19 sentyabr 2025 01:27
80

Cəmi 23 saata Ordumuz tarixi qələbə qazandı və regionda sabitliyi bərpa etdi

Hər hansı qanunsuz silahlı dəstələrin, yaxud qondarma qurumların mövcudluğuna əsla imkan verilməyəcəkdir

2023-cü ilin sentyabr hadisələri Azərbaycanın müasir tarixində yeni mərhələ açdı. Sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu antiterror tədbirlərinə start verdi. Bu əməliyyatın məqsədi yalnız təxribatların qarşısını almaq deyildi, həm də ərazilərimizdə hələ də mövcudluğunu qoruyan qanunsuz silahlı birləşmələrin tərksilah edilməsini, dövlətimizin konstitusiya quruluşunun bərpasını təmin etmək idi. Cəmi 23 saat ərzində həyata keçirilən əməliyyat Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını, strateji çevikliyini və peşəkarlığını bir daha nümayiş etdirdi. Qısa müddətdə bütün qarşıya qoyulmuş vəzifələr yerinə yetirildi, təxribatçı qüvvələr zərərsizləşdirildi və ərazilərimizdə tam nəzarət bərpa olundu. Sentyabrın 20-də əməliyyatın uğurla başa çatması Azərbaycanın suverenliyi yolunda daha bir möhtəşəm qələbənin qazanıldığını təsdiqlədi.

Bu uğur yalnız hərbi üstünlüyün nəticəsi deyildi, həm də uzun illər boyunca Ermənistanın Qarabağda yaratdığı qeyri-qanuni hərbi struktur və separatçı fəaliyyətlərə qarşı sistemli addımların məntiqi nəticəsi idi. Çünki imzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi.  Bununla yanaşı, separatçı rejimin fəaliyyətinə Ermənistanın siyasi və hərbi dəstəyi də açıq şəkildə hiss olunurdu. Qondarma qurumun rəhbərləri, “nazirləri”, hətta xarici dairələrlə əlaqələr qurmağa cəhd edir, Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıyan açıqlamalar verirdilər. Azərbaycan isə bu dövrdə hər zaman sülhə üstünlük verir, regionda dayanıqlı sabitliyin yalnız qarşılıqlı etimad və hüquqi normalara hörmət əsasında mümkün olduğunu bəyan edirdi. Azərbaycan dövləti dəfələrlə xəbərdarlıq etdi ki, qanunsuz hərbi birləşmələrin mövcudluğu və onların törətdiyi təxribatlar nəinki sülh prosesini, həm də regionda sabitliyi ciddi təhdid altına qoyur. Bu səbəbdən 2023-cü il sentyabrın 19-da başlanan lokal antiterror tədbirləri zəruri və qaçılmaz idi. Çünki suveren dövlətin ərazisində qanunsuz silahlı dəstələrin saxlanılması, separatçı qurumun “seçki” adı altında fəaliyyətini davam etdirməsi qəbuledilməz idi.

Bütün bu hadisələr göstərirdi ki, Ermənistan sülh prosesinə səmimi şəkildə yanaşmır, əksinə, regionda yeni gərginlik ocaqları yaratmaqla vəziyyəti daha da mürəkkəbləşdirir. Bütün bu faktlar bir daha sübut edirdi ki, Ermənistan tərəfi üçtərəfli Bəyanatın müddəalarına əməl etməmiş, əksinə, regionda hərbi eskalasiyanı davam etdirmək üçün gizli şəkildə silahlanmanı artırmışdır. Qanunsuz şəkildə ərazilərimizdə saxlanılan bu texnikalar və ağır silah arsenalı təkcə Azərbaycanın suverenliyinə təhdid yaratmırdı, həm də bölgədə sülh və təhlükəsizliyi pozurdu. Halbuki, 10 noyabr 2020-ci il Bəyanatı açıq şəkildə Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılmasını nəzərdə tuturdu. Lakin reallıqda tam əks proses baş vermiş, separatçılar yeni istehkamlar quraraq öz mövcudluqlarını möhkəmləndirməyə çalışmışdılar.

Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində bu qanunsuz hərbi obyektlər zərərsizləşdirildi, silah-sursat anbarları məhv edildi, müasir döyüş texnikalarının böyük bir qismi sıradan çıxarıldı. Ən mühüm məqamlardan biri isə ondan ibarət idi ki, antiterror tədbirləri yalnız hərbi nəticələrlə yekunlaşmadı, həm də siyasi və hüquqi baxımdan yeni reallıqlar yaratdı. Azərbaycanın Qarabağ üzərində tam suverenliyini bərpa etməsi regionda separatçılıq probleminə birdəfəlik son qoydu. Bu, həm də göstərdi ki, dövlətimizin ərazisində yalnız Azərbaycan Konstitusiyası və qanunları qüvvədədir və hər hansı qanunsuz silahlı dəstələrin, yaxud qondarma qurumların mövcudluğuna bundan sonra əsla imkan verilməyəcəkdir.

Bununla belə, separatçıların fəaliyyətinə son qoymaq və ərazidə suverenliyi bərpa etmək kifayət deyildi. Ermənistan tərəfi yeni təxribatlara əl ataraq, mülki əhalinin təhlükəsizliyini birbaşa hədəfə aldı. İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə edilmişdir. Nəticədə mülki əhali, o cümlədən uşaqlar və yaşlılar tələfata uğradı, kənd təsərrüfatı fəaliyyətləri və bərpa-quruculuq işləri xeyli ləngidi, yollar və kənd yolları istifadəyə yararsız vəziyyətə düşdü. Azərbaycan bu təhlükəni aradan qaldırmaq üçün sistemli şəkildə minatəmizləmə tədbirləri həyata keçirdi, müvafiq qurumlar və beynəlxalq təşkilatlarla əməkdaşlıq etdi və ərazilərin təhlükəsizləşdirilməsi üçün lazımi addımlar atdı. Minalardan azad edilmiş, təhlükəsizliyinin təmin edilməsi torpaqlarda isə yenidən məskunlaşma, infrastrukturun bərpası və reinteqrasiya prosesinə başlamaq üçün real imkanlar yarandı.

Beləliklə, həm ekoloji qanunsuzluqlara, həm də hərbi təxribatlara qarşı Azərbaycan dövləti ardıcıl və qətiyyətli tədbirlər həyata keçirdi. Şuşa-Laçın yolunda keçirilən etiraz aksiyaları ictimaiyyətin səsini dünyaya çatdırmaqla yanaşı, Qarabağda baş verən qanunsuzluqlara beynəlxalq diqqəti yönəltdi. Faydalı qazıntı yataqlarının talanması, sərvətlərimizin Ermənistana daşınması yalnız iqtisadi deyil, həm də ekoloji cinayət idi və bu, Azərbaycanın suveren hüquqlarının kobud şəkildə pozulması demək idi.

“Laçın” Nəzarət-Buraxılış Məntəqəsinin yaradılması isə bütün bu qanunsuz fəaliyyətlərin qarşısını almaq baxımından həlledici addım oldu. 2023-cü ilin aprelində qurulan məntəqə qısa müddətdə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində mühüm rol oynadı. Burada həm insanların, həm də yüklərin hərəkəti tam şəkildə dövlət nəzarətinə götürüldü, Ermənistandan Qarabağa qanunsuz daşımaların qarşısı alındı. Bununla da Azərbaycan suveren ərazilərində öz sərhəd təhlükəsizliyini tam təmin etdi və Ermənistanın gizli şəkildə silah-sursat, mina və canlı qüvvə ötürməsinə son qoyuldu.

Əldə edilən nəticələr Ermənistanın illərlə yaratdığı separatçı rejimin tamamilə iflasını şərtləndirdi. Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində qeyri-qanuni silahlı dəstələr tam şəkildə tərksilah edildi, onların hərbi strukturları dağıdıldı və Qarabağ ərazisində suverenliyin bərpası təmin olundu. Əməliyyat zamanı düşmən ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla xeyli canlı qüvvə itirdi. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edildi. Bundan başqa, 1731 müxtəlif döyüş texnikası, eləcə də 18 min 664 atıcı silah ələ keçirildi.

Bu hadisələr Azərbaycanın yalnız hərbi gücünü deyil, həm də dövlətçilik iradəsini, humanist mövqeyini və hüquqa hörmətini nümayiş etdirdi. Antiterror əməliyyatı zamanı mülki əhalinin qorunması prioritet təşkil edirdi və Azərbaycan Ordusu, Dövlət Sərhəd Xidməti və digər qurumlar bu prinsipi dəqiq şəkildə həyata keçirdilər. Mobil SMS xidmətləri, səsgücləndirici texniki vasitələr və məlumat vərəqələri vasitəsilə əhali öncədən xəbərdar edildi, yaşayış yerlərinə atəş açılmaması təmin edildi. Bu, Azərbaycanın beynəlxalq humanitar hüquq normalarına riayət etməsinin və mülki şəxslərin təhlükəsizliyinə verdiyi önəmin bariz nümunəsi oldu.

Eyni zamanda, Azərbaycanın humanist və hüquqi yanaşması separatçı rejimin əsas nümayəndələrinə Qarabağda yaşayan erməni əhalisinin reinteqrasiyası üzrə təklif olunan şərtləri tanımaq və müstəqil qərar vermək imkanı yaratdı. Antiterror əməliyyatının ardından keçirilmiş görüşlərdə separatçıların və onların rəhbərlərinin fəaliyyəti təkzib edilmiş, Qarabağda qanunsuz xunta rejiminin ləğvi ilə bağlı sənədlər imzalanmışdır. Bu addımlar göstərdi ki, Azərbaycan yalnız güc tətbiq etməklə deyil, eyni zamanda hüquqa və humanizm prinsiplərinə əsaslanan siyasət ilə bölgədə davamlı sülh və sabitliyi təmin etməyə qadirdir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.Bu mərasim Azərbaycan dövlətinin suverenliyinin və ərazi bütövlüyünün tam bərpasının simvolu oldu. Prezident İlham Əliyevin şəxsən iştirak etdiyi bayraq qaldırma mərasimləri Qarabağın bütün azad olunmuş şəhərlərində dövlət hakimiyyətinin bərpasını, milli birliyin və xalq-ordu həmrəyliyinin möhkəmləndirilməsini nümayiş etdirdi. Hər bir üçrəngli bayraq yalnız simvolik deyil, həm də Azərbaycanın gücünün, qətiyyətinin və hüquqi dövlət kimi mövqeyinin ifadəsi oldu. Bu hadisələr, eyni zamanda, uzun illər işğal altında qalmış torpaqlarımızda sülh, sabitlik və bərpa prosesinin başlanğıcı kimi tarixi əhəmiyyət daşıyır.

Nigar Orucova, “İki sahil”