05 iyul 2025 17:40
137

FAO iyun ayı üçün ərzaq qiymətlərinin indeksini açıqlayıb

Bu ilin iyun ayında Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksi orta hesabla 128 bənd olub ki, bu da may ayı ilə müqayisədə 0,5 bənd çoxdur.

“İki sahil” FAO-ya istinadən xəbər verir ki, sözügedən indeks beynəlxalq bazarlarda ticarət olunan əsas qida məhsullarının qiymətindəki aylıq dəyişiklikləri izləyir və bir il əvvələ nisbətən 5,8 bənd yüksək olsa da, 2022-ci ilin mart ayında qeydə alınmış pik səviyyədən xeyli aşağı qalır.

Ötən ay dünyada dənli bitkilərin və şəkər məhsullarının qiymətləri azalsa da, süd məhsulları, ət və bitki yağlarının qiymətləri artıb. Beləliklə, ay ərzində

FAO-nun Dənli Bitkilər Qiymət İndeks 1,5 bənd azalıb. Argentina və Braziliyada bol məhsul səbəbindən dünya qarğıdalı qiymətləri ikinci ay kəskin şəkildə düşüb. Bununla yanaşı, arpa qiymətləri də azalıb. Əksinə, buğda qiymətləri Avropa İttifaqı, Rusiya və ABŞ-ın bəzi bölgələrində hava ilə bağlı narahatlıqlar səbəbilə artıb. Beynəlxalq düyü qiymətləri, əsasən İndika növlərində tələb zəiflədiyi üçün bir qədər aşağı düşüb.

FAO-nun Bitki Yağları Qiymət İndeksi isə 2,3 bənd artıb. Ən çox artım palma, soya və raps yağı qiymətlərində müşahidə olunub. Beynəlxalq palma yağı qiymətləri güclü qlobal tələbat səbəbindən təxminən 5 % yüksəlib. Soya yağı qiymətləri isə Braziliya və ABŞ-da bioyanacağa tələbatın artacağı gözləntiləri və Cənubi Amerikada soya paxlası qiymətlərinin yüksəlməsi səbəbilə artıb. Raps yağı qiymətləri də dünya üzrə təchizatda gözlənilən azalma fonunda yüksəlib. Günəbaxan yağı qiymətləri isə Qara Dəniz regionunda məhsuldarlığın artacağı proqnozları səbəbindən bir qədər azalıb.

FAO-nun Ət Qiymət İndeksi isə 2,1 bənd artaraq tarixdə ən yüksək səviyyəyə çatıb. Dünyada iribuynuzlu, donuz və qoyun ətinin qiymətləri artıb, lakin toyuq əti qiymətləri enməkdə davam edib.

FAO-nun Süd Məhsulları Qiymət İndeksi isə 0,5 bənd artıb. Xüsusilə Asiya ölkələrindən güclü tələbat və Okeaniya ilə Avropa İttifaqında təchizatın məhdud olması səbəbilə kərə yağı qiymətləri rekord səviyyəyə yüksəlib. Pendirin qiymətləri ardıcıl üçüncü ayda da artıb. Amma quru süd (yağlı və yağsız süd tozları) qiymətləri qlobal tələbin zəifləməsi və kifayət qədər təchizat səbəbindən aşağı düşüb.

FAO-nun Şəkər Qiymət İndeksi isə 5,2 bənd azalaraq ardıcıl dördüncü ay enib və 2021-ci ilin aprel ayından bəri ən aşağı səviyyəyə düşüb. Bu azalma Braziliya, Hindistan və Tailandda hava şəraitinin əlverişli olması və əkiləcək sahələrin genişlənməsi nəticəsində yüksək məhsuldarlıq proqnozları ilə əlaqədardır.

FAO 2025/26-cı il mövsümünə dair yeni məhsul proqnozlarını əks etdirən Dənli Bitkilərin Təchizatı və Tələbatına dair yeni icmal dərc edib. Son proqnoza əsasən, 2025-ci ildə qlobal dənli bitki istehsalının 2 925 milyon tona çatacağı gözlənilir. Bu, əvvəlki ayla müqayisədə 0,5 %, 2024-cü illə müqayisədə isə 2,3 % artım deməkdir. Artıma səbəb buğda, qarğıdalı və düyü üzrə gözləntilərin yaxşılaşmasıdır. Lakin bəzi əsas istehsal regionlarında isti və quraq hava şəraiti, xüsusilə qarğıdalı üçün məhsuldarlığa mənfi təsir göstərə bilər.

Buğda istehsalının 805,3 milyon tona çatacağı proqnozlaşdırılır ki, bu da Hindistan və Pakistanda məhsuldarlığın gözləniləndən yüksək olması ilə bağlıdır. Qarğıdalı istehsalı Braziliyada əlverişli hava şəraiti və Hindistanda əkiləcək sahənin artması hesabına artacaq. Ukrayna və Aİ-də isə quraqlıq və azalmış əkin sahələrinə görə istehsalda azalma gözlənilir.

Qlobal düyü istehsalının (təmizlənmiş halda) 555,6 milyon tonla rekord səviyyəyə çatacağı proqnozlaşdırılır. Hindistan, Banqladeş, Pakistan və Vyetnamda artım proqnozlarına baxmayaraq, İraq və ABŞ-da istehsalda azalma gözlənilir.

2025/26-cı il mövsümündə dünya üzrə dənli bitkilərin istifadəsi 2 900 milyon ton səviyyəsində proqnozlaşdırılır ki, bu da əvvəlki mövsümlə müqayisədə 0,8 % artım deməkdir. Xüsusilə iri dənli bitkilərin istifadəsi artacağı gözlənilir. Buğda istifadəsi üzrə proqnoz bir qədər azaldılıb. Düyü istehlakı isə ərzaq tələbatının artması və Hindistanda davam edən etanol istehsalı ilə artmağa davam edəcək.

Mövsümün sonunda dünya üzrə dənli bitki ehtiyatlarının 889,1 milyon tona çatacağı və açılış səviyyələrindən 2,2 % yüksək olacağı proqnozlaşdırılır. Bu isə 30,3 %-lik ehtiyat-istehlak nisbətinə uyğun gəlir ki, bu da nisbətən rahat təchizat durumuna işarə edir.

2025/26-cı il mövsümündə qlobal dənli bitki ticarətinin 486,9 milyon tona çatacağı proqnozlaşdırılır. Buğda və düyü ixracatında artım gözlənilir, düyü ticarəti isə 60,8 milyon tonla rekord səviyyəyə çata bilər. Qarğıdalı ticarəti isə bir qədər azalacaq. Arpa və sorqo ticarətində isə artım gözlənilir.