YAP Masallı rayon təşkilatı Təklə ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik” ili çərçivəsində “Tarixi Zəfərimiz” mövzusunda tədbir keçirmişdir.
“İki sahil” xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxışında qeyd etdi ki, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Azərbaycan hazırda öz tarixinin çox şərəfli, inkişaf, yüksəliş dövrünü yaşayır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni qələbələrə doğru qətiyyətlə addımlayır. 2020-ci il 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin cəbhəboyu təxribatlarına cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başladı. Bir yumruq kimi birləşən xalqımız düşmənin layiqli cavabını verdi. Hər günü bir tarix olan Vətən müharibəsi cəmi 44 gün çəkdi. Amma 44 ilə, qərinəyə, əsrə, bəlkə də minilliklərə meydan oxudu. Tarixin dərin qatlarından zəmanəmizə gəlib çatan qəhrəmanlıq dastanlarına yeni Zəfərlər yazıldı. Nə axan qanlar bizi qorxutdu, nə də verdiyimiz şəhidlər.
Seyfəddin Əliyev məğlubedilməz ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı möhtəşəm Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı deyərək qeyd etdi ki, dünya hərb tarixinə isə yeni bir səhifə açaraq, gücünü və haqlı tərəf olduğunu sübuta yetirdi. “8 noyabr 2020-ci il Vətən müharibəsindəki Zəfərimiz Qarabağ dərdimizə məlhəm oldu. Bu mənada, Azərbaycan ordusunun əldə etdiyi tarixi zəfər dövlətimizin və xalqımızın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. İkinci Qarabağ müharibəsi xalqın uzun illər itirilmiş inam hissini özünə qaytardı. Bu qələbə hər bir vətəndaşın həyatında dönüş nöqtəsinə çevrildi. Artıq məcburi köçkün, qaçqın sözləri leksikonumuzda yoxdu. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında güclü ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!”.
Təşkilat sədri sonda vurğuladı ki, müasir dövrdə beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər baş verməkdədir. Onun sözlərinə görə, qlobal kataklizmlər fonunda yeni geosiyasi reallıqların meydana çıxdığı – çoxqütblü dünya nizamına transformasiya prosesinin vüsət aldığı bir dönəmdə dövlətçilik maraqlarının qorunması olduqca vacibdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq öz ərazi bütövlüyünü, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində isə tam suverenliyini bərpa edərək keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan Respublikası da belə bir tarixi dövrdə son dərəcə aktual çağırışlarla qarşı-qarşıyadır. Siyasi sabitliyin və milli birliyin qorunması, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, regionda daimi sülhə, etibarlı təhlükəsizliyə və çoxşaxəli əməkdaşlığa nail olunması bu baxımdan müstəsna əhəmiyyət daşıyır. Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın demokratik dünya birliyinə inteqrasiyasını sürətləndirir və bu istiqamət ölkəmizin əsas prioritetidir. Konstitusiyamıza əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.
Tədbirdə Təklə ərazi partiya təşkilatının sədri Elşən Bəşirzadə çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Hərbçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir və tarixi zəfərimizlə bütün beynəlxalq ictimaiyyət bir daha bunun canlı şahidi oldu. 44 günlük Vətən müharibəsiylə biz bütün dünyaya göstərdik ki, yenilməz xalqıq. “Konstitusiya və Suverenlik İli” ölkəmizin hərtərəfli inkişafında mühüm mərhələ olacaq, qüdrətli Azərbaycanın dünya ölkələri birliyində özünə layiqli yer tutmasında, müstəqilliyimizin dönməz və əbədi olmasında əvəzsiz rol oynayacaq.
Tədbirdə iştirak edən Ramil Həsənov, Mikayıl Rufullayev və başqaları Vətən müharibəsində qazanılan möhtəşəm Qələbənin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əzmkarlığının, xalqımızın birliyinin, həmrəyliyinin, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin misilsiz qəhrəmanlıqlarının qələbəsi olduğunu iftixar hissi ilə vurğulamış və qəhrəman şəhidlərimizin keçdiyi şərəfli döyüş yollarından, göstərdikləri şücaətlərdən bəhs etmişlər.