03 oktyabr 2025 22:00
125

Qaradağda “Tarixi seçim” mövzusunda dəyirmi masa keçirilib

2025-ci il oktyabrın 3-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində YAP Qaradağ rayon təşkilatının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Tarixi seçim” mövzusunda dəyirmi masa keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə YAP Qaradağ rayon təşkilatının, Qaradağ rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Məkəzinin əməkdaşları, YAP üzvü olan fəal gənclər, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və Azərbaycanın xilası naminə apardığı çətin, lakin şərəfli mübarizə barədə videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev iştirakçıları salamlayaraq bugünki dəyirmi masanın həsr olunduğu mövzunun əhəmiyyətini vurğulayıb. O, 1993-cü ilin 3 oktyabr gününün Azərbaycan tarixində çox mühüm yer tutduğunu, müasir, müstəqil Azərbaycan dövlətinin tarixində dönüş anını təşkil etdiyini, Ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə özbaşınalığa, xaosa, iqtisadi tənəzzülə son qoyulduğunu, vətəndaş müharibəsinin qarşısının alındığını və yeni yüksəliş mərhələsinin əsasının qoyulduğunu qeyd edib. YAP rayon təşkilatının sədri bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının yetişdirib dünya siyasətinə bəxş etdiyi böyük şəxsiyyətdir. Azərbaycan xalqının baş verən faciələrdən qurtularaq demokratik-hüquqi dövlətdə yaşamaq arzusunu reallığa çevirən məhz Ümummilli Lider Heydər Əliyev olmuşdur.

Q.Əliyev tarixə qısa ekskurs edərək 1992-ci il noyabrın 21-də Ulu öndər Heydər Əliyevin xalqımızın gələcəyini düşünən ziyalılarla birlikdə Naxçıvanda Yeni Azərbaycan Partiyasını yaratması və bu partiyanın ölkəmizin sonrakı inkişafında oynadığı mühüm rol barədə də ətraflı məlumat verib.

YAP rayon təşkilatının sədri xüsusi vurğulayıb ki, 1993-cü ildə seçicilərin 98 faizindən çoxunun səsini alaraq prezident seçilən Heydər Əliyev həqiqi demokratiyanın necə olduğunu bir daha dünyayya nümayiş etdirdi. O, müstəqil Azərbaycanın demokratiya, azad bazar iqtisadiyyatı yolu il gedən və insan hüquqlarının qorunacağı bir ölkə olaçağını bütün dünyaya bəyan etdi. YAP Qaradağ rayon təşkilatının sədri vurğulayıb ki, ulu öndər Heydər Əliyevin əkdiyi ağaclar indi bəhrəsini verir. Bu gün ölkəmizdə əldə edilən uğurların hər birinin qayəsində Ulu öndərin ideyaları, onun müəyyən etdiyi siyasi kurs dayanır və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət nəticəsində Azərbaycan torpaqları işğaldan azad edildi, suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olundu, azad olunmuş torpaqlarda misli-bərabəri görünməyən quruculuq və abadlığ işləri görülməkdədir.

Dəyirmi masada çıxış edən Qaradağ Rayon İcra Hakimiyətinin humanitar və ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Səmayə Şıxəliyeva Ümummilli liderin ali idarəçilik keyfiyyətlərini və liderlik xüsusiyyətlərini qeyd edərək, 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərindən sonra Azərbaycanda bütün sahələrdə dönüş başlandığını vurğulayıb. O, Ulu öndər Heydər Əliyevin tək Azərbaycan vətəndaşlarının deyil, eyni zamanda bütün dünya azərbaycanlılarının lideri olduğunu bildirib. O, Ulu öndərin və prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə həyata keçirilən nəhəng layihələr, “Böyük Qayıdış Proqramı” barədə ətraflı bəhs edib.

Tədbirdə digər çıxış edənlər: Heydər Əliyev Mərkəzinin əməkdaşı Nuranə Darvinbəyova, “Qarabağ Qaziləri” İctimai Birliyinin Qaradağ rayon filialının sədr müavini Qafqaz Əhmədov, ABŞ Psixoloqlar Cəmiyyətinin üzvü Rəna Haqverdiyeva və başqaları xalqımızın ötən əsrin 90-cı illərinin əvvəllərində faciələrdən çıxış yolu axtararkən Azərbaycan ziyalılarının Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasını yaratmasının əhəmiyyətini xüsusi vurğulayıblar. Ölkəmizin qazandığı hazırkı uğurların kökündə Ulu öndər Heydər Əliyevin 1993-cü ildə prezident seçilməsindən sonrakı dövlətçilik fəaliyyəti ilə birbaşa bağlı olduğunu bildiriblər.

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev tədbiri yekunlaşdıraraq bir daha 1993-cu ilin 3 oktyabr tarixini xalqımızın tarixində dönüş nöqtəsi kimi səciyyələndirib və Ulu öndər Heydər Əliyevin bütün daxili və xarici təzyiqlərə, çətinliklərə sinə gərərək, müasir, müstəqil Azərbaycan dövlətini xilas etdiyini, Müasir Azərbaycanın arxitektoru olduğunu, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin isə onun qurub yaratdığı müasir Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam bərpa edərək ölkəmizi yeni inkişaf yoluna çıxardığını deyib.

Dəyirmi masanın sonunda bir qrup yeni YAP üzvünə vəsiqələr təqdim edilib və Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirilib.

Zamin Məmmədov, "İki sahil"