13 avqust 2025 16:38
222

Botoks və dolğularla bağlı XƏBƏRDARLIQ

Bəzi özəl tibb müəssisələrində “Botulinum toksini” (botoks), estetik dolğular (məsələn, hialuron turşusu tərkibli vasitələr) və mezopreparatlar (vitamin, amin turşusu, peptid qarışıqları) rəsmi idxal icazəsi və keyfiyyət sənədləri olmadan istifadə olunur.

“İki sahil” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli 345 nömrəli Qərarına əsasən, bütün dərman və tibb vasitələri (o cümlədən inyeksiya olunan estetik preparatlar) yalnız Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra ölkəyə idxal oluna bilər. Qeydiyyatsız preparatların idxalı və istifadəsi qanunla qadağandır.

"Mənşəyi məlum olmayan bu maddələr insan sağlamlığı üçün ciddi risk yaradır: ağır allergik reaksiyalar, sinir sistemi və dəri zədələnmələri, digər ciddi fəsadlar mümkündür. Tibbi və kosmetoloji prosedurlar yalnız lisenziyalı tibb müəssisələrində, müvafiq ixtisasa malik həkimlər tərəfindən icra edilməlidir.

Vətəndaşlara tövsiyə olunur: Yalnız dövlət qeydiyyatlı məhsullardan istifadə edən klinikalara müraciət edin. Sosial şəbəkələrdə reklam olunan ucuz prosedurlara qarşı ehtiyatlı olun. İstifadə edilən preparatın adını, istehsalçı ölkəsini, uyğunluq sertifikatını və qeydiyyat vəsiqəsini tələb edin.