Böyük Britaniyada monarxiyaya dəstək rekord həddə azalıb.
“İki sahil” “Independent”ə istinadla xəbər verir ki, Britaniya sosial münasibətlər sorğusunda (BSA) “monarxiyanı qorumaq vacibdir” deyənlərin faizi kəskin şəkildə enib.
1983-cü ildə bu sual ilk dəfə verildikdə əhalinin 86 faizi monarxiyanın vacib olduğunu söyləyirdi. 2024-cü ildə isə bu göstərici cəmi 51 faiz olub.
Milli Sosial Tədqiqatlar Mərkəzi (NatCen) qeyd edib ki, bu nəticə son 42 ildə aparılan ictimai rəy ölçmələrinin ən aşağı göstəricisidir. Araşdırma göstərir ki, hərçənd əhalinin yarıdan bir qədər çoxu hələ də monarxiyanın saxlanılmasını seçkili dövlət başçısından üstün tutur, krallığa dəstək əvvəlki dövrlərlə müqayisədə ciddi şəkildə zəifləyib.
Mütəxəssislər hesab edirlər ki, ictimai rəydə bu dəyişikliklər kral ailəsinin nüfuzuna, həmçinin gənc nəsil arasında monarxiyanın gələcəyi ilə bağlı şübhələrin artmasına işarədir.