18 sentyabr 2025 13:02
92

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gününün təntənəsi xalqımızın mübarizə ruhunun sarsılmazlığıdır

Biz bir dövlət olaraq MüzəffərAli Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə yeni və möhtəşəm tarixlər yazırıq. Elə erməni sepatizminin iyrənc yuvasına çevrilmiş Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin işğaldaq azad edilməsi və bu münasibətlə o rayonların gününün təsis edilməsi xalqımızın milli yaddaşında, dövlətçilik təfəkküründə əbədi qalacaqdır.

Məlumdur ki, XX əsrin sonunda dövlət müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan çoxsaylı çətinliklərlə üz-üzə qaldı. Məhz həmin ağır illərdə Heydər Əliyevin siyasi dühası, milli maraqları hər şeydən üstün tutan mövqeyi ölkəmizi parçalanmaqdan, süqutdan xilas etdi. Onun yaratdığı dövlətçilik məktəbi gələcək nəsillər üçün güclü təməl oldu. O böyük xilaskarlıq missiyasını üzərinə götürərkən bir həqiqəti də açıq bəyan etmişdi: Azərbaycan əraziləri gec-tez işğaldan azad olunacaqdır. Bu gün biz qürurla deyə bilərik ki, Heydər Əliyev kursu Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi mərhələdə ən ali zirvəsinə çatdırıldı. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər, ardınca Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin tam azad olunması dövlətimizin gücünü, xalqımızın iradəsini dünyaya nümayiş etdirdi. 2023-cü ilin 15 oktyabrında bu müqəddəs şəhərlərdə Azərbaycan bayrağının qaldırılması hərbi-siyasi qələbə deyildi, həm də milli ruhun, tarixi ədalətin bərpası idi.

Müzəffər Ali Baş Komandan  İlham Əliyev dəfələrlə bəyan edirdi  ki, Azərbaycanın bayrağı işğal altındakı torpaqlarda dalğalanacaq. O vədin gerçəkliyə çevrildiyi gün xalqın yaddaşına əbədi həkk olundu. Dövlət başçısının Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə həyata keçirdiyi ardıcıl səfərlər, təməlqoyma mərasimləri, universitet, məktəb, məscid, sosial obyektlərin açılışları yalnız quruculuq siyasətinin deyil, həm də milli birliyin, güclü iradənin göstəricisidir. Ən mühümü odur ki, artıq bu bölgələrdə həyat yenidən canlanır. Qarabağ Universitetinin yaradılması, təhsil və elm mərkəzlərinin fəaliyyətə başlaması gələcək nəsillərə verilən strateji mesajdır: Qarabağ Azərbaycanın elm, mədəniyyət və inkişaf mərkəzlərindən birinə çevriləcək. Ağdərədə, Xocalıda, Xocavənddə və Xankəndidə aparılan bərpa-quruculuq işləri həm iqtisadi, həm də sosial baxımdan yeni reallığın təcəssümüdür.

Tarixi diyarımız olan Qarabağ uzun illər boyu çətin sınaqlardan keçsə də bu gün biz həmin torpaqlarda azad, güclü və suveren bir dövlətin övladları kimi yaşayırıq. Ən böyük fəxrimiz odur ki, şəhidlərimizin qanı yerdə qalmadı. Onların qəhrəmanlığı sayəsində xalqımız öz doğma yurdunda başı uca və qürurlu şəkildə ayaqdadır. Bu gün biz bütün şəhidlərimizi, o cümlədən Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin azadlığı uğrunda mübarizə aparan igidlərimizi dərin ehtiramla yad edirik. İndi,həm də bu şəhərlərin gələcəyinə olan inamımızın, xalqımızın birlik və bərabərliyinin təntənəsidir. Ölkəmizin başçsının və  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəfələrlə bu bölgələrə səfərləri, təməlqoyma mərasimlərində iştirakı, genişmiqyaslı quruculuq və bərpa işlərinə rəhbərlik etməsi Qarabağın dirçəlişinin aydın sübutudur. Onlar hər dəfə Qarabağa səfərlərində yeni sosial, mədəni və infrastruktur layihələrinin açılışını həyata keçirir, vətəndaşlarla səmimi görüşərək onların qayğı və arzularına həssaslıqla yanaşırlar.

Bəli, bu, birmənalı olaraq belədir: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü hər il təntənə ilə qeyd olunmaqla xalqımızın mübarizə ruhunu gələcək nəsillərə ötürəcək. Bu gün həm də şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram, müzəffər ordumuza minnətdarlıq, xalq-lider birliyinin möhtəşəm təntənəsidir. Azərbaycan bu gün regionun lider dövləti kimi öz sözünü deyir. Ədalətə söykənən siyasət, xalqla dövlət arasında güclü etimad bağı bizi gələcək hədəflərə aparır.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri