Naxçıvan Muxtar Respublikasında bu il 172 fermer 180 minə yaxın heyvanını yaylaqlara qaldırıb. Hazırda heyvanlar əsasən Şərur, Ordubad, Culfa, Şahbuz və Kəngərli rayonlarının yaylaq sahələrində yerləşdirilib. Muxtar respublikada ümumilikdə 21 min 105 hektar yaylaq sahəsi fermerlərə icarəyə verilib. Yaylaqlara köç iyun ayından başlanıb.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev Şahbuz rayonunun yaylaqlarında obalarda yerləşmiş fermerlərlə görüşüb, vəziyyət, heyvanlara baytar xidmətləri ilə tanış olub. Ən çox məskunlaşmış yaylaqlar sayılan Şahbuz rayonu yaylaqlarında hazırda 90 fermerin 100 minə yaxın xırdabuynuzlu heyvanı yerləşdirilib.
Fermerlərlə görüşlərdə otlaq və torpaq sahələrinin vəziyyəti öyrənilib, otlaq mühitinin davamlılığının təmin olunması və baytarlıq xidmətlərinin təşkili müzakirə edilib. Hazırda yaylaqlarda çiçək xəstəliyinə qarşı dövlət tərəfindən aparılan peyvəndləmə işləri izlənilib, baytarlıq xidmətlərinin əlçatanlığı yoxlanıb. Fermerlərə epizootik vəziyyətin sabitliyi üçün vaksinasiya və dezinfeksiyanın vacibliyi bildirilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında heyvandarlıq kənd təsərrüfatının aparıcı sahəsini təşkil edir və ümumi kənd təsərrüfatı məhsullarının 90 faizini əhatə edir. 2025-ci ilin ilk beş ayında muxtar respublikada ümumi dəyəri 86 milyon 631 min 300 manat olan kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bunun 78 milyon 64 min 400 manatı heyvandarlıq sahəsinə aiddir.