15 oktyabr 2025 10:18
147

“Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar” mövzusunda beynəlxalq konfrans işə başlayıb

Oktyabrın 15-də Elm və Təhsil Nazirliyinin və ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təşkilatçılığı ilə “Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

“İki sahil” xəbər verir ki, 14 ölkədən 140-dan çox məruzə müəllifinin iştirakı ilə keçirilən bu konfrans qlobal elmi əməkdaşlıq üçün mühüm platformadır.

2024-cü ildə Azərbaycanın uğurla ev sahibliyi etdiyi COP29 iqlim sammitində yaşıl enerji, ərzaq təhlükəsizliyi, həmçinin bio və ekoloji təhlükəsizliklə bağlı məsələlər ən çox müzakirə olunan mövzular sırasında olub və qəbul edilən qərarlarda önəmli yer tutub. Bu problemlərin həllində ən müasir metodlar və yüksək texnologiyalardan istifadə edən əhatəli tədqiqatların aparılmasının aparıcı rol oynadığı dəfələrlə vurğulanıb.

Həmçinin alimlər yaşıl enerji, ərzaq, ekoloji və iqlim təhlükəsizliyi məsələlərində qarşıya qoyulan problemlərin həlli üçün birgə fəaliyyət göstərməlidirlər. Onlar arasında strateji tərəfdaşlıq planlarının hazırlanması və inkişaf etdirilməsi vacibdir. Bu kontekstdə, biologiya, kənd təsərrüfatı və tibb sahələrində yeni elmi nailiyyətləri işıqlandıran beynəlxalq konfransın təşkili böyük əhəmiyyət kəsb edir.

Bugünkü beynəlxalq konfransın keçirilməsində məqsəd elmi tərəfdaşlıq üçün strateji planların hazırlanması, gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, yaşıl enerji və təmiz mühitə keçid üçün innovativ həllərin paylaşılması, cəmiyyətin və iqtisadiyyatın dayanıqlılığını təmin edən yeni elmi yanaşmaların formalaşdırılmasıdır.