14 iyul 2025 01:48
135

Almaniya Prezidenti məcburi hərbi xidmətin bərpası təklifini dəstəkləyib

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer son vaxtlar ölkədə ciddi müzakirə olunan məcburi hərbi xidmətin bərpasına dəstəyini ifadə edib.

“İki sahil” xəbər verir ki, Prezident ZDF televiziyasına müsahibəsində Rusiya-Ukrayna müharibəsini “Avropada real müharibə” adlandıraraq, Almaniyanın dəyişmiş təhlükəsizlik şəraitinə uyğun hərbi nəticələr çıxarmalı olduğunu bildirib. Onun sözlərinə görə, ölkənin daha yaxşı müdafiəsi üçün Silahlı Qüvvələrin (Bundesver) şəxsi heyətinin gücləndirilməsi vacibdir və məcburi hərbi xidmətin yenidən tətbiqi bu baxımdan əsas vasitələrdən biridir.

Frank-Valter Ştaynmayer Almaniyanın müdafiə naziri Boris Pistoriusun silahlı qüvvələri daha cəlbedici etmək yönündə çağırışının doğru olduğunu vurğulayıb. Prezident hərbi xidmətin dərhal tətbiq edilə bilməsə də, ciddi şəkildə müzakirəyə çıxarılmasını və 2011-ci ildə xidmətin dayandırılmasından sonra ləğv olunan infrastruktur və təlim imkanlarının bərpasına hazırlıq işlərinin görülməsinin vacibliyini qeyd edib.

Federal Prezident, həmçinin Avropa İttifaqı və NATO çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. NATO-nun Haaqada keçirilən sonuncu Sammitinin ümidverici olduğunu qeyd edən Frank-Valter Ştaynmayer bildirib ki, həmin tədbirdə Avropa dövlətləri daha çox məsuliyyət daşımağa hazır olduqlarını nümayiş etdirib. Bu, müharibə aparmaq yox, əksinə, onun qarşısını almaq məqsədi daşıyır.