14 iyul 2025 18:50
104

1969-cu il 14 iyul - Azərbaycanın yeni tarixində müstəsna yeri olan gün

Qaradağ rayonunda Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 56-cı ildönümü qeyd edilib

İyulun 14-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Əli Əmirov adına NQÇİ-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 56-cı ildönümü qeyd edilib.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Ə.Əmirov adına NQÇİ-nin rəisi Ayaz Bağırov, ərazi partiya təşkilatının sədri İlqar Yusifov, YAP rayon təşkilatının aparatının və idarənin əməkdaşları iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlrimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbiri açıq elan edən Ə.Əmirov adına NQÇİ-nin rəisi Ayaz Bağırov 1969-cu il 14 iyul gününün Azərbaycanın yeni tarixində müstəsna yeri olduğunu vurğuladı. O xatırlatdı ki, həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin- yəni bu günkü müstəqil dövlətimizin iqtisadi qüdrətinin təməli qoyuldu. Bu baxımdan Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Ümummilli Lider bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir.

Tədbirdə əsas məruzə ilə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyytə gəlişindən sonra həyata keçirdiyi möhtəşəm quruculuq işləri, bütün sahələri əhatə edən islahatlar barədə ətraflı məlumat verdi. O vurğuladı ki, Azərbaycan tarixinin son 56 ili Ulu öndərin adı və siyasi fəaliyyəti ilə sıx şəkildə bağlı olub. Həmin dövrdə hər bir siyasi və tarixi əhəmiyyət kəsb edən hadisə və prosesləri Ulu öndərin iştirakı və xidməti olmadan izah etmək mümkün deyil.

Məruzəçi Ümumilli liderin anadan olduğu tarixi şərait, keçdiyi həyat yolu, təhsil aldığı və ilk əmək fəaliyyətinə başladığı dövrün onun bir tarixi şəxsiyyət kimi yetişməsində oynadığı rolu geniş təhlil edərək, zəngin və keşməkeşli həyat yolu haqqında geniş bəhs etdi. O vurğuladı ki, həmin dövrdə aldığı təhsil, dövlət təhlükəsizlik orqanlarında keçdiyi şərəfli yol 1969-cu ilin iyulunda Azərbaycan Respublikasında rəhbər seçilmək üçün Heydər Əliyevin tam hazır bir kadr kimi yetişməsinə şərait yaradıb və beləliklə, o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin həmin vaxt keçirilmiş plenumunda Azərbaycan KP MK-nın birinci katibi seçilib.

Qafar Əliyev qeyd edib ki, həmin tarixdən etibarən Azərbaycan Respublikasının adı keçmiş SSRİ ərazisində çox sürətlə yüksəldi, iqtisadi, siyasi və mənəvi həyatın bütün sahələrində canlanma yarandı və geridə qalmış respublika dinamik inkişaf yoluna çıxıdı. Heydər Əliyevin Azərbaycan Sovet Sosialist Respublikasına rəhbərlik etdiyi 14 il ərzində Azərbaycanda sənaye və kənd təssərrüfatı məhsulları artdı, milli gəlir yüksəldi və Azərbaycan xalqının yaşayış və həyat səviyyəsi xeyli yaxşılaşdı.

YAP Qaradağ rayon təşkilatının sədri xatırladıb ki, Heydər Əlirza oğlu Əliyev 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilib, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifələrdə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etməklə bərabər, bir an belə Azərbaycan Respublikası ilə əlaqəni kəsməyib, sovet rejimi çərçivəsində respubilka iqtisadiyyatının yüksəlməsi, mənəvi və milli dirçəlişi üçün əlindən gələni əsirgəməyib.

Məruzəçi qeyd edib ki, Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. O, xatırladıb ki, Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb. Həmçinin Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.

Qafar Əliyev qeryd edib ki, 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq versə də Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

2003-cü il dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

YAP rayon təşkilatının sədri qeyd edib ki, bu gün Azərbaycanın bütün sahələrində Ulu Öndər Heydər Əliyevin böyüklüyü görünür. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub. Müasir dövrümüzdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu islahatlar aparılır, Azərbaycan regionun lider dövlətinə çevrilib, diplomatiya sahəsində uğurlar əldə edilib.

Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət və güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələnib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Zəfər yürüşünə başlaması və 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın silahlı qüvvələrini darmadağı edərək Qələbə qazanması tariximizə yeni dövr olaraq daxil olub. Prezident İlham Əliyevin dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirib. Artıq beş ildir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. Bütün bunlar Böyük qayıdışın tezliklə reallaşacağını, ata-baba ocaqlarından didərgin düşümüş soydaşlarımızın tezliklə evlərinə qayıdacağını deməyə ciddi əsas yaradıb. Heç kim şübhə etmir ki, Ulu öndərin müəyyən etdiyi strateji inkişaf xəttini uğurla həyata keçirən Azərbaycan ən böyük uğurlara imza atacaq.