05 iyul 2025 00:47
119

Dünyanın diqqəti Qarabağda

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Azərbaycanı qlobal iqtisadi dialoqa bağlayan növbəti uğurlu platforma, regional iqtisadi inteqrasiyanın yeni mərhələsidir

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır (ECO). Hökumətlərarası təşkilat kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan təşkilat 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısıdır. 1992-ci il noyabrın 28-də daha 7 ölkənin - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın da daxil olması ilə İƏT üzvlərinin sayı 10-a çatdı. Təşkilatın genişlənməsini rəsmiləşdirən həmin gün qurumun təqvimində “ECO günü” kimi qeyd olunur. Təşkilatın kənd təsərrüfatı sahəsi; sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir. 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında ECO BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransında müşahidəçi statusu alıb.

Azərbaycan öz növbəsində hər zaman ECO-nun fəaliyyətinə böyük önəm vermişdir. Təşkilatın uğurlu fəaliyyəti, əlbəttə ki, bütün üzv ölkələrin marağındadır. Çünki üzv dövlətləri həm ortaq tarix, həm də iqtisadi və siyasi maraqlar birləşdirir. Dövlətimiz ECO üzvü olaraq bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslərlə çıxış etmişdir. Ölkəmiz 2006 və 2012-ci illərdə ECO Zirvə toplantılarına ev sahibliyi etmiş, bu tədbirlərdə qəbul olunmuş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri, istiqamətləri öz əksini tapmışdır. Təşkilata üzv dövlətlər 2020-ci ilə qədər mövcud olan Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə konkret münasibət bildirmiş, beynəlxalq normalara qarşı çıxaraq Azərbaycanın ərazi bütövlüyünü pozan Ermənistana tənqidi yanaşmış və ölkəmizin maraqlarını haqlı olaraq müdafiə etmişlər. 2021-ci ilin mart ayında ECO-nun Türkiyənin sədrliyi ilə video-konfrans vasitəsilə keçirilmiş XIV Zirvə Görüşündə Mərkəzin nizamnaməsi imzalanıb.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəsi regionda yeni geosiyasi reallıq yaradıb. Bu reallıq ECO çərçivəsində əməkdaşlıq üçün də yeni perspektivlər açır. 2021-ci il noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında Prezident İlham Əliyevin iştirakı yeni reallıqlar fonunda xüsusi əhəmiyyət daşıyırdı. ECO-nun Aşqabadda keçirilən Zirvə görüşünü ölkəmiz üçün olduqca uğurlu qiymətləndirmək olar. Zirvə görüşündə qəbul edilmiş "Aşqabad fəaliyyət konsensusu" adlı yekun Bəyannamədə Azərbaycanın maraqlarını müdafiə edən müddəalar yer alır. Bu, Azərbaycanın postmünaqişə dövründə regional əməkdaşlığa və inteqrasiyaya verdiyi önəmin, eləcə də onun təşəbbüslərinin ECO tərəfindən dəstəkləndiyinin göstəricisidir.

İyulun 4-də isə Azərbaycanda, Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir. Bu tədbir ölkəmizin qurum çərçivəsində artan rolunun və fəallığının təsdiqidir. Bu mühüm tədbirin Azərbaycanda baş tutması ölkəmizin Təşkilat daxilində təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir. Bu tədbir Azərbaycanın regional inteqrasiya proseslərində fəal iştirakını daha da gücləndirməklə yanaşı, ölkənin beynəlxalq miqyasda diplomatik və iqtisadi mövqeyinin möhkəmlənməsinə də mühüm töhfə verəcək. Eyni zamanda, Azərbaycanın təklif etdiyi yeni əməkdaşlıq formatlarının və layihələrin ECO məkanında həyata keçirilməsi üçün əlverişli imkanlar formalaşacaq. Xankəndidə keçirilən Zirvə Azərbaycanın ECO-da təşəbbüskar mövqeyə malik olduğunu və regional əməkdaşlığa verdiyi praktiki töhfələrin yüksək dəyərləndirildiyini bir daha sübut edir. İllərlə işğal və separatizmin qaranlığında qalmış Xankəndi indi əməkdaşlıq və sabitlik gündəminin mərkəzinə çevrilir. Azərbaycanın irəli sürdüyü yeni diplomatik strategiya - sülh vasitəsilə inkişaf və infrastrukturla diplomatiya - Xankəndidə reallığa çevrilir. Qarabağda Özbəkistan tərəfindən tikilmiş məktəb, Bakıda salınacaq “Özbəkistan parkı” və səfirlik binası bunun nümunələridir. Azərbaycanın təklif etdiyi “3+3” əməkdaşlıq formatı da ECO regionu üçün yeni imkanlar açır. Azərbaycanın Qarabağda apardığı bərpa-quruculuq işləri - yaşıl enerji zonaları, “ağıllı şəhər”lər, ekoloji layihələr - bu zirvənin ruhuna tam uyğundur. Sammitdə iştirak edən 13 üzv ölkənin dövlət və hökumət başçıları bu prosesə daha sıx cəlb olunur. Artıq Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan bölgənin bərpasına konkret töhfələr veriblər. Zirvə isə bu əməkdaşlığı daha da genişləndirmək üçün əlverişli platformadır.

ECO-nun Təmiz Enerji Mərkəzi Azərbaycanda yerləşir və regionda enerji transformasiyasını təşviq edir. Prezident İlham Əliyev “yaşıl enerji”ni ölkənin əsas prioritetlərindən biri elan edib və Xankəndidə də bunun əyani nümunələri yaradılır. Qarabağın yaşıl enerji potensialı çox yüksəkdir və artıq “ağıllı şəhər” layihələri həyata keçirilir. Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfələr arasında nəqliyyat və logistika layihələri xüsusi əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt limanı regionu daha da yaxınlaşdırır. İƏT-in “2025-ci ilə qədər Perspektivləri” sənədində də məhz Azərbaycanın təşəbbüsü ilə irəli sürülən nəqliyyat və enerji layihələri ön plana çıxarılır.

Şübhəsiz ki, bu tədbir də Azərbaycanın yüksək səviyyədə həyata keçirdiyi tədbirlərdən biri olacaq. Sammit göstərəcək ki, Qarabağ artıq münaqişə zonası deyil, sülh, dayanıqlı inkişaf və iqtisadi əməkdaşlıq üçün bir platformadır. Və ən əsası, burada milyonların taleyinə təsir edəcək qərarlar qəbul olunacaq. Geniş mənada, Xankəndi Sammiti Azərbaycanın beynəlxalq subyektivliyini daha da möhkəmləndirəcək.

Sevinc Azadi, “İki sahil”