14 iyul 2025 18:42
125

Erkən nikahlar, puç olan arzular...

Erkən nikah yaxud uşaq nikahları 18 yaşından az olan uşaqların fiziki, mənəvi və psixoloji cəhətdən evliliyə və uşaq sahibi olmaq məsuliyyətini daşımağa hazır olmadan bağlanan nikahlardır. Erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur və psixologiyalarına mənfi təsir göstərir.  Erkən nikahlar beynəlxalq səviyyədə uşaq istismarının bir növü hesab edilir. AR Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən edilmişdir Nikah yaşının 18 olmasına baxmayaraq bəzi hallarda qızlar uşaq yaşlarında özlərindən neçə yaş böyük biri ilə evləndirilir. Belə halda erkən nikaha məcbur edilmiş qızların psixologiyası ağır zərbə alır. Onların bir fərd kimi yetişməsi, inkişafı yarımçıq qalır.

 Erkən nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir. Yeniyetməlik dövrü uşaqların fiziki, psixoloji, bioloji və sosiallasma cəhətdən sürətli inkişaf dövrüdür.  İnsan həyatının ikinci böyümə və inkişaf etmə dönəmi olan həmin zaman aralığı şəxsiyyətin formalaşması zamanıdır.  Yeniyetməlik dövründə nikaha daxil olmaq, ailə qurmaq , uşaq sahibi olmaq uyğun dönəm hesab edilmir. Bu səbəblədə ictimai inkişafını tamamlamamış olan bu yaşlardakı uşaqların evləndirilməsi problemlərə səbəb olur. Evlilik şəxsin seçim edə biləcəyi bir hadisə olduğu halda erkən evlilik onun seçim haqqının əlindən alınmasıdır. Erkən nikahlar uşaqların uşaqlıqlarının əlindən almaqla onların inkişafında travmalara səbəb olur.  Bu insanlara erkən yaşda ailə, ev, uşaq baxımı kimi məsuliyyətlər yüklənir və onlar şəxsi inkişafdan yoxsul qalırlar. Erkən nikaha girən qızlar ana və uşaq ölümü, təhsildən və inkişafdan məhrum edilmə, sosial və iş imkanlarının məhdudlaşması, yoxsulluq, məişət zorakılığı kimi ciddi problemlərlə üzləşir.

Erkən nikahların olmasının ən böyük səbəbkarı isə ailələrdir. Valideynlər erkən yaşda öz qızlarının həyatını məhv edirlər. Bunların qarşısını almaq üçün cəmiyyət maarifləndirilməlidir.

Erkən nikah qızların təhsil almasına, gələcəyini qurmasına mane olur. Qızların təhsil almaq hüququnu heç kim onların əlindən ala bilməz. Hər bir qızın təhsil almaq haqqı var. Təhsilli bir qadın təhsilli bir cəmiyyət deməkdir. Qızların əlində nikah kağızı əvəzinə diplom olmalıdır. Qızlarınıza cehiz əvəzinə əvvəlcə kitab verin. Gələcəyimizə təhsilli qızlar və qadınlar lazımdır. Ulu Öndərimizin qeyd etdiyi kimi təhsil millətin gələcəyidir.    

Xavər Hacıyeva,
Bakı Slavyan Universitetinin Jurnalistika ixtisası üzrə II kurs tələbəsi