17 sentyabr 2025 18:26
146

Azərbaycanın müasir tarixində daha bir şərəfli gün

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatı ölkə tarixinə yeni, şanlı bir səhifə kimi daxil oldu. Sentyabrın 19-da ölkəmiz üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bu əməliyyat nəticəsində Azərbaycan 30 ilə yaxın müddətdən sonra öz beynəlxalq tanınmış ərazisində suverenliyini tam bərpa etdi. Cəmi bir gündən bir qədər az davam edən əməliyyat Azərbaycan ordusunun yüksək peşəkarlığını, texnoloji üstünlüyünü və qətiyyətini bir daha nümayiş etdirdi. Bu hadisə, həmçinin, Azərbaycanın ərazi bütövlüyü məsələsində prinsipial mövqeyinin son nöqtəsi oldu. Bu uğurlu əməliyyat nəticəsində Azərbaycan müstəqil xarici siyasətini davam etdirmək və bölgədə liderlik mövqeyini daha da möhkəmləndirmək üçün güclü bir əsas qazandı. Bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyi tam şəkildə bərpa olundu, konstitusiya quruluşu və hakimiyyətin aliliyi təmin edildi.

Bu hadisə Azərbaycanın müasir tarixinə daha bir şərəfli günün daxil edilməsinə səbəb oldu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması qərara alındı. Bu gün, Azərbaycanın müstəqillik yolunda keçdiyi çətin, amma şərəfli tarixin, 44 günlük müharibədə qazanılan zəfərin, 2023-cü ildə həyata keçirilən antiterror tədbirinin və nəticə etibarilə tam suverenliyə nail olmasının rəmzinə çevrildi. Unutmaq olmaz ki, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyünün təminatında xalq və ordu birliyi həlledici rol oynadı. Müstəqilliyimizin möhkəmlənməsi və Qarabağda qazanılan tarixi qələbələr məhz bu birliyin nəticəsi oldu. Dövlət Suverenliyi Günü həm də bu qəhrəmanlıq irsinin əbədiləşdirilməsi, xalqın fədakar övladlarının xatirəsinin əziz tutulması deməkdir. Həmin gün şəhidlərimizin müqəddəs qanı ilə yazılmış qəhrəmanlıq salnaməsinin bir daha yad olunması ordumuzun gücünün və xalqımızın iradəsinin dünyaya nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması isə bu nailiyyətlərin hüquqi və siyasi təməlini bir daha vurğulayır. Konstitusiya dövlətin hüquqi əsaslarını müəyyən edir, suverenlik isə bu əsasların həyata keçirilməsini təmin edir. Artıq Azərbaycan dövləti tam suverenliyə malikdir, ərazi bütövlüyü təmin edilmiş və daxili sabitlik möhkəmlənmişdir. Bu faktorlar yalnız tarixi ədalətin bərpası deyil, həm də gələcək nəsillər üçün dövlətçilik nümunəsi, milli birlik və həmrəyliyin növbəti təzahürüdür.

Ötən il sentyabrın 20-də Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə çıxış edən dövlətimizin başçısı bildirdi ki, düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir: “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”. Beləliklə, Əməliyyat BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və beynəlxalq hüququn Azərbaycanın ərazi bütövlüyü ilə bağlı müddəalarının yerinə yetirilməsi olmaqla ölkəmizin regionda sülhün və təhlükəsizliyin təminatçısı kimi çıxış etməyə qadir olduğunu göstərdi. Bu, beynəlxalq hüquq normalarının pozulmasının qəbuledilməz olduğunu bir daha sübut etdi, Azərbaycan Ordusunun yüksək peşəkarlığını, müasir hərbi texnologiyalardan istifadə qabiliyyətini və döyüş ruhunu nümayiş etdirdi.

Anar Məmmədov,
Milli Məclisin deputatı