“İslahat Könüllüləri” Təşkilatının təşəbbüsü ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn ictimai-siyasi xadimlərlə gənclər arasında keçirilən və silsilə xarakteri daşıyan görüşlərin əhəmiyyətini vurğulayıb, yeni nəslin vətənpərvər ruhda tərbiyəsinin vacibliyini qeyd edib.
Daha sonra çıxış edən Vüqar Rəhimzadə 14 iyul 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanın inkişaf tarixində başlanmış yeni mərhələdən söz açıb. O vurğulayıb ki, həmin tarix yalnız siyasi deyil, həm də ideoloji, mədəni və informasiya sahəsində bir dirçəliş dövrünün başlanğıcı olub.
Millət vəkili daha sonra milli mətbuatın yaranmasından bu günə qədər keçdiyi 150 illik zəngin tarixi yol barədə geniş məlumat verib. Bildirib ki, Həsən bəy Zərdabidən başlayan bu yolda mətbuatımız təkcə informasiya vasitəsi yox, həm də maarif, vətənpərvərlik, milli dəyərlər və ictimai məsuliyyət tribunası kimi çıxış edib. O, mətbuatın maarifləndirici gücünü, sözün cəmiyyətə təsirini və medianın ictimai şüurun formalaşmasında oynadığı rolu vurğulayıb.
Səmimi və interaktiv keçən görüşdə Vüqar Rəhimzadə gənclərin suallarını cavablandırıb, onları daim öyrənməyə, araşdırmağa, yazmağa və milli dəyərləri yaşatmağa çağırıb.
Tədbirdə “İslahat könüllüləri” ilə yanaşı, "Turizm Könüllüləri" İctimai Birliyi,"KOBİA" İctimai Birliyi, "Könüllü Gömrükçü" dəstəsi,"Gənc Könüllülər" İctimai Birliyinin üzvləri iştirak ediblər.