15 oktyabr 2025 22:35
74

17 oktyabr ehtiram kimi tarixləşib, belə yaşadılır, belə də yaşadılacaq...

Füzuli rayonu 1993-cü il avqustun 23-də işğal olunmuşdu. Azərbaycan Ordusu 1994-cü il yan­varın 5-də Horadiz əməliyyatı ilə Füzuli rayonunun 22 kəndini işğaldan azad etdi. Bu qələbə həm hər­bi vəziyyətdə dəyişiklik yaratdı, həm də ordumuzun şəxsi heyətinin döyüş əzminin, qələbə ruhu­nun yüksəlməsində əhəmiyyətli oldu.

Azərbaycan ərazilərini işğaldan danışıqlar yolu ilə azad etmək istəyirdi. Ermənistan danışıqlar­dan yayınırdı, regionda mövcud status-kvonu saxlamaq istəyirdi, yeni ərazilər işğal etmək niyyəti ilə ərazilərimizə irimiqyaslı hücumlar da edirdi. Belə hücumlardan biri 2020-ci il sentyabrın 27-də oldu. Ordu hissələrimiz hücumun qarşısını aldı, əks-hücuma keçdi. İkinci Qarabağ müharibəsi başladı...

Ordumuz ədalətli müharibəsində tarixi Zəfər qazandı, antiterror əməliyyatından sonra ərazi bü­töv­lüyümüz tam bərpa olundu.

Horadiz əməliyyatında, 2016-cı ilin Aprel döyüşlərində, Tovuz əməliyyatında qüdrətə dönən dö­yüş əzmi, qələbə ruhu İkinci Qarabağ müharibəsində daha böyük, daha iradəli, daha qətiyyətli oldu.

Müharibənin ilk günü ordu hissələrimiz ilk qələbələrini qazandı. Füzuli rayonunun Qaraxan­bəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edildi. Bu qələ­bələr müharibənin ilk qələbələri kimi döyüşən ordumuzu döyüşlərə, döyüşlərdən qələbələrə aparırdı.

Füzuli uğrunda aparılmış döyüşlər İkinci Qarabağ müharibəsi zamanı ən ağır döyüşlərdən oldu.  Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstün­lük­lər verdi. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Düşmən Füzuli isti­qa­mətində daha mürəkkəb müdafiə sədləri yaratdığından ən tanınmış hər­bi mütəxəssislər də belə düşü­nürdü ki, Füzulini işğaldan azad etmək üçün uzun müddət lazım gələcək. Lakin belə olmadı. Ordu hissələrimiz müxtəlif qoşun növlərinin iştirakı ilə hücumu kəskinləşdirdi, komandanlığın tətbiq etdiyi yeni döyüş taktikası qələbələrə yol açdı – düşmənin müdafiə səddi dağıdıldı, oktyabrın 17-də Füzuli şəhəri və bir neçə kəndi, ümumiyyətlə, müharibə müddətində Füzulinin 62 kəndi işğaldan azad edildi.

Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: “...Füzulinin Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub. 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Tanınmış hərbi ekspertlər Füzulini işğaldan azad etməyə aylarla vaxt lazım olduğunu deyirdi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gəldi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmən tapdağından azad olundu...”...

2020-ci il noyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərən­camı ilə “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Dövlət başçımızın 2023-cü il iyul ayı­nın 31-də imzaladığı Sərəncamla işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis olundu. 17 oktyabr Füzuli şəhəri Günü kimi qeyd edilir...

Təxmini hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Ermənistan törətdiyi van­da­lizm aktlarına və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələ­ri­nin təx­ri­batı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkar­lıq sub­yek­tlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür...

İşğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparılır, infrastrukturun bərpası istiqa­mə­tində irimiqyaslı işlər həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il martın 18-də “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. 

“Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, Köndələnçay su anbarları kompleksi istifadəyə verilib. Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqa­mə­tində nəhəng layihələr reallaşdırılıb. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yol­ları istis­ma­ra verilib, açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Res­pub­­likasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edən Füzuli Beynəlxalq Hava Limanı da is­tis­mara verilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarixi Zəfərdən sonra Füzuliyə 19 səfəri olub. Bu səfərlərin hər biri rayonun yenidən qurulmasıi istiqamətində bir mərhələ olub...

Füzuli şəhəri Günü Azərbaycanın ərazi bütövlüyünə böyük ehtiramın təzahürü kimi tarixləşib, belə yaşadılır, belə də yaşadılacaq...

Səbinə Xasayeva,
Milli Məclisin deputatı