Daxil olmuş müraciət əsasında Bakının Yasamal rayonunda Məhəmməd Xiyabani küçəsi, 14 ünvanında yerləşən "Füzuli" kafesində yoxlama aparılıb.
“İki sahil” xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstədiyi, temperaturun monitorinqinin aparılmadığı, müəssisədə və ət satışı sahəsində qida ilə təmasda olan səthlərin asan yuyulub təmizlənə bilən materialla üzlənmədiyi müşahidə edilib.
Eyni zamanda, bəzi qida məhsullarının birbaşa döşəmənin üzərində saxlanıldığı, işçilərin tibbi müayinədən keçirilmədiyi, istifadə olunan ət, süd, turşu və mürəbbə məhsullarının üzərində qanunvericiliyə uyğun olaraq markalanma aparılmadığı, məhsulların keyfiyyət və təhlükəsizlik sənədlərinin mövcud olmadığı, müəssisədə hazırlanan yemək və yarımfabrikatların üzərində hazırlanma tarixi barədə markalanma aparılmadığı aşkarlanıb.
Müəssisədə emal olunan məhsullardan nümunələr götürülərək, mikrobioloji və DNT analizlərinə cəlb olunmasına məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təhvil verilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib.