“Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq üzrə Sülh Sammiti ən mühüm beynəlxalq hadisələrdən biri kimi tarixə düşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu mühüm sammitə dəvət olunması ölkəmizin artan beynəlxalq nüfuzunun, sülh və təhlükəsizlik məsələlərindəki konstruktiv rolunun bariz göstəricisidir”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycan öz torpaqlarını erməni işğalından azad etməsindən sonrakı dövrdə yalnız dağıdılmış əraziləri bərpa etməklə kifayətlənməyib, onları dayanıqlı inkişafın nümunəsinə çevirən azsaylı ölkələrdən biridir. Qarabağ və Şərqi Zəngəzur bu gün təkcə dirçəlişin rəmzi deyil, həm də yaradıcılıq, həyata dönüş və etimadın möhkəmləndirilməsi üzərində qurulan yeni sülh fəlsəfəsinin modelidir. Münaqişədən sonra ərazilərin adaptasiyası və sosial reabilitasiyası sahəsində qazanılan təcrübə Bakıya təkcə bəyanatlar deyil, real həllər təklif etmək imkanı verir. Buraya məcburi köçkünlərin qayıdışının təşkili, infrastrukturun bərpası və azad olunmuş torpaqların ümummilli inkişaf prosesinə inteqrasiyası istiqaməti daxildir. Bu təcrübə dünyanın müxtəlif regionlarında böyük maraq doğurur. Azərbaycan sübut edib ki, sülhə gedən yol inkişafdan, təhsildən, innovasiyalardan və yaşıl texnologiyalardan keçir — yəni sadəcə, bəyanatlardan deyil, real addımlardan ibarətdir.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin Şarm əl-Şeyx sammitinə dəvəti Azərbaycanın ardıcıl və balanslı xarici siyasətinin məntiqi nəticəsidir. Bakı suverenliyə hörmət, bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında münasibətlər qurur, dialoqu və etimadı dəstəkləyən tərəf kimi çıxış edir. Azərbaycan həm ərəb dünyası, həm də İsraillə konstruktiv münasibətləri qoruyaraq, qərəzsiz və ikili standartlardan uzaq siyasət yürüdən nadir ölkələrdən biridir. Region dövlətləri Azərbaycanı vasitəçilik missiyasını yerinə yetirməyə və ideoloji şüarlardan deyil, praktiki həllərdən çıxış etməyə qadir etibarlı tərəfdaş kimi dəyərləndirirlər. Bu dialoq qabiliyyəti Bakının Yaxın Şərq proseslərində iştirakını daha da əhəmiyyətli edir. Azərbaycan Misir, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələri möhkəmləndirib, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı genişləndirir, eyni zamanda İsrailin strateji tərəfdaşı olaraq qalır.
Sevinc Fətəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin Misirdə keçirilən sammitdə iştirakı Azərbaycanın son aylardakı diplomatik gündəliyinə təbii olaraq uyğun gəlir. Dövlət başçısı BMT Baş Assambleyasından tutmuş Avropa Siyasi Birliyi, Türk Dövlətləri Təşkilatı və MDB sammitlərinədək bir çox beynəlxalq platformalarda ölkəmizi uğurla təmsil edib. Azərbaycan bu platformalarda daim eyni prinsiplərlə çıxış edir: beynəlxalq hüququn qorunması, suverenliyə hörmət, dövlətlərin bərabərliyi, enerji və nəqliyyat təhlükəsizliyi, dayanıqlı inkişaf. Bu ardıcıllıq Azərbaycanın müstəqillik, maraqların balansı və praqmatizm üzərində qurulan diplomatiyasına beynəlxalq etimadı daha da gücləndirir.
“Azərbaycan beynəlxalq proseslərdə, sadəcə, müşahidəçi rol ilə kifayətlənmir. Ölkəmiz enerji, nəqliyyat və humanitar təşəbbüslər də daxil olmaqla əməkdaşlığın yeni formatlarını fəal şəkildə formalaşdırır. Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir. Bu, Bakını qlobal proseslərin iştirakçısından daha çox, yeni sülh və təhlükəsizlik arxitekturasının vacib həlqəsinə çevirir. Etimad böhranlarının getdikcə dərinləşdiyi bir dövrdə Azərbaycan alternativ təklif edir - ayıran deyil, birləşdirən diplomatiya. Prezident İlham Əliyevin Şarm əl-Şeyxdəki Sülh Sammitində iştirakı isə bu siyasətin, yəni inkişaf yolu ilə sülh siyasətinin ən aydın təcəssümüdür”, - deyə deputat vurğulayıb.