İllər öncə bizim əsas məlumat mənbəyimiz yalnız ənənəvi media idi. Bu gün isə informasiya sahəsi daha geniş, çoxşaxəli və mürəkkəb bir sistemə çevrilib. Artıq xəbərlər təkcə media orqanlarında deyil, sosial mediada da yaranır, yayılır və formalaşır.
“İki sahil” xəbər verir ki, bu sözləri Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Alexandru Giboi Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı” mövzulu paneldə deyib.
O qeyd edib ki, mürəkkəb informasiya axını içində insanın rolu daha da böyüyüb. İnsan artıq sadəcə informasiya istehlakçısı deyil, o, məlumatı qavrayıb dəyərləndirən, təhlil edən və nəticə çıxaran subyektdir. Hər bir fərd doğru ilə yalanı ayırd etməyi bacarmalıdır.
“Bəzi xəbərlər neytral olur, bəziləri isə birbaşa bizim şəxsi həyatımıza, qərarlarımıza, düşüncə tərzimizə təsir edir. İnformasiyanın forması və tonu insanı müəyyən bir qərar verməyə yönləndirə bilir. Elə buna görə də dezinformasiya, yəni məqsədli şəkildə yayılan yanlış məlumat bu gün media mühitində ən təhlükəli təhdidlərdən biridir.
Ancaq sevindirici haldır ki, artıq bir çox insanlar bu yanlış axınları sezməyi, təhlil etməyi və fərqinə varmağı öyrənirlər. Bu da göstərir ki, informasiya savadlılığı getdikcə artır və bu sahədə görülən işlər nəticə verir”,- deyə Alexandru Giboi vurğulayıb.
O əlavə edib ki, bu gün biz yenidən qurulmuş bir şəhərlə, bərpa edilən Şuşa ilə üz-üzəyik. Burada olmaq, bu torpağın nəfəsini almaq böyük məsuliyyət və qürur hissidir: “Mən buraya ilk dəfə gələndə bizə xəbərdarlıq edilirdi ki, ehtiyatlı olun, bəzi ərazilər minalanmış ola bilər. Lakin bu gün qarşımızda tam fərqli bir mənzərə var, dirçəlmiş, inkişaf edən və gələcəyə inamla addımlayan bir şəhər”.