17 oktyabr - Füzuli şəhəri günü xalqımızın milli qürur və əzmkarlığının ifadəsidir. Həmin gün bu şəhərin işğaldan azad edilməsi və Böyük Qayıdış Proqramı çərçivəsində yenidən bərpasını təcəssüm etdirir. Eyni zamanda, belə əlamətdar tarix azad edilmiş torpaqlarda yeni həyatın qurulmasını və bölgənin davamlı inkişaf perspektivlərini simvolizə edir.
1993-cü il avqustun 23-də Füzuli rayonu erməni silahlı qüvvələrinin işğalına məruz qaldı. Bu hadisə bölgənin sosial, iqtisadi və mədəni həyatına ağır zərbə vurdu. Şəhər tamamilə dağıdıldı, evlər, məktəblər, xəstəxanalar və tarixi abidələr yerlə-yeksan edildi. Minlərlə sakin uzun illər məcburi köçkün kimi doğma yurdlarının həsrətini çəkdi. İşğal, həmçinin burada təhsil, səhiyyə və sosial xidmətlərin dayanmasına səbəb oldu, insanlar çətin və təcrid olunmuş həyat şəraitində yaşadı.
27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsi dönəmində - oktyabrın 17-də Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad etdi. Bu hadisə Qarabağın cənub istiqamətində strateji vəziyyəti köklü şəkildə dəyişdi və Zəngilan ilə Qubadlı rayonlarına doğru irəliləyiş üçün geniş imkan yaratdı. Füzuli uğrunda döyüşlərdə canlarını fəda edən igid oğullar xalqımızın qəhrəmanlıq tarixində unudulmaz iz qoydu. Azad edilən şəhər yalnız hərbi baxımdan deyil, həm də milli qürur və birliyin təzahürü kimi xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis edilən “Füzulinin azad olunmasına görə” medalı həm döyüşçülərin xidmətinə verilən yüksək dəyərin, həm də xalqın qəhrəmanlara olan ehtiramının ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı bu medalla Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak etmiş, şəxsi cəsarət və fədakarlıq nümayiş etdirmiş minlərlə hərbi qulluqçunu təltif edib.
Füzuli azad edildikdən dərhal sonra genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılıb. Yaşayış binalarının, sosial obyektlərin, məktəblərin, xəstəxanaların və mədəniyyət müəssisələrinin yenidən qurulması prosesi sürətlə davam edir. Məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışı Böyük Qayıdış Proqramının prioritet istiqamətlərindən biridir. Bu proses insanların təhlükəsiz və rahat şəkildə geri dönməsini təmin etməklə yanaşı, bölgədə uzunmüddətli sosial-iqtisadi sabitliyi gücləndirir.
Füzuli rayonu Qarabağın cənub hissəsində strateji mövqeyə malikdir. Tarixi boyunca bu ərazilər sosial-iqtisadi və mədəni baxımdan mühüm mərkəz olub. Postmüharibə dövründə sürətlə bərpa olunaraq inkişaf edən Füzuli həm iqtisadi potensialı, həm də sosial həyatın canlanması ilə diqqət çəkir. Buradakı məhsuldar torpaqlar kənd təsərrüfatı üçün əlverişlidir, strateji nəqliyyat yollarının üstündə yerləşməsi isə rayonun logistika və ticari baxımdan önəmli olmasını təmin edir. Füzuli yaşayış və iqtisadi fəaliyyət baxımından bölgənin dayanıqlı inkişafına töhfə verir.
Füzuli Beynəlxalq Hava Limanı 26 oktyabr 2021-ci il tarixində istifadəyə verilib. Həmin layihə regionun nəqliyyat və logistika imkanlarını gücləndirməklə yanaşı, turizm, ticarət və regional inteqrasiya baxımından strateji əhəmiyyət daşıyır. Hava limanı, xüsusən beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin potensialını nəzərə alsaq, bu hava limanı həm də Qarabağda istehsal olunan sənaye məhsullarının dünya bazarlarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından olduqca vacibdir.
Paralel olaraq avtomobil yolları, körpülər, enerji xətləri və su-kanalizasiya sistemləri qurulur. Şəhər “ağıllı şəhər” konsepsiyası üzrə inkişaf etdirilir, burada müasir texnologiyalar, ekoloji dayanıqlıq və enerjiyə qənaət əsas prinsiplər kimi tətbiq olunur. Həmin layihələr bölgəyə investorların cəlb olunmasına və yeni iş yerlərinin açılmasına şərait yaradır.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 17 oktyabr Füzuli şəhəri günü kimi təsis edilib. Bununla əlaqədar hər il keçirilən tədbirlər milli həmrəyliyi möhkəmləndirir, genişmiqyaslı bərpa prosesini ictimaiyyətə çatdırır. Füzuli şəhəri günü həm də mədəni həyatın dirçəlməsinin əyani göstəricisidir. Təhsil və səhiyyə obyektlərinin bərpası, idman və mədəniyyət müəssisələrinin qurulması bölgədə sosial rifahın artmasına mühüm töhfə verir.
Bütün bunlar Qarabağın bərpasına yönəlmiş ümummilli iradənin bariz nümunəsidir. Yeni yollar, müasir yaşayış massivləri, sosial infrastruktur və iqtisadi təşəbbüslər Füzulini gələcək nəsillər üçün yaşıl, müasir və firavan bir məkana çevirir.
Bədəl Bədəlov,
Milli Məclisin deputatı