Naxçıvan Dövlət Universitetinin iki tələbəsi Aysu Adıgözəlli və Ayxan Nəbizadə Macarıstan Hökumətlərarası Təqaüd Proqramının (HTP) qalibi olub. Tələbələr Macarıstan Hökuməti ilə Azərbaycan Respublikası arasında imzalanmış ikitərəfli saziş əsasında həyata keçirilən Macarıstan HTP çərçivəsində təqaüd qazanaraq növbəti tədris ilində Macarıstanın nüfuzlu ali təhsil müəssisələrində təhsillərini davam etdirmək hüququ qazanıblar.
“İki sahil” xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qalib tələbələrdən olan Aysu Adıgözəlli ilə görüşüb. Rektor tələbələrin bu uğurunu yüksək qiymətləndirib, onların beynəlxalq təhsil mühitinə çıxış əldə etməsinin universitet üçün həm akademik, həm də strateji əhəmiyyət daşıdığını bildirib.
“Universitetimizin tələbələrinin beynəlxalq təqaüd proqramlarında uğurla iştirak etməsi bizim üçün qürurverici haldır. Bu, bir tərəfdən tələbələrimizin bilik və bacarıqlarının göstəricisidirsə, digər tərəfdən universitetimizin beynəlmiləlləşmə istiqamətində atdığı addımların real nəticəsidir ” – deyə rektor qeyd edib.
NDU-nun Beynəlxalq münasibətlər ixtisasının məzunu Aysu Adıgözəlli proqram çərçivəsində seçdiyi ixtisas, qəbul olduğu Macarıstan universiteti və gələcək planları barədə ətraflı məlumat verib. O, təhsilini uğurla başa vuraraq Azərbaycan təhsilinə, xüsusilə də Naxçıvan Dövlət Universitetinə töhfə vermək istədiyini vurğulayıb.
Görüşün sonunda rektor Elbrus İsayev təbrik edərək ona simvolik hədiyyə təqdim edib və uğurlu təhsil yolu arzulayıb.
Qeyd edək ki, digər qalib tələbə Ayxan Nəbizadə NDU-nun İqtisadiyyat (tədrisi ingilis dilində) ixtisasının məzunudur. Hər iki tələbə Macarıstan Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Avropa ali təhsil sistemində bilik və bacarıqlar qazanmaq imkanı ələ edəcək. Eləcə də, proqrama uyğun olaraq qalib tələbələr təhsil haqqından azad olunacaq, yaşayış və digər əsas xərcləri təqaüd hesabına qarşılanacaq.