Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə iyulun 4-dən 6-dək növbəti musiqi bayramı – Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşacaq musiqi festivalında Türkiyə və Çin Xalq Respublikasının, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivləri, istedadlı musiqiçilər iştirak edəcəklər. Üç gün davam edəcək festival çərçivəsində tamaşaçılara Azərbaycan və dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim olunacaq.
“İki sahil” xəbər verir ki, Şəkidə festivala hazırlıq işləri artıq başa çatıb, tədbirlərin keçiriləcəyi tarixi məkanlar, konsert zalları hazır vəziyyətə gətirilib.
Şəki Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı iyulun 4-də “Yuxarı Karvansaray” mehmanxana kompleksində Azərbaycanda yaşayan azsaylı xalqlardan ibarət xor, mahnı və rəqs kollektivlərinin konserti ilə başlayacaq. Həmin gün axşam “Marxal” kompleksinin Yay Teatrında Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək. Rəsmi hissədən sonra Türkiyənin Sivas Folklor Təhsil Mərkəzi Xalq Musiqisi və Xalq Rəqsləri Birliyinin konserti təqdim ediləcək.
İyulun 5-də günün birinci yarısında Şəki Musiqi Kollecində Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş kollecin müəllim və tələbələrinin, həmçinin gənc pianoçu Kamal Axundovun iştirakı ilə konsert olacaq. Həmin gün axşam “Marxal” kompleksinin Yay Teatrında festival iştirakçılarına Cahangir Cahangirov adına Xor kollektivinin konserti təqdim ediləcək.
İyulun 6-da “Yuxarı Karvansaray” mehmanxana kompleksində “Şəhər Günü” bayram tədbiri keçiriləcək. Həmin gün festival iştirakçıları, həmçinin Heydər Əliyev Mərkəzində Çin Xalq Respublikasının Şimal-Qərb Pedaqoji Universitetinin yetirmələrinin konsertinə tamaşa edəcəklər. Axşam isə “Marxal” kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi keçiriləcək. Mərasimdə Dövlət Sərhəd Xidmətinin Nümunəvi-Hərbi Orkestri konsert proqramı ilə çıxış edəcək. Konsert Vətən müharibəsindəki şanlı Zəfərimizin 5 illiyinə həsr ediləcək.