04 iyul 2025 13:02
142

Azərbaycan-Özbəkistan münasibətlərində yeni səhifə

Azərbaycan ilə Özbəkistan qədim tarixə, ortaq köklərə və mədəni dəyərlərə malik olan iki dost və qardaş ölkədir. Hər iki dövlət müstəqillik əldə etdikdən sonra münasibətlərini daim qarşılıqlı hörmət, dəstək və əməkdaşlıq prinsipləri əsasında qurmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri də bu münasibətlərin daha da möhkəmləndirilməsi və yeni inkişaf mərhələsinə yüksəldilməsi baxımından mühüm hadisə olmuşdur.

Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı onu böyük hörmət və səmimiyyətlə qarşılayan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iki ölkə arasında dostluğun və strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bir daha vurğulamışdır. Səfər çərçivəsində keçirilən görüş və danışıqlarda iqtisadi, siyasi, humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzusu olmuşdur.

Prezidentlər arasında aparılan danışıqlar nəticəsində bir sıra mühüm sənədlər imzalanmışdır. Bunlara ticarət dövriyyəsinin artırılması, sənaye kooperasiyası, nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi, enerji sahəsində ortaq layihələrin həyata keçirilməsi və kənd təsərrüfatında təcrübə mübadiləsi daxildir. Xüsusi ilə iki ölkənin beynəlxalq və regional  təşkilatlarda bir-birini dəstəkləməsi məsələləri də diqqət mərkəzində olmuşdur.

Səfər zamanı Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev ortaq tarixi-mədəni irsin qorunub saxlanılması, mədəniyyət sahəsində əməkdaşlığın inkişaf bağlarının daha da güclənməsinə xidmət edir.

Səfərin nəticələri göstərdi ki, Azərbaycan və Özbəkistan yalnız iqtisadi tərəfdaş deyil, həm də regional sabitlik və inkişaf üçün birlikdə çalışan iki dost dövlətdir. Prezident İlham Əliyevin bu səfəri əlaqələrin daha da dərinləşməsinə, yeni perspektivlərin açılmasına imkan yaratdı.

Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri Azərbaycan-Özbəkistan münasibətlərində yeni bir səhifə açdı. Bu səfər təkcə dövlətlərarası əlaqələrin deyil, həm də xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha da güclənməsinə xidmət etdi. Gələcəkdə də bu münasibətlərin daha da inkişaf edəcəyi və hər iki xalqın rifahına töhfə verəcəyi şübhəsizdir.

Əntiqə Məmmədova,
Xətai rayonu, Ə.Abbasov adına 257 nömrəli tam orta məktəbin müəllimi