19 iyul 2025 23:23
167

Daşkəsəndə kənd təsərrüfatı məhsulları festivalı keçirilib

Daşkəsən rayonunun yaradılmasının 95 illik yubiley tədbirləri çərçivəsində Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində “Daşkəsən kənd təsərrüfatı məhsulları festivalı” keçirilib.

“İki sahil” xəbər verir ki, festivalın məqsədi Daşkəsən rayonunda ailə kəndli və fermer təsərrüfatlarının inkişafını təşviq etmək, yerli istehsalçıların məhsullarını tanıtmaq və ekoloji təmiz qida məhsullarını daha geniş kütləyə nümayiş etdirmək, həmçinin heyvandarlıq, arıçılıq, qurudulmuş və təzə dərman bitkiləri, dağ-meşə meyvələri, tərəvəz, ət və süd məhsulları, o cümlədən digər kənd təsərrüfatı sahələrinin inkişafına dəstək olmaqdır.

Festivalın əsas mövzusu “Təbii, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları” olub. Burada iştirakçılar yerli ailə təsərrüfatları və fermerlər tərəfindən istehsal olunan keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə tanış olub və birbaşa istehsalçılardan alış ediblər. Eyni zamanda festivalda təbii üsullarla sağlamlığını qorumaq istəyən insanlara faydalı seçimlər təqdim edilib.

Sərgi-yarmarka, yarış və müsabiqələr, habelə mədəni tədbirlərdən ibarət olan tədbirdə musiqi, folklor çıxışları, kənd həyatına həsr olunmuş teatr tamaşaları və uşaqlar üçün oyun proqramlar təşkil edilib.

“Dadlı Daşkəsən” guşəsində milli mətbəx nümunələrinin təqdimatı, fermerlər arasında “Ən yaxşı stend” üzrə müsabiqələr və münsiflər heyəti tərəfindən qiymətləndirmə, uşaq və yeniyetmələr üçün əyləncə və idman proqramı da festival iştirakçılarının marağına səbəb olub. Festival konsert proqramı və atəşfəşanlıqla başa çatıb.