17 oktyabr 2025 23:36
125

Əbədiləşən qəhrəmanlıq dastanı

44 günlük haqq savaşımızda  30 il düşmən tapdağında qalan müqəddəs Qarabağımızın  azadlığı uğrunda  cəsarətlə vuruşub qəhrəmanlıq dastanı yazan Elməddin Gülverən  oğlu Əhmədli Biləsuvar rayonu, Təzəkənd kəndində boya-başa çatıb.  Vətənin daşına, torpağına ürəkdən sevdalanan Elməddin 24 yaşında canını ona fəda etməklə  adını əbədi olaraq tarixə yazıb. Onun bu işıqlı dünyaya gəlib-getməsi  az çəksə də, ömrünü  xalqına, millətinə  həsr  etdiyinə  görə heç vaxt unudulmaz.  Qərinələr keçəcək, gələcək nəsillər onu özünə həyat məktəbi biləcəkdir.

Elməddin aramızdan tez getdi. Qaldı ki, torpağa gömülməyib. Göstərdiyi qəhrəmanlıqla  Vətəndən oğul adını qazandı, yeri, əbədi məkanı ürəklər, əlçatmaz, ünyetməz  göylər oldu.

Azərbaycanın qeyrətli övladları kimi Elməddin Əhmədli də doğma yurdunun düşmən işğalında qalması ilə barışa bilməyib. Odur ki, orta məktəbi bitirən kimi ordu sıralarına gedib. Vətənə olan müqəddəs borcunu cəbhə bölgəsində yerinə yetirməyə başlayıb. Verilən tapşırıqları düşməndən qisas almaq məqsədilə vaxtında və düzgün  görüb. Bu vətənpərvərliyi,  eləcə igidliyi, cəsarəti nəticədə Elməddini komandirlərinə, əsgər yoldaşlarına etibarlı silahdaş olaraq sevdirib.  Hərbin sirlərinə daha mükəmməl bələd olmaqdan ötrü  təlimlərdə əla döyüşçü keyfiyyətləri nümayiş etməklə fərqlənib. Ən  əsası isə  qəlbi, döyüşkən ruhu Elməddini hər an Qarabağımızın azadlığı naminə vuruşmağa, bəd niyyətli, qana susamış erməni dığalarını məhv etməyə səsləyib.  Həmişə də bildirib ki, ulu  əcdadlardan  miras qalan  əzəli yurd yerimiz, müqəddəs   Qarabağımızdan   murdar ermənin ayağını  bir dəfəlik kəsmək  bizim vicdan borcumuzdur.  Bu yolda canını fəda etmək  hər bir Vətən övladı üçün  əsl qürur və şərəfdir.

Nəhayət, qeyrətli oğulların arzuladığı, elə onların qanı bahasına müasir tariximizin dönüş anına dönən  2020-ci ilin 27 sentyabr- yağı düşməndən qisas almaq günü gəlib.  Vətənə sevdalanan Elməddin  heç bir tapşırıq gözləmədən əlində silah  yurdumuzun müdafiəsinə atılıb. Qanlı döyüşlərdə yağıya qan qusdurmaqla  çiyin yoldaşları ilə tariximizə yeni səhifələr yazıblar. Neçə-neçə uğurlu əməliyyatların qalibi olub Elməddin.  Hər qarşı torpaq uğrunda can qoyan  igid döyüşçü yağıya sarsıdıcı zərbələr endirməklə şanlı  qələbəmizə  doğru irəliləyib. Hər savaşda göstərdiyi qəhrəmanlığı yağını ciddi itkilər qarşısında qoyub.  Son dəfə Xocavənd rayonu istiqamətində müharibə meydanında şəhidlik zirvəsinə ucalıb.

Döyüş meydanında ölümün gözünə dik baxıb  bizlərə zəfər sevinci yaşadan Elməddin Əhmədli  ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları  ilə təltif edilib.

Biləsuvarın igid oğlu Elməddin Əhmədli   Vətən uğrunda canını qurban verməklə olduqca şərəfli bir ömür yaşadı.   Cismən aramızda olmasa da, onu qəlbimizdə yaşatmaq bizim vətəndaşlıq borcumuzdur.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü