13 iyul 2006-cı ildə Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan (Adana vilayəti) limanında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin, eləcə də dünyanın neft şirkətlərinin rəhbərlərinin iştirakı ilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə çıxış edənlər BTC-ni XXI əsrin "Böyük İpək Yolu", Azərbaycanın, eləcə də regionun simasını dəyişəcək layihə kimi dəyərləndirmişdilər.
Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirən BTC-nin ideya müəl¬lifi Ümummilli Lider Heydər Əliyevdir. Məlum olduğu kimi, Ulu Öndərin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarı¬na nəqli ilə bağlı idi. Bu yolda müəyyən maneələr olsa da, Ümummilli Lider onu reallaşdırmağı bacarmışdır.
Xatırladaq ki, BTC-nin çəkiləcəyi ilk dəfə 1998-ci il aprelin 26-da Azərbay-can, Gürcüstan və Türkiyə prezidentlə¬rinin Trabzon görüşündə dəqiqləşdirilib. Həmin il oktyabrın 29-da isə Ankarada Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan prezidentləri, eləcə də ABŞ-nin energetika naziri tərəfindən Bakı–Tbilisi–Ceyhan marşrutu ilə əsas ixrac kəmərinin çə¬kilməsi ideyasını müdafiə edən Ankara Bəyannaməsinin imzalanması ilə bu layihəyə dair ilkin razılaşma əldə olunub.
Ulu Öndər 1999-cu il sentyabrın 20-də Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) “Əsrin müqaviləsi”nin beşinci ildönümünə həsr edilmiş təntənəli mərasimdəki çıxışında demişdir: “Mən bu gün bəyan edirəm ki, Azərbaycan neftinin, Xəzər neftinin dünya bazarlarına çıxarıl-ması üçün çox böyük əhəmiyyət daşıyan Bakı–Ceyhan neft kəməri tikilməlidir, istifadəyə verilməlidir”. 1999-cu il noyabr ayının 18-də İstanbulun “Çırağan” sarayında “Xam neftin Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının əraziləri ilə Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası ara¬sında saziş” imzalanıb. Bununla da, BTC layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradılıb.
2002-ci il sentyabrın 18-də Səngəçalda Bakı-Tbilisi-Ceyhan kəmərinin təməli qoyulub. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutub. 2005-ci ilin mayında kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin istifadəyə verilməsi mərasimi keçirilib və boru xəttinə ilk neft vurulub. Həmin ilin oktyabrında isə kəmərin Gürcüstan hissəsi istifadəyə verilib.. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatıb. İyulun 4-də buradan xam neftlə yüklənmiş ilk tanker yola salınıb. Həmin ayın 13-də isə Türkiyənin Ceyhan şəhərində BTC-nin təntənəli açılış mərasi¬mi keçirilib.
Bəli, BTC Azərbaycanla yanaşı, bir sıra ölkələrin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verməkdə davam edir. Təkcə onu qeyd etmək kifayətdir ki, 1768 kilometr uzunluğunda olan bu kəmər ilə 2025-ci ilin birinci rübünün sonunadək ümumilikdə, 598 milyon ton (4,5 milyard bareldən çox) xam neft nəql olunub. Həmin neft həcmləri Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanında 5932 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.
Qvami Məhəbbətoğlu, “İki sahil”