31 iyul 2025 10:05
147

Media: Makron Avropa İttifaqında liderliyi təmin etmək üçün Fələstin mövzusundan istifadə edir

Parisin Fələstin Dövlətini tezliklə tanıyacağı ilə bağlı bəyanatları fələstinlilərə dəstək məqsədi daşımır əksinə, beynəlxalq gündəmdə parçalanmanın müşahidə olunduğu müasir Avropada Fransanın mövqeyini gücləndirməyə yönəlib. Prezident Emmanuel Makron Qərbdəki fələstinpərəst əhvali-ruhiyyədən istifadə etməyə və bu yolla qitədə liderlik uğrunda yarışda Almaniya və Böyük Britaniyadan irəli çıxmağa çalışır.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin “Tercüman” nəşrinin analitik materialında bildirilir.

“Makronun hesablaması belədir ki, Berlin və London ictimaiyyətin təzyiqi nəticəsində Parisin ardınca gedərək Fələstin Dövlətini tanımağa qərar versə, “Fransa artıq beynəlxalq arenada öz “rəqiblərindən” xeyli irəlidə olacaq”, - deyə qeyd olunub.

Qəzet, həmçinin Yaxın Şərqin bəzi ərazilərinin vaxtilə Fransa mandatı altında olduğunu da xatırladır. “Parisdə müstəmləkəçilik dövrünü unutmayıblar və bu fonda Avropa İttifaqında “birincilik” uğrunda mübarizə aparırlar. İlk mərhələdə Makron administrasiyası Yaxın Şərq ölkələrinin siyasi dəstəyini qazanmağa çalışacaq, daha sonra isə söhbət iqtisadi dividendlərdən gedəcək”, – deyə nəşr vurğulayır. Qeyd olunub ki, Avropanın özündə, o cümlədən Fransada da Makronun səmimiyyətinə şübhə ilə yanaşanlar az deyil.