03 iyul 2025 22:12
169

Milli Kitabxanada “Naxçıvan. Biblioqrafiya” kitabının təqdimatı olub - FOTO

İyulun 3-də “Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamına müvafiq olaraq Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Naxçıvan. Biblioqrafiya” kitabının təqdimatı keçirilib.

“İki sahil” xəbər verir ki,  bu barədə Milli Kitabxanadan məlumat verilib.

Bildirilib ki, tədbirdə Milli Kitabxananın direktoru professor Kərim Tahirov çıxış edərək Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası (MR) haqqında nəşr olunmuş biblioqrafiyanın ölkəmizin bu qədim diyarı haqqında ilk fundamental biblioqrafiya kitabı olduğunu diqqətinə çatdırıb.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında 100 illik dövrü və 10 mindən artıq mənbəni əhatə edən biblioqrafik nəşrin Naxçıvanın və Azərbaycanın tarixi, mədəniyyəti haqqında tədqiqat aparan hər kəs üçün vacib elmi mənbə rolunu oynayacağını söyləyərək bu münasibətlə Milli Kitabxananın kollektivini təbrik edib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bu biblioqrafiyanın sanballı, mükəmməl və professional şəkildə hazırlandığını vurğulayıb. Bu kitabı Azərbaycan elminə və mədəniyyətinə dəyərli hədiyyə kimi qiymətləndirən akademik onun Milli Kitabxananın bu günədək nəşr etdiyi biblioqrafiyaların ən sanballısı və geniş əhatəlisi olduğunu xüsusi vurğulayıb.

Tədbirdə Milli Məclisin deputatları Fazil Mustafa, Vüqar Rəhimzadə, Asif Əsgərov, Azərbaycanda Atatürk mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Naxçıvan Muxtar Respublikasının Bakı nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Mətbuat Şurasının sədri Rəşad Məcid, YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru professor Afət Abbasova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin kafedra müdiri, dosent Nadir İsmayılov və başqaları çıxış edərək Naxçıvanın Azərbaycanın qədim dövlətçilik tarixində, milli kimliyimizin qorunmasında oynadığı mühüm rolundan ətraflı bəhs edərək “Naxçıvan. Biblioqrafiya” kitabının elmi, siyasi əhəmiyyətindən, mənəvi dəyərindən söhbət açıblar. Biblioqrafiya kitabının elmi-mədəni ictimai fikir tariximizdə unudulmaz, müstəsna tarixi hadisə olduğunu söyləyiblər.

Sonra Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Naxçıvan Muxtar Respublikası-100” adlı elektron məlumat bazasının təqdimatı olub. Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Naxchivan-100/index.html linkindən istifadə edə bilərlər.

Qeyd edək ki, Naxçıvan MR-in yaranmasının 100 illiyi münasibətilə tərtib olunmuş ilk fundamental biblioqrafiyada muxtar respublikanın tarixi, iqtisadiyyatı, kənd təsərrüfatı, təbii sərvətləri, sosial-siyasi mühiti, təhsil və səhiyyə sahəsi, mədəniyyəti, ədəbiyyatı və b. mövzularda kitablar, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapıb.