18 oktyabr 2025 08:22
132

BMT Təhlükəsizlik Şurası Haitiyə qarşı sanksiyaların müddətini uzadıb

BMT Təhlükəsizlik Şurası (TŞ) Haiti ilə bağlı sanksiyaların daha bir il uzadılması barədə qətnamə qəbul edib.

“İki sahil” xəbər verir ki, BMT TŞ-nin 15 üzvünün yekdil dəstəyini alan 2794 saylı qətnamə silah tədarükünə embarqo, səyahət qadağası və aktivlərin dondurulmasını əhatə edən sanksiya rejimini uzadıb.

Qətnamə həmçinin Sanksiyalar Komitəsinin işini dəstəkləyən Ekspertlər Qrupunun mandatını da 13 ay uzadıb.

Sanksiya siyahısına iki nəfər də əlavə edilib.

Qeyd edək ki, BMT TŞ Haiti ilə bağlı sanksiyaları ilk dəfə 2022-ci ilin oktyabrında tətbiq etmişdi. Haiti Prezidenti Jovenel Moizin 7 iyul 2021-ci il gecəsi öldürülməsindən, eləcə də həmin ilin avqustunda 2,2 mindən çox insanın həlak olduğu zəlzələdən sonra Haitidə təhlükəsizlik və humanitar vəziyyət pisləşib. Adada müxtəlif silahlı qruplar əhəmiyyətli güc qazanıb.

Əvvəllər beynəlxalq qeyri-hökumət təşkilatı olan "Sərhədsiz Həkimlər"in (MSF) Haitinin paytaxtı Port-o-Prensdə "şəhərdə davam edən zorakılığa görə" təcili yardım mərkəzini bağladığı bildirilmişdi.