30 iyul 2025 11:44
145

Bəşəriyyət son 22 ildə yeraltı su ehtiyatlarının böyük bir hissəsindən məhrum olub

Arizona Universitetindən (ABŞ) olan iqlimşünaslar, geofiziklər və hidroloqlardan ibarət beynəlxalq tədqiqat qrupu müəyyən edib ki, son 22 ildə buzla örtülməmiş quru ərazilər görünməmiş sürətlə su ehtiyatlarını itirib. Alimlər NASA-nın GRACE və GRACE-FO peyklərinin müşahidə məlumatlarını təhlil edərək bu nəticəyə gəliblər.

Araşdırma göstərib ki, mənfi su balansına malik quru ərazilərin sahəsi hər il təxminən 830 min kvadrat kilometr artıb. Bu proses Şimal yarımkürəsində daha intensiv gedib və dörd böyük “meqaquruma” regionu formalaşıb: Kanada və Alyaskanın şimalı, Rusiyanın şimalı, ABŞ-ın cənub-qərbi və Mərkəzi Amerika. Daha bir iri “quruma zonası” Şimali Afrikadan başlayaraq Avropa və Yaxın Şərqi keçib, Çinə və Cənub-Şərqi Asiyaya qədər uzanıb.

“İki sahil” xəbər verir ki, “Science Advances” jurnalında dərc olunan araşdırmada bu hadisə "kontinental quruma" adlandırılıb. Onun nəticələrini isə artıq milyardlarla insan hiss edir. Əsas səbəblər iqlim dəyişikliyi və insan fəaliyyəti olub.

Buzla örtülməmiş ərazilərdə itirilmiş suyun təxminən 68 faizi yeraltı suların azalması ilə bağlıdır ki, bu da xüsusilə Mərkəzi Asiya, Meksika, Kaliforniya, Hindistan və Ərəbistan yarımadasında müşahidə olunub. Qalan 32 faiz isə səth sularının azalması, qar örtüyü və buzlaqların əriməsi, eləcə də torpaq və bitki örtüyünün uzun müddət susuz qalması ilə bağlı olub. Əsas faktorlar suya artan tələbat və yağışlı dövrlərdə belə, bu itkilərin kompensasiya edilə bilməməsidir.

Tədqiqatçılar həmçinin kontinental quruma nəticəsində Dünya okeanının səviyyəsinin artmasına diqqət yönəldirlər. Son illərdə okeanlara daxil olan şirin suyun əsas mənbəyi buzlaqlar yox, məhz quru ərazilər olub. Yeraltı suların nasoslarla çıxarılması, daimi donmuş ərazilərin əriməsi və su hövzələrinin tükənməsi artıq Qrenlandiya və Antarktidadakı buz təbəqəsindən daha çox təsir göstərir. Qeyd olunur ki, quruma sürəti 2014-cü ildən etibarən, yəni ən güclü “El Nino” hadisəsinin baş verdiyi ildən bəri xeyli artıb.

Alimlərin fikrincə, su ehtiyatlarının tükənməsinin qarşısını almaq üçün yeraltı suların istifadəsini ciddi şəkildə azaltmaq lazımdır. Əks halda, insanlıq təkcə şirin su qıtlığı ilə deyil, həm də dəniz səviyyəsinin daha sürətli qalxması ilə üzləşə bilər.

Elmi işin müəllifləri bildirirlər ki, yeraltı suların azalması ekosistemlərə və ölkələrin iqlim dəyişikliyinə uyğunlaşma qabiliyyətinə mənfi təsir göstərir. Bu xüsusilə vacibdir, çünki hazırda Yer kürəsinin əhalisinin təxminən 75 faizi, yəni təxminən altı milyard insan davamlı olaraq azalan su ehtiyatları olan ölkələrdə yaşayır.

“Kontinental quruma sadəcə iqlim statistikası deyil. Bu, qlobal su təhlükəsidir. Onu görməzliyə vurmaq gələcək nəsilləri bilərəkdən riskə atmaq deməkdir”, – deyə tədqiqatçılar xəbərdarlıq edirlər.

Alimlərin narahatlıq keçirdiyi yeraltı su ehtiyatlarının tükənməsi ilə bitkilərin böyüdüyü torpağın üst qatının quruması bir-birindən fərqli proseslərdir. Sonuncu hal bu gün üçün təhlükə yaratmır, çünki Yer üzündə qlobal yaşıllaşma baş verir, bu isə insan fəaliyyəti nəticəsində havaya atılan CO₂ qazı və iqlim dəyişikliyi ilə bağlıdır.