərinin əvvəlində MEMİM-in şöbə müdirləri – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Cəmilə Mirzəyeva, Əməkdar mədəniyyət işçisi Lalə Kərimova, mərkəzin mütəxəssisi Leyla Rzayeva, eləcə də Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi Mədəniyyət müəssisələri ilə iş sektorunun müdiri Zaur Cəfərov çıxış edərək layihənin istedadlı uşaq və gənclərin inkişafındakı xüsusi önəmindən danışıblar. 12 ixtisas üzrə keçirilən ustad dərslərinin dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilməsinin təsadüfi olmadığı bildirilib. Qeyd edilib ki, Üzeyir bəy görkəmli təhsil təşkilatçısı kimi ölkəmizdə musiqi tədrisinin formalaşması və inkişafında müstəsna xidmətlər göstərib.

İcra olunan bütün ustad dərslərində tanınmış mütəxəssislər uşaq və gənclərə, həmçinin müəllimlərə dəyərli tövsiyələrini veriblər ki, bu da onların peşəkar inkişafında, gələcək fəaliyyətində olduqca faydalıdır.

Bildirək ki, ustad dərsləri musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğunlaşdırılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin bilik və bacarıqlarının zənginləşdirilməsi məqsədilə həyata keçirilib.

Onu da əlavə edək ki, böyük musiqi xadimi Üzeyir Hacıbəylinin 140 illiyinə töhfə olan ustad dərsləri tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, violin, klarnet, violonçel, vokal və rəqs ixtisaslarını əhatə edib.