13 oktyabr 2025 20:20
132

TƏBİB-in nümayəndəsi: Qrip əleyhinə vaksinasiya tam təhlükəsiz və standartlara uyğun həyata keçirilir

Ötən ilin sentyabr ayından bu ilin yanvar ayına qədər tibb müəssisələrində ümumilikdə 34 min 148 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 4 min 431-i 18 yaşadək, 29 min 717-si 18 yaşdan yuxarı olan vətəndaşlardır. Bu rəqəmlər göstərir ki, artıq insanlar öz sağlamlıqlarına daha məsuliyyətlə yanaşır, peyvəndə etimad və maraq getdikcə artır. Bu, bizim üçün çox sevindirici haldır.

“İki sahil” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, hər il payız-qış aylarında respirator virus infeksiyaları aktivləşir: "Bu dövrdə Səhiyyə Nazirliyi ilə birgə profilaktik və əks-epidemik tədbirlər ardıcıl şəkildə həyata keçirilir. Bu il də nazirlik tərəfindən müvafiq peyvəndlər alınaraq ölkəmizə gətirilib və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vaksinasiya prosesi oktyabr 8-dən tam təhlükəsiz və standartlara uyğun şəkildə həyata keçirilir”.

Zamirə Ədilova diqqətə çatdırıb ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada təxminən 1 milyard insan qripə yoluxur. Onlardan 3–5 milyonu ağır gedişatlı hallarla müşahidə olunur və 290 mindən 650 minədək insan bu xəstəliyin fəsadları nəticəsində həyatını itirir. Bu rəqəmlər qripin sadə, mövsümi xəstəlik deyil, qlobal səhiyyə problemi olduğunu da açıq şəkildə göstərir. “Məhz buna görə bir çox ölkələr – Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Kanada, Yaponiya və Avropa İttifaqına daxil olan dövlətlər hər il genişmiqyaslı peyvəndlənmə kampaniyaları həyata keçirir. ÜST və Avropa Xəstəliklərə Nəzarət Mərkəzi ölkələrə tövsiyə edir ki, risk qrupuna daxil olan şəxslərin - yəni yaşlıların, hamilələrin, xroniki xəstələrin və tibb işçilərinin ən azı 75 faizi vaksinasiya ilə əhatə olunsunlar. Bu, yalnız fərdi sağlamlığın deyil, bütövlükdə cəmiyyətin təhlükəsizliyinin qorunması deməkdir", - deyə o vurğulayıb.