18 oktyabr 2025 22:26
115

Aktauda Xəzərin ekoloji problemlərinin tarixi əsaslarına dair kitab təqdim olunub - FOTO

Qazaxıstanın Aktau şəhərində Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetində “The Caspian Sea: Historical Preconditions of Contemporary Environmental Issues” (Xəzər dənizi: müasir ekoloji problemlərin tarixi əsasları) adlı kitabın təqdimatı keçirilib. Təqdimat Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğunun müraciəti və təşkilatçılığı ilə təşkil olunub. İngilis dilində çap edilən kitab “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin “Xəzər hövzəsinin ekoloji problemləri qlobal müstəvidə” layihəsi çərçivəsində nəşr olunub. 

“İki sahil” xəbər verir ki,  bu barədə İctimai Birliyin sədri və layihə rəhbəri, əməkdar jurnalist, Bakı Slavyan Universitetinin professoru Şəlalə Həsənova məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən layihə çərçivəsində kitabla yanaşı, Kür çayı deltalarının ekoloji vəziyyəti də qiymətləndirilib, son 150 ildə baş verən dəyişikliklər analiz olunub. Bu təhlillər çay deltalarında bioloji müxtəlifliyin qorunması və davamlı inkişaf strategiyalarının hazırlanması baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, universitetin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə Atrium zalında keçirilən təqdimatda prorektor Askar Seyidaliyev, Azərbaycan Respublikasının Aktau şəhərindəki konsulu Mübariz Cəfərov, Azərbaycan diasporasının rəhbəri Şəmsəddin Hüseynov, şəhər Məsləhət Şurasının deputatı, tanınmış ekoloq Kirill Osin çıxış edərək layihənin rəhbəri, Əməkdar jurnalist, Bakı Slavyan Universitetinin professoru Şəlalə Həsənovaya təşəkkürlərini bildirmiş və layihəni yüksək dəyərləndirmişlər.

Təqdimat çərçivəsində Şəlalə Həsənova Azərbaycancanın Aktaudakı baş konsulu Ayxan Süleymanlı ilə də görüşərək fikir mübadiləsi aparıb və kitabı baş konsula təqdim edib. 

Məlumat üçün bildirək ki, kitab coğrafiya elmləri doktoru Vaqif Məmmədov tərəfindən tərtib olunub. Nəşrdə tanınmış Azərbaycan alimlərinin Xəzərin ekoloji problemlərinin tarixi aspektləri, iqlim dəyişiklikləri, sənaye tullantılarının təsiri və bioloji müxtəlifliyin azalması ilə bağlı elmi araşdırmaları yer alıb. Bu tədqiqatlar həm milli Xəzərşünaslıq elminin dəyərini əks etdirir, həm də qlobal iqlim dəyişmələri və antropogen təsirlərlə bağlı narahatlıqları ortaya qoyur. Kitabda tarixi bilgilərlə müasir elmi yanaşmaların vəhdətindən ibarət geniş və analitik bir portret təqdim olunur.